29 
Sen
2022
17:06
11
227
2134
Virtual karabakh

Qələm əvəzinə bıçaq gəzdirənlər: Məktəblərin təhlükəsizliyi necə təmin olunmalıdır? - ARAŞDIRMA + FOTO

29 Sen, 2022
17:06
2134

Qələm əvəzinə bıçaq gəzdirənlər: Məktəblərin təhlükəsizliyi necə təmin olunmalıdır? - ARAŞDIRMA + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Artıq ölkədə dərs ili başlayıb və tədris ocaqlarında da problemlər gündəmə gəlib. Bir neçə gün əvvəl Abşeron rayonu, Xırdalan şəhəri 7 saylı orta məktəbdə şagird sinif yoldaşını bıçaqlayıb. 20 yaşlı bir qadın isə Binəqədi qəsəbəsindəki 179 saylı tam orta məktəbin qarşısında dayanmaqla 7-8-ci sinif şagirdlərinə narkotik maddəni əvvəlcə konfet adıyla pulsuz verib, onlarda asılılıq yarandıqda isə hər bir həbi 15-20 manata satıb.

Şagirdin təhsil ocağına bıçaq gətirməsi, yaxud narkotik aludəçisinə çevrilməsi ona əsas verir ki, orada təhlükəsizlik qaydalarına tam riayət edilmir. Təbii ki, məktəblərin mühafizəsinin təşkili valideynləri ciddi narahat edir. Hazırda bəzi məktəblərin əksəriyyəti texniki işçilər, polis əməkdaşları tərəfindən mühafizə olunur. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, bütün təhsil müəssisələrinin mühafizəsi və təhlükəsizliyin təmin edilməsi polis əməkdaşları tərəfindən tam təmin edilir:

“Bununla yanaşı təhsil müəssisələrinin kollektivinin daxili qərarı ilə məktəbin mühafizəsinə ayrıca polis əməkdaşının cəlb olunması üçün DİN-in Baş Mühafizə İdarəsinə müraciət edə bilər. Praktikada belə təhsil müəssisələrinin olduğuna rast gəlinir. Bu zaman təhsil müəssisəsi ilə Baş Mühafizə İdarəsi arasında müqavilə imzalanır. Həmin müqaviləyə əsasən, təhsil müəssisəsi ödəniş edir və məktəb Mühafizə İdarəsinin əməkdaşı tərəfindən günün 24 saatı mühafizə edilir. Amma bu o demək deyil ki, Mühafizə İdarəsi ilə müqavilə bağlamayan təhsil müəssisələrində təhlükəsizlik təmin edilmir”.

DİN rəsmisi əlavə edib ki, bütün təhsil müəssisələri, məktəblərə aparan yollar ərazi üzrə sahə müvəkkilləri, post patrul və yol patrul xidməti əməkdaşları tərəfindən daim nəzarətdə saxlanılır:

“Xüsusən şagirdlərin məktəbə gəlməsi və dərslərin bitdiyi saatlarda təhlükəsizlik tədbirləri daha da gücləndirilir. Hər gün polis əməkdaşları təhsil müəssisələrinin ətrafında nəzarəti tam təmin edirlər. Eyni zamanda, “Təhlükəsiz şəhər” kameraları vasitəsilə də nəzarət təmin edilir”.

Təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, Abşeron rayonu, Xırdalan şəhər 7 saylı məktəbdə şagirdlər arasında mübahisə zəminində baş verən bıçaqlanma hadisəsi son zamanlar məktəblərimizdə qeydə alınan birinci hadisə deyil:

“Bir müddət əvvəl belə xoşagəlməz hadisənin Bakının Suraxanı rayonunda, Xəzər rayonunun Binə qəsəbəsində, Siyəzən rayonunda orta məktəblərinin birində də baş verməsi barədə məlumatlar yayılmışdı. Bununla belə, bir neçə faktın qeydə alınması bu kimi halların baş verməsinin kütləvi hal alması və bunun bilavasitə məktəblə əlaqələndirilməsi barədə nəticə çıxarmağa əsas verə bilməz. 

Məktəb, əgər belə demək mümkündürsə, cəmiyyətin bir parçası, onun tərkib hissəsidir. Cəmiyyətdə baş verən proseslər məktəbə də təsirsiz ötüşmür. Sosial mühitin yeniyetmələrə, gənclərə təsiri valideyn və məktəbin təsir gücünü üstələyib. Bugünkü uşaqlar əsas vaxtlarını ailədən və məktəbdən daha çox, virtual məkanda keçirməyə üstünlük verirlər.

Məktəblərdə mübahisəli vəziyyətlərin yaranması, şagirdlərin bıçağa əl atması kimi xoşagəlməz hallar, əsasən, ailələrdə uşaqlara düzgün tərbiyə verilməməsindən qaynaqlanır. Bir çox valideynlər uşaqlarının öhdəsindən gələ bilmədiklərini açıq-aşkar etiraf edir və övladlarının tərbiyəsində bütün məsuliyyəti məktəbin üzərinə qoymaqdan belə, çəkinmirlər”.

O qeyd edib ki, bütün bu kimi səbəblər heç də məktəbi qanunvericiliklə onun üzərinə düşən vəzifələrdən sığortalamır:

“Məktəblərdə bıçaqlanma, kütləvi dava, narkotik vasitələrdən istifadə olunması, şagirdlərin müəllimlər tərəfindən döyülməsi, məktəblilərin intihar etməsi və s. bu kimi hallar sırf müəllimlərin problemi olmasa da, təhsil ocağında nizam-intizam yüksəldilməli və tərbiyə işinin yeni müstəviyə qaldırılması kimi məsələlərin həlli istiqamətində iş gücləndirilməlidir. Məktəb-valideyn münasibətlərinin daha optimal formaları barədə düşünülməlidir”.

Öyrəndik ki, məktəblərdə mühafizə xidməti üçün bir nəfər mühafizəçiyə ayda 600-800 manat ödənilməlidir. Bu cür məkanlara isə növbəlilik əsasında üç nəfər xidmət etməlidir. 

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev isə saytımıza bildirib ki, məktəblərdə təhlükəsizlik məsələsinə həssas yanaşılmalıdır:

“Orada təhsil alan şagirdlərin yaşları nəzərə alınmalıdır. Çünki onlar təhlükə anında düzgün davranış sərgiləyə bilməzlər. Hesab edirəm ki, məktəblərdə təhlükəsizliklə bağlı ümumi bir konsepsiya olmalıdır. Həmin konsepsiyaya uyğun təhlükəsizlik təmin edilməlidir. Xüsusi məktəblərdə bu sistemlər var və təhlükəsizliyə ciddi riayət edilir”.

O qeyd edib ki, istənilən məktəb rəhbərliyi təhlükəsizlik üçün DİN-in Baş Mühafizə İdarəsi ilə müqavilə imzalaya bilər:

“Ümumiyyətlə, məktəblərdə daxili rejim yaradılmalıdır. Gündəlik inzibati işçilərdən növbətçilər təyin edilməli, yaxud mühafizə idarəsi, şirkətlərlə əlaqə yaradılmalıdır. Nəticədə təhsil ocağında təhlükə olan zaman yaxınlıqdakı polis bölməsi məlumat alacaq. Burada uşaqların fövqəladə vəziyyətdə, ərazidə şübhəli şəxslər gördükdə nə etməli olması da önəmlidir. Bu zaman baş verə biləcək halların qarşısı zamanında alınacaq”.

Ekspert əlavə edib ki, məktəblərdə dərs başlamadan əvvəl yoxlama aparılmalıdır:

“Şagirdlərin məktəbə bıçaq gətirmələri, narkotik satılması kimi hallar təhlükəli vəziyyətdir. Bunun qarşısını almaq üçün təhlükəsizliyə xüsusi diqqət edilməsi çox vacibdir”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri