Okt
2022
19:46
121
25
2028
Virtual karabakh

Teatra sevgi çatışmazlığı: Marifləndirici səhnələr, qucaqlayıb ağlayan məhbus - FOTO

2 Okt, 2022
19:46
2028

Teatra sevgi çatışmazlığı: Marifləndirici səhnələr, qucaqlayıb ağlayan məhbus - FOTO

Bakı Uşaq və Gənclər Teatrı Cənubi Qafqazda yeganə peşəkar uşaq teatrıdır və hazırda Qaraçuxur qəsəbəsindəki Mədəniyyət Sarayına yerləşdirilib. Uşaqlar üçün olan teatr nimdaş, sovet abı-havasına bürünən, hər yerindən köhnəlik yağan bir Mədəniyyət Mərkəzinə sığınıb. Köhnə olsa da, tərtəmiz, sahmanda, güllü-çiçəklidir. Zaladakı divarlarda 2000-ci illərin uşaqlarına yad və maraqsız olan ornamentlər var.

“Kaspi” qəzeti teatr yaranan vaxtdan direktoru və bədii rəhbəri olan İntiqam Soltanla həmsöhbət olub.

İntiqam müəllimlə söhbətimiz heç özümüz də bilmədən teatrdakı çatışmazlıqlardan başladı. O deyir ki, Azərbaycan teatrında çatışmayan teatrı sevən məmur problemidir:

“Mədəniyyət məmuru teatrı bilməyə bilər, qeyri-ixtisas sahibi ola bilər. Amma mütləq teatrı sevən adam olmalıdır. Bəla ondadır ki, teatrı sevməmək problemi görünür əməllərdə. Türklərin çəkdiyi “Koroğlu” filmində Koroğlu Qıratı Dəmirçioğlunun yanına gətirir. O, atı nallayır. Koroğlu soruşur ki, heç kim ata yaxın durmadı, bəs sən nə yaxşı bunu bacardın? O da cavabında “mən baxdım, o baxdı, mən sevdim, o sevdi, nalladım” deyir. At sevgini hiss etdi. Teatr bu gün o sevgini hiss edirmi? Əbləh direktorların hamısı deyəcək ki, bəli, hiss edir. Yenə də deyirəm, teatrı bilməmək, hansısa bir işi bilməmək ayıb deyil. Bir şou aktyoru gəldi Ukraynanın prezidenti oldu. Bu adam öz millətini, dövlətini sevir deyə, Rusiyanın qarşısında davam gətirə bilir. Teatrı sevən adamları gətirin teatr rəhbərliyinə. Mənə verilən şərait də budur. Bu şəraitdə uşaqlar üçün hansı işdən danışa bilərəm? Televiziyaya dəvət edib sarkazmla ittiham edirlər ki, teatrda heç bir inkişafa nail olmamışam. Dedim ki, gəlin “Azdrama” ilə  yerimizi 1-2 aylıq dəyişək. Onlar burda işləsin, biz orda. Görsünlər ki, bu teatrda inkişafa necə töhfələr verən kadrlar var. Mən ancaq teatr sahəsində yaxşı işlər görə biləcəyimi əminliklə deyə bilərəm. Başqa heç bir sahə! Çünki bu, mənim peşəmdir. Kartof qızartsam, əlimi yandıraram, amma teatrda bu iş üçün ürəyimi yandıra bilərəm. Problemlərimiz sevgisizlikdən başlayır. Mən bu dövləti sevirəmsə, yerində olmayan hər hansı bir məmura görə dövlətimdən inciyə bilmərəm. Məni bura gətirib atanda dedim ki, əgər qızılamsa, harada olsam, parıldayacam, dəmirəmsə, harada olsam, paslanacam. Burda elə tamaşalarımız olur ki, 270 nəfərlik zalda mədəniyyət evinin bütün oturacaqlarını gətirib düzürük, yenə də çatmır. Sevgi budur. Az qala aydan torpaq sahəsi alırıq, 21-ci əsrdir. Elm, texnologiya nə qədər inkişaf edib. Amma heç bir texniki imkanı olmayan səhnədən zala aktyorlar elə sevgi ötürürlər ki... Sadəcə, belə bir kollektivi belə şəraitdə saxlamaq vicdansızlıqdır”.

“Uşaqların həyatında teatr böyük rol oynayır” deyir İntiqam müəllim:

“Bizim teatr cəzaçəkmə müəssisələrində 300-dən çox tamaşa oynayıb. Birinci tamaşanın nümayişinə təxminən 10 il get-gəldən sonra nail ola bilmişdim. Deyirdim ki, imkan verin gedək, siz də tamaşanın gücünü görün. Bir dəfə gedəndən sonra bəyəndilər və 10 il dayanmadan tamaşa göstərdik. O qədər fərqli bir mühit yaranmışdı ki həbsxanalarda! Biz narkomaniya, vərəm, alkoqolizm, QİÇS-lə bağlı maarifləndirmə xarakterli tamaşalar oynayırdıq. İnanın, tamaşadan sonra dustaq olub, qucaqlayıb, ağlayıb ki, niyə indiyə qədər bunu mənə izah edən olmayıb”. 

İntiqam Soltan digər problemlərdən də danışıb:

“Ekzüperi deyir ki, insan onda qocalır ki, uşaqları başa düşmür. Ona görə də uşağı sevən, başa düşən aktyor ancaq uşaqlar üçün oynaya bilər. Pafos uşaqlara yaramır. Boğazdan yuxarı “səni sevirəm” desən, uşaq qəbul etməz. Səhnədə son dərəcə səmimi və sevgi dolu olmalısan. Bundan başqa, uşaq tamaşaları 2 hissəli olmamalıdır. Antrakta çıxan uşaq yenidən tamaşaya köklənənə kimi tamaşa bitir. Tamaşanın sürəti uşağın daxili sürətindən bir not yuxarı olmalıdır. Uşaq ancaq səmimiyyət və temp görəndə səhnəyə bağlanır. Misir Mərdanov nazir olanda teatrları məktəblərdən qaçaq saldı. İndi də bu məsələ ilə bağlı dəfələrlə müraciət olunsa da, həllini tapmır. Uşaqların bir yerdə tamaşaya getməyi, baxmağı, müzakirə etməyi çox yaxşıdır”.

Müsahibim “Teatrda niyə təzə obrazlar yaranmır” sualımı da cavablandırıb:

“Bunun uğrunda uzun müddət mübarizə aparmışam. Bir obraz yaratmışdım – “Güləyən-biləyən”! Amma ona heç kim yiyə durmadı. Nə Mədəniyyət Nazirliyi, nə Elm və Təhsil Nazirliyi, nə də digər aidiyyəti qurumlar. Xaricdə isə biri nağılı yazır, biri cizgi filmini çəkir, biri də oyuncaqlarını hazırlayır. Sonra da onları uşaqların sevimli qəhrəmanına çevirirlər. Həmin oyuncaqları tanınmış restoran brendləri yeməyin üstündə hədiyyə verirlər. Beləliklə, həmin obraz populyarlaşır, uşaqların psixologiyasına təsir edir. Bizdə olmadığına görə mən də məcbur oluram ki, ingilisin yaratdığı Şrek obrazı ilə sözümü deyim”.

Söhbətimizi Mədəniyyət Sarayında gəzişərək davam etdik:

“Bu, Mədəniyyət evinin zalıdır. Teatra uyğun deyil, amma buna baxmayaraq, biz işləyirik. Hər dəfə deyirəm ki, mənə şərait yaradın və iş tələb edin. Mənim burda video çəkənim, kinorejissorum, montajçım olmalıdır. Uşağa hiss və sevgini müasir şəkildə birləşdirib verməliyik”

Sonda İntiqam bəy bir cümlə dedi:

“İstəyirəm ki, peşə vicdanımız o həddə olsun ki, bizə verilən bayağı mükafatlardan imtina etməyi bacaraq!”

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri