29 
Sen
2022
17:46
51
127
1907
Virtual karabakh

Səhiyyə sistemində atılan yeni addımlar: Quba Rayon Mərkəzi Xəstəxanasından REPORTAJ + FOTO

29 Sen, 2022
17:46
1907

Səhiyyə sistemində atılan yeni addımlar: Quba Rayon Mərkəzi Xəstəxanasından REPORTAJ + FOTO

Son on il ərzində səhiyyə sistemində ciddi addımlar atılıb, yeni layihələr həyata keçirilib. 

Oxu.Az xəbər verir ki, jurnalistlərin regionlarda tikilən xəstəxanalar və yaradılan şəraitlə, dövlət tibb müəssisələrində icbari tibbi sığorta sisteminin tətbiqi ilə tanış olmaları və pasiyentlərin sığorta sistemindən istifadəsi prosesini izləmələri üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in təşkilatçılığı ilə Quba Rayon Mərkəzi Xəstəxanasına mediatur təşkil edilib.

2019-cu ilin oktyabr ayında ölkə başçısının iştirakı ilə əhalinin istifadəsinə verilən Quba Rayon Mərkəzi Xəstəxanasında bu gün ən son tibbi avadanlıqlar, dördüncü nəsil cihazlarla təchiz edilmiş laboratoriya və cərrahiyyə otaqları fəaliyyət göstərir.

Səfər çərçivəsində media nümayəndələri Quba Rayon Mərkəzi Xəstəxanası, Quba Müalicə-Diaqnostika Mərkəzi və Quba Regional Perinatal Mərkəzdə olublar. 

Agentliyin Tibbi Planlama Departamentinin rəhbəri Hikmət İbrahimli media nümayəndələrinə bildirib ki, müasir səhiyyə infrastrukturunun mövcudluğu və kadr təminatı icbari tibbi sığortanın uğurlu tətbiqini şərtləndirən əsas amillərdəndir: 

“İcbari tibbi sığortanın hədəflədiyi istiqamətlərdən biri də əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini və əlçatanlığını artırmaqdır. Keyfiyyətli tibbi xidmətin göstərilməsi səhiyyə infrastrukturu və kadr təminatı ilə bağlıdır. Ölkə başçısının tapşırığı ilə Quba ilə yanaşı, respublikanın digər bölgələrində də müasir yeni avadanlıqlarla təchiz edilmiş xəstəxanalar inşa olunub və ya əsaslı şəkildə təmir edilib. Sevindirici haldır ki, Quba Rayon Mərkəzi Xəstəxanasında yaradılan bu şərait, yüksək ixtisaslı kadrların olması şimal bölgəsinin əhalisinə icbari tibbi sığorta çərçivəsində keyfiyyətli tibbi xidmətlərin göstərilməsinə imkan verir”.

H.İbrahimlinin sözlərinə görə, Quba rayonunda icbari tibbi sığorta tətbiq olunmağa başlayandan sonra müraciətlərin sayı kəskin çoxalıb:

“Əvvəlki illərlə müqayisədə müraciətlərin sayı bir neçə dəfə artıb. Məsələn, 2019-cu ildə ambulator tibbi xidmət üçün 44 810 müraciət daxil olmuşdusa, 2020-ci ildə müraciətlərin sayı 147 903-ə yüksəlib. Son üç il ərzində xəstəxanaya 470 045 müraciət daxil olub. Ümumilikdə 1 474 148 ambulator, 47 241 stasionar xidmət göstərilib. Son üç il ərzində 14 211 cərrahi əməliyyat icra olunub”.

Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru Əliyar Sərvərov isə qeyd edib ki, rayon ərazisində dörd Ailə-Sağlamlıq Mərkəzi, 18 kənd həkim məntəqəsi və 92 kənd tibb məntəqəsi ilkin tibbi-sanitariya yardımı üzrə fəaliyyət göstərir:

“Quba rayonunda icbari tibbi sığortanın tətbiqinə 2020-ci ildən başlanılıb. Sistemin tətbiqi ilə əlaqədar olaraq tibb müəssisəsinin inzibati strukturuna dəyişiklik edilərək yenidən qurulub. İlkin tibbi-sanitariya yardımının gücləndirilməsi və icbari tibbi sığortanın tətbiqini effektiv təmin etmək məqsədi ilə xəstəxananın tərkibində Ailə-Sağlamlıq Mərkəzləri, Sığortanın Təşkili və İnnovasiya, Xəstə Xidmətləri şöbələri yaradılıb. Təcili yardımın keyfiyyətini artırmaq məqsədilə xəstəxananın qəbul şöbəsinin bazasında Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsi yaradılıb. Burada xəstələrin vəziyyətinin ağırlıq dərəcəsinə uyğun olaraq çeşidlənməsi üçün “triaj” sistemi təşkil olunub. Həmçinin xəstəxanada icbari tibbi sığortanın tətbiqindən sonra vərəm əleyhinə bakterioloji laboratoriya fəaliyyətə başlayaraq, son nəsil avadanlıqlarla təmin olunub”.

Məlumat verilib ki, tibb müəssisəsi 20 şöbədən ibarətdir. Ümumilikdə 331 çarpayılıq xəstəxanada Radiologiya, Laboratoriya, Terapiya, Travmatologiya, Cərrahiyyə, Reanimasiya, Uşaq, Yoluxucu, Nevrologiya, Doğum, Hemodializ və digər şöbələr fəaliyyət göstərir. 


Mediatur zamanı jurnalistlər xəstəxananın şöbələrini gəzib və icbari tibbi sığortanın tətbiqindən sonra burada quraşdırılan müasir tibbi avadanlıqlar və cihazların xüsusiyyətləri barədə məlumatlandırılıblar. Ağır xəstələrə dərman maddələrinin uyğun dozada yeridilməsi üçün Reanimasiya şöbəsi infuzomatlarla təchiz edilib. Həmçinin şöbədə 15 ədəd süni tənəffüs aparatı quraşdırılıb.

Bildirilib ki, xəstəxana EMQ (elektromioqrafiya), EKQ (elektrokardioqramma), USM (ultrasəs müayinəsi), rentgenoskopiya, kolonoskopiya, KT (kompüter tomoqrafiyası) və göz müayinələri üçün lazımi avadanlıqlarla təchiz olunub. Xəstəxanada rayon və şimal bölgəsinin sakinlərinə keyfiyyətli tibbi xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılıb.

Quba Regional Perinatal Mərkəzi ilə tanış olan media nümayəndələrinə Mərkəzin direktoru Şəhla Həsənova bildirib ki, şimal bölgəsinin yeganə üçüncü səviyyəli doğuşayardım müəssisəsində ağır hamiləlik patologiyası olan hamilələrə ixtisaslı yardım göstərilir. 

“İcbari tibbi sığortanın tətbiqinə başlanıldıqdan bu günədək 7 687 hamiləyə stasionar şəraitdə xidmət göstərilib. Bunlardan 75%-i risk qrupuna aid hamilələr olub. Qəbul olunan doğuş sayı isə 6 863 olub. İcra olunan qeysəriyyə kəsiyi əməliyyatlarının sayı isə 2 021 təşkil edib. Yenidoğulmuşların Reanimasiya Şöbəsində isə 1 181 körpə müalicə alıb. Qeyd olunan müddət ərzində heç bir ana ölümü baş verməyib”.  

Şəhla Həsənova məlumat verib ki, cari ilin sentyabrın 1-nə olan məlumata əsasən, Quba Rayon Perinatal Mərkəzdə 10 uşaq ölümü qeydə alınıb.

O bildirib ki, ölən uşaqlar həddən artıq az çəkili və riskli hamiləlikdən doğulan uşaqlar olub:

“Hazırda klinikada ən azçəkili uşaq 990 qramdır və oğlan uşağıdır. Ailənin səkkiz ildən sonra dünyaya gələn ilk övladıdır və hamiləliyin 27-ci həftəsində dünyaya gəlib. Vəziyyəti orta-ağırdır. Həyatda saxlanılması üçün həkimlər əllərindən gələn hər şeyi edirlər. Ümumilikdə hazırda küvəzdə beş vaxtından əvvəl doğulan körpə var”.

O qeyd edib ki, il ərzində 300-ə yaxın vaxtından əvvəl doğuş gerçəkləşdirilib:

“Ölkədə ən aşağı körpə ölümü məhz burada qeydə alınıb. Körpə ölümü 5,8 promilledir. Ümumilikdə isə bu il 1 800-ə yaxın körpə dünyaya gəlib”.

Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru Əlyar Sərvərov məlumat verib ki, əlillik dərəcəsinin təyin edilməsi üçün mərkəzləşdirilmiş qaydada əlillik dərəcəsinin əyani qiymətləndirilməsi layihəsi hazırlanıb.

O bildirib ki, insanlara əlillik dərəcəsinin düşüb-düşmədiyinin müəyyən edilməsi üçün həkim yoxlaması təşkil ediləcək:

“Əlilliyi olan şəxs xəstəxanaya müraciət edir. Mərkəzləşmiş qaydada bütün əlillik dərəcələri üçün xəstə müxtəlif profillər üzrə həkimlərin əyani müayinəsindən keçirilir. Bütün nəticələr pasiyentin gözü qarşısında açıqlandığı üçün hər hansı şikayət və etiraz halları da baş vermir. Hazırda biz bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icazəsi ilə pilot layihə kimi həyata keçiririk. Layihə özünü doğruldarsa, müvəffəqiyyətlə müsbət nəticələr əldə edilərsə, tam hazır formada digər regionlarda həkim məsləhət komissiyalarının fəaliyyət göstərdiyi tibb müəssisələrinə də təqdim ediləcək”.

Qeyd olunub ki, Mərkəz davamlı olaraq yeni avadanlıqlarla təchiz edilir ki, bu da tibbi xidmətin keyfiyyətinin yüksəlməsinə səbəb olur. Şəhla Həsənova əlavə edib ki, ötən il Mərkəz yenidoğulmuşların təxliyəsi üçün nəzərdə tutulan təcili tibbi yardım avtomobili ilə təmin olunub. İnkişaf qüsuru ilə doğulan və təcili cərrahi müdaxiləyə ehtiyacı olan körpələr Mərkəzin mütəxəssisləri tərəfindən K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna təxliyə olunurlar.

Mediatur çərçivəsində media nümayəndələri həmçinin Quba RMX-də oftalmoloji müayinə olunublar.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri