25 
Sen
2022
19:37
32
165
3501
Virtual karabakh

Ələsgər Ələkbərovun Tarkana nə dəxli var?

25 Sen, 2022
19:37
3501

Ələsgər Ələkbərovun Tarkana nə dəxli var?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qan Turalı yazır…

20 il əvvəl kimsə əlində bir dəmir, danışa-danışa getsəydi, ona dəli kimi baxardılar. Bir rus yazıçısına aid olan bu fikir əslində müasir dövrün ruhunu da ifadə edir. Bəli, indi hər kəsin əlində dəmir var. Ancaq heç kimə dəli kimi baxan yoxdur. Çünki hər şey adiləşib.

Umberto Eko isə əsl qüdrətin, gücün, hökmranlığın telefonda yox telefonsuzluqda olduğunu bildirirdi. Yəni, telefonsuz adamın heç kimə ehtiyacı yoxdur. O, heç kimdən asılı deyil və əsl güc də telefonsuz gəzməyi bacarmaqdır. Bu, ideal vəziyyətdir.

Ancaq telefonların həyatımızı dəyişdirdiyi də bir gerçəkdir. Telefonsuz qədim və gözəl günlərdə insanların çoxu ölkədə nə baş verdiyi ilə bağlı xəbərləri məhdud formada alırdı. Qəzetlərin tirajları az idi və TV informasiya təminatında mühüm rol oynayırdı. İndi isə qəzetlər, televiziyalar az qala sosial medianın əlavəsinə çevriliblər. İnsanların informasiya təminatı güclənib, ancaq “feyk nyus”lar da, uydurmalar da həndəsi silsilə ilə artmaqdadır.

Mövcud vəziyyət isə öz şərtlərini diqtə edərək yeni bir reallıq yaradır. Artıq heç bir şey əvvəlki kimi deyil, texnologiya dünyanın çöhrəsini misilsiz dərəcədə dəyişmişdir. Geriyə yol qalmayıb.

Sovet zamanında ölkəmizdə bir filmə bəzən bir milyon adam baxırdı. İndi isə bu rəqəmin 10 faizi qədər bilet satana qəhrəman kimi baxırlar. Halbuki, əhalinin sayı da milyonlarla artıb. Kimsə deyə bilər ki, kinoteatrlar əvvəlki qədər deyil. Sözsüz ki, bu sözlərdə bir nisbi həqiqət də var. Ancaq əsl həqiqət isə budur ki, güclü maraq olsaydı, kinoteatr işi biznes strukturlarını da maraqlandırardı.

Türkiyədə də anoloji proseslər baş verir. Türkan Şoray qədər populyar bir aktrisa bu gün varmı? Eləcə də dünyada da oxşar proseslər baş verir.

Bunun səbəbləri haqda çox şey demək olar. Ancaq əvvəlcə görkəmli Azərbaycan aktyoru Ələsgər Ələkbərovla baş verənləri xatırlayaq. Sağlığında çox ali bir şöhrətə malik olan Ələkbərov filmlərə xəsisliklə çəkilirdi və TV-yə çıxmırdı. O dövrün başqa bir məşhur aktyoru Əli Zeynalov xatirələrində televiziyada şeir dediyi üçün Ələsgər müəllimin ona əsəbiləşdiyini yazırdı. (Əslində isə şeiri deyən Əli Zeynalov yox, onu yamsılayan başqa bir aktyor imiş – müəllif).

Belə misallardan çox çəkmək olar. Bəs səbəb nə idi? Bu və bu kimi görkəmli sənətkarlar kölgəyə çəkilməyi, daha doğrusu, ancaq və ancaq öz sənətləri ilə gündəmə gəlməyi sevirdilər. Çünki köhnəlməkdən, adiləşməkdən qorxurdular. Bir aktyor üçün köhnəlmiş üzdən daha faciəvi aqibət yoxdur.

Ələsgər Ələkbərov Ədil İsgəndərovun quruluş verdiyi “Vaqif” dramında 1000 dəfədən artıq oynamışdı. Hər tamaşaya 300 adam baxsa, bu, 300 min tamaşaçı edir. İndilərdə heç bir filmə o qədər adam bilet alıb baxmır. Şəksiz ki, bu uğurun çox səbəbi var. Ancaq heç şübhəsiz ki, bir səbəbi də Ələsgər Ələkbərovun cari şöhrət arxasına düşməməsi idi.

Türkiyənin meqastarı Tarkan heç zaman efirə çıxmır və bu imtinasının səbəbini belə izah edir: “Mənim işim mahnı oxumaqdır”. Ancaq mahnı oxuyur. Efirə çıxıb digərləri kimi Konqonun daxili siyasətindən başlayıb, ideal ailə modelləri haqda danışmır. Qədim məsəldə deyildiyi kimi, daş yerində ağırdır.

Endi Varhol deyirdi ki, bir gün hamı beş dəqiqəlik məşhur olacaq. Sənətkar bu sözləri deyəndə sosial media, internet, “İnstagram” yox idi. İndi onun dediyi dövrdə yaşayırıq. Ancaq məşhurlar daha çox məşhur olmağa can atır. TV azmış kimi, hara gedirsə, şəkil paylaşır, canlı yayım açır, pişik görən kimi şəklini çəkir, ağac görəndə selfi çəkdirir, şəlalə görəndə mayallaq aşır...

Ulduzlar haqqında daha çox məlumat, daha çox foto, daha çox selfi tələb edilir, ancaq ulduz bütün bunların sonunu görməyərək bir gün köhnəlib dəbdən düşəcəyini də hesablaya bilmir. Və bu zaman kütlə özü üçün yeni və müvəqqəti kumirlər axtarmağa başlayır.

İnsan acında yox, toxluqdan ölür.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri