Okt
2022
13:10
117
7
745
Virtual karabakh

“Müzəffər əsgərimiz” layihəsinin 18-ci buraxılışı - FOTO/VİDEO

3 Okt, 2022
13:10
745

“Müzəffər əsgərimiz” layihəsinin 18-ci buraxılışı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Müzəffər əsgərimiz” layihəsinin 18-ci buraxılışı Xüsusi Təyinatlı Qüvvələrin kapitanı, Vətən müharibəsi Qəhrəmanı Nihad Babayevə həsr olunub.

Nihad Akif oğlu Babayev 20 avqust 1991-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. 15 yaşında Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olan Nihad orta təhsilini başa vurduqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə yüksək nəticə ilə qəbul olub.

Nihad Babayev 2012-ci ildə leytenant rütbəsi alaraq Xüsusi Təyinatlı Qüvvələrdə təlimə başlayıb və kursu uğurla bitirdikdən sonra Naxçıvana xidmətə göndərilib. Daha sonra isə bir sıra ölkələrdə snayper təlimlərində, dağadırmanma üzrə xüsusi kurslarda iştirak edərək uğurlu nəticələr qazanıb.

Vətən müharibəsinədək Nihad Babayev kəşfiyyatçı kimi “Günnüt əməliyyatı”nda iştirak edib. Bu əməliyyat zamanı Əlahiddə Ümumqoşun Ordu Şərur rayonunun Günnüt kəndi, Ağbulaq yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı daxil olmaqla 11 min hektarlıq ərazini işğaldan azad edib.

İkinci Qarabağ müharibəsi başlayanda Naxçıvan XTQ-də hərbi hissə komandirinin müavini, kapitan Nihad Babayevi rəhbərlik orada saxlamaq qərarına gəlib. Lakin Nihad Babayev hərbi komandanlığa raportla müraciət edərək Qarabağda döyüşlərə qatılması üçün xahiş edib. Bundan sonra oktyabrın 3-də Naxçıvandan göndərilən qrupun tərkibinə Nihad Babayevin də adı salınıb.

Kapitan Babayev Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan uğrunda döyüşlərdə iştirak edərək qruplara komandanlıq edib. Oktyabrın 29-da Füzuli rayonunun Yuxarı Veysəlli kəndinə yaxın Uryandağ yüksəkliyi uğrunda şiddətli döyüşlərdə şəhid olub.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, habelə hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Babayev Nihad Akif oğlu ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə” medalları ilə, habelə “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı ilə təltif edilib.

Qeyd edək ki, layihənin əsas məqsədi 44 günlük Vətən müharibəsində qələbəni bizə yaşadan qəhrəmanlarımızı tanıtmaq və onların xatirəsini hər zaman yad etməkdir.

Şəhid qəhrəmanın döyüş yolu haqqında videoçarxı təqdim edirik:

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri