30 
Sen
2022
22:57
304
75
9931
Virtual karabakh

Sentyabr şəhidinin ürək dağlayan HƏYAT HEKAYƏSİ: “Bizə hamı Leyli və Məcnun deyirdi” - FOTO

30 Sen, 2022
22:57
9931

Sentyabr şəhidinin ürək dağlayan HƏYAT HEKAYƏSİ: “Bizə hamı Leyli və Məcnun deyirdi” - FOTO

Bu ilin sentyabr ayında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan Ravil Mübariz oğlu Hümbətov haqqında Lent.az məqalə dərc edib.

Həmin məqaləni təqdim edirik:

Ravil Mübariz oğlu Hümbətov 1987-ci il oktyabrın 10-da Cəbrayıl rayonunun Yarəhmədli kəndində anadan olub. 1993-cü ildə Cəbrayıl rayonu işğal olunandan sonra o, ailəsi ilə birgə Bakıda məskunlaşır. Yasamal rayonunda orta məktəbə gedən Ravil məzun olandan sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsinə daxil olub və buranı bitirib. Ancaq bir müddət sonra könüllü olaraq hərb sahəsinə yönəlir. Xüsusi təyinatlı Qüvvələrdə fəaliyyət göstərən Ravil leytenant rütbəsi qazanır. 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı Kəlbəcərdə şəhid olub.

Ravil Hümbətov II Şəhidlər Xiyabanda dəfn olunub.

Onlara çatanda hava tamam qaralmış, əl-ayaq küçələrdən çəkilməyə başlamışdı. Başımı göyə qaldırıb Ravilin iki qızı ilə təkbaşına qaldığı mənzilin eyvanına, eyvandan dalğalanan üç rəngli bayrağa baxıram. On gün bundan əvvəl şəhid olan Ravilgilin evinə getmək, onun xanımın danışdırmaq, şəkillərini görmək, heç nədən xəbərsiz balaca qızlarının ora-bura qaçışını seyr etmək o qədər də asan deyildi. Mənzilə çatıb qapını döyəndə, qapı üzümə açılanda, Leyla xanımla salamlaşanda, hər şeyin gözlədiyim kimi olduğunu hiss etdim. Leyla xanımın hələ də ətrafda baş verənləri anlamayan donuq baxışları, nəzakət xətrinə mənimlə salamlaşıb, otağa dəvət etməsi və divar boyu düzülən şəkillər bundan sonra bir ömür davam edəcək kədərdən, nisgildən xəbər verirdi. Leyla xanıma Ravillə necə tanış olması barədə sual verəndə, gözlədiyimin əksinə o, gülümsəyərək danışmağa başlayır. O, danışdıqca hiss edirəm ki, Ravil haqqında olmayan adam kimi yox, sağ olan adam kimi danışır:

- Biz Ravillə bir konsert tədbirində tanış olmuşuq. Mən ixtisasca xoreoqrafam. Ravil də mənim iştirak etdiyim tədbirə gəlmişdi. Orda baxışıb, bir-birimiz görüb vurulduq (gülür). Biz tanış olduq. Toyumuz olandan sonra Ravil mənə hərbçi olmaq istədiyini bildirdi. Elə 2018-ci ilin iyun ayından hərbçi kimi xidmət etməyə başladı.

Leylanın anası Zərnigar xanım qızının sakit, asta danışığından sanki darıxır. Bizə qoşulub əlavələr edir:

- Bunların toylarına çox az qalmışdı. Bir də gördüm Leyla ağlaya-ağlaya zəng vurub. Dedim, nə olub? Dedi, mama, Ravil hərbidə işə başlayıb. Ravilin də əvvəllər çox qəşəng saçları vardı. Hərb sahəsinə keçəndən sonra saçlarını kəsdirdi. Leyla həmişə deyirdi ki, məni öldürsələr də hərbçiyə getmərəm. Ravilin də ən böyük arzusu hərbçi olmaq idi. Oldu da. Ondan sonra dedim ki, Leyla, bu sənin qismətindir. Ravil də hərbçi formasını əyninə geyinəndə gözləri işıqlanırdı, qürur duyurdu. Həmişə paltarlarını geyinir, beretini başına qoyub deyirdi, xala, bax gör, bu forma mənə yanaşır? Deyirdim, sənə hər şey yaraşır bala. İndi siz şəkillərə baxırsınız, onun xarici görünüşü görürsünüz ki, qəşəngdir. Amma allaha and olsun ki, onun ürəyi, daxili dünyası xaricindən də gözəl idi. Çox saf, ləyaqətli uşaq idi. Amma elə bil ki, şəhid olacağı ürəyinə dammışdı. Mən Lənkəranda xəstəxanada işləyirəm. Müharibədən bir neçə gün əvvəl işdə idim, gördüm Ravil mənə yazıb ki, xala, sənə qurban olaram, uşaqlardan, Leyladan muğayat ol. Onları sənə əmanət edirəm. O, şəhid olanda, Bakıya gəldim, bu on günün içində o qədər yaşlandım ki... Rayona gedəndə, məni tanımadılar. Dedilər, bu üç-dörd gündə sən nə qədər qocalmısan... İndi mən beləyəm, mənim yoldaşımın halını siz fikirləşin. Yoldaşımla danışırıq, o danışır, mən ağlayıram, o ağlayır.  

- Leyla xanım, Ravil necə ailə başçısı idi?

- Bizim hər işimiz birlikdə idi. Bazarlığa da bir gedirdik, gəzməyə də. Gəzməyə meylli adam idi. Mən də eləyəm. Həftədə bir dəfə evdə olanda, deyirdi, yığışın gedək gəzməyə. Həyatın gözəlliklərindən zövq almağı xoşlayırdı. O, mənə qarşı yüngülvarı pis davransaydı, bəlkə də mən onun üçün bu qədər yanmazdım. Amma nə qədər fikirləşirəm, görürəm, yaşadığımız illər ərzində bir dəfə də olsun mənim xətrimə dəyməyib. Mənə və uşaqlara qarşı çox diqqətli, anlayışlı, qayğıkeş adam idi. Uşaqlarımızdan doymurdu. Şəmsin 3 yaşı var, Melisanın isə beş ayı tamam olub. O, əvvəldən deyirdi ki, qızımız olsun. Qız uşaqlarını çox istəyirdi. Qızlarımız da olanda, xoşlayırdı onların saçlarını yığsın, onlarla oynasın. Ümumiyyətlə, Ravil mənə mətbəxdə, ev işlərində çox kömək edirdi.

Leyla Ravildən danışır, danışdıqca da gözlərinin içi gülür. Hər şeyi sanki o, sağmış kimi nəql edir. Fikrə gedir, nələrisə xatırlayır. Diqqətlə ona baxıram, onu Ravilin şəkillərinə baxıb baxmadığını sezməyə çalışıram. Amma Leyla öz aləmindədir. O, elə hey keçmişdən, xoş günlərindən danışır:

- “Fəryad” filmini çox sevirdi. Xüsusən, orda sonra çalınan musiqiyə tez-tez qulaq asırdı, deyirdi, bu mahnı adamı qələbəyə səsləyir, ruhlandırır. Hətta mən o musiqi ilə Ravilin şəkillərindən ibarət video kollaj hazırlamışdım. İkinci Qarabağ müharibəsinin iştirakçısı olub Ravil. Özü də bilirsiniz ki, əslən qarabağlı idi. Cəbrayıl azad olunanda o qədər sevinmişdi. Yanvarın 10-da onun ad günü idi. Cəbrayıl işğaldan azad olunandan sonra Cəbrayıla gedib evlərini, doğulduğu xəstəxananı tapıb şəkil çəkdirmişdi. Canlı video zəng edib bizimlə oradan danışmışdı. 

Zərnigar xanım da deyir ki, Ravil Cəbrayılda evlərini tapandan sonra onlara da zəng edib danışıb:

- Müharibə bitəndən sonra onları Cəbrayılda saxladılar bir müddət. Bir gün mənə zəng vurdu, dedi, xala, mən evimizdən çıxanda, uşaq olmuşam. Evimizi bir cığırdan tapdım. Həyətlərindəki alma ağaclarından alma dərib gətirmişdi bizə...

Söhbətimizin bu yerində Şəms yuxudan oyanıb ata, ata deyə ağlamağa başlayır. Zərnigar xala onu qucağına alır. Şəms əllərini atası olan şəkillərə uzadır. Yenə ağlayır, ata deyir. Nənəsi onu sakitləşdirir, sənin atana qurban olum ay bala deyir. Hamımız bir neçə dəqiqə susuruq. Müharibənin yaratdığı faciənin dərinliyini anlayırıq. 

Sükutu özüm pozuram. Leyladan belə vəziyyət yarananda, Şəmsi necə ovutduğunu xəbər alıram.

- Nə deyim? Deyirəm ki, ata işdədi. Mən ona bir neçə dəfə dedim ki, bəlkə hərb sahəsindən uzaqlaşasan? Mənə o sözü bir də demə. Axırıncı dəfə olsun, belə deməyin. Həmişə də deyirdi baxarsan, mən general olacam. Bu ilin may ayından Ravil xüsusi Komando kursuna qatıldı. İyulun 18-də evə gəldi. İki, üç gündən sonra da onları Kəlbəcərə yolladılar. Kəlbəcərə gedəndən sonra da biz onu görməmişik. Evə heç gəlmədi. Bir də biz onun şəhid xəbərini aldıq. Amma hər gün danışırdıq. Mənim heç ağlıma da gəlməzdi ki, o, şəhid olar. Axırıncı dəfə də sentyabrın 12-də gecə danışdıq. Dedi ki, elə bir yerə gedirik ki, mənə bir neçə gün zəng çatmayacaq. Narahat olma, özüm sizə zəng edəcəm. Ayın 13-də səhər vaxtı ona votsapdan yazdım. Gördüm saat 6-da onlayn olub. Ondan sonra nə qədər zəng vurdum, yazdım, cavab gəlmədi. Sən demə elə Ravil səhər 6, 7 arası şəhid olub. Səhər uşağı bağçaya qoyub evə qayıdanda, eşitdim ki, şəhid olub.

Qızının başına gələn bu faciə rayonda yaşayan ata-anasına da sirayət edir. Zərnigar xala deyir ki, Ravil şəhid olmazdan bir neçə saat əvvəl o, özündən asılı olmadan həyəcanlanıb, narahat olub:

- Gecə çox həyəcanlandım. Titrəyirdim, dişlərim bir-birinə dəyirdi. Nə qədər elədim yata bilmədim. Səhərə qədər Leyla ilə danışdıq. Səhər beşdə gedib açıq havada namaz qıldım. Bayırda namaz qılanda, elə bilirəm Allah səsimi tez eşidir. Mənim o biri qızımın da yoldaşı hərbçidir. O, da indi Laçındadı. Dua elədim, dedim, ay allah mənim balalarımı qoru. Sonra gəlib Ravilə mesaj yazdım. Amma ondan heç bir cavab gəlmədi. Sonra o biri kürəkənimə yazdım. Sən demə o, Ravilin şəhid olmasını bilirmiş. Amma mənə dedi ki, salamatlıqdır. Bir neçə saatdan sonra Leylanın bir rəfiqəsi var, o mənə zəng vurdu. Gördüm ağlayır. Onun da yoldaşı hərbçidir. Elə bildim, ona nə isə olub. Dedim, qızım nə olub? Dedi, Zəri xala, özünü möhkəm saxla, Leylaya heç nə demə. Ravil şəhid olub. Elə onda ürəyim gedib. Bir də ayıldım ki, üzümə su vururlar, məni çağırırlar. 

Leyla xanıma xəbər verilir ki, Ravil yaralıdır, gəlin xəstəxanaya. Leyla əvvəlcə bu yalana inanır. Ancaq bir müddət sonra sosial şəbəkələrə girəndə, ravilin şəkilləri ilə rastlaşır. Hər kəs onun şəhid olma xəbərini paylaşır:

- Mənə dedilər o, yaralıdır. Mən də toxtadım. Dedim, şükür sənə ilahi. Amma sonra bildik məni aldadıblar. Ravilin nəşini gətirməyə qardaşı getmişdi. Məni qoymadılar ona baxmağa, üzünü son dəfə görməyə. Ancaq məndən soruşmuşdular ki, həyat yoldaşınızın bədənində hansı nişanə vardı. Mən də dedim.

Gələcək indi mənim üçün çox qaranlıqdır. İki uşaq, Ravilsiz həyat, çətindir... Biz bir-birimizə o qədər bağlı idik ki, bizə hamı Leyli və Məcnun deyirdi. Mən hələ ətrafda baş verənləri hiss etmirəm. Sanki donmuşam və elə bilirəm ki, Ravil gələcək. Hələ də inanmıram ki, o, həyatda yoxdur. Mənim üçün ravili heç nə əvəz edə bilməz. Təsəllim ancaq onun şəkilləri, videolarıdır. Vəssalam.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri