Okt
2022
21:02
192
27
998
Virtual karabakh

TƏBİB: “Azərbaycanda son illər ərzində malyariyaya yerli yoluxma qeydə alınmayıb” - FOTO

3 Okt, 2022
21:02
998

TƏBİB: “Azərbaycanda son illər ərzində malyariyaya yerli yoluxma qeydə alınmayıb” - FOTO

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Malyariyaya Yerli Yoluxmanın Kəsilməsinin Sertifikatlaşdırılması üzrə Texniki Məsləhət Qrupunun üzvlərinin daxil olduqları müstəqil qiymətləndirmə missiyasının nümayəndələri ilə görüş keçirilib.

Bu barədə Oxu.Az-a TƏBİB-dən məlumat verilib. 

Bildirilib ki, keçirilən görüşdə Malyariya ilə Yerli Yoluxmanın Kəsilməsinin Sertifikatlaşdırılması üzrə Texniki Məsləhət Qrupunun üzvü Keit Karter, ÜST-nin Qlobal Malyariya Proqramının Eliminasiya şöbəsinin müdiri Elxan Qasımov, ÜST-nin ictimai səhiyyə mütəxəssisi Elturan İsmayılov, TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Ramin Ağayev, İnfeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva və başqa məsul şəxslər iştirak ediblər.

Malyariya ilə Yerli Yoluxmanın Kəsilməsinin Sertifikatlaşdırılması üzrə Texniki Məsləhət Qrupunun üzvü Keit Karter Azərbaycanda malyariya ilə bağlı vəziyyətlə və bunun qarşısının alınması üçün hansı işlərin görülməsi ilə maraqlanıb.

TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva qeyd edib ki, ölkədə malyariya ilə bağlı məsələ ciddi nəzarət altındadır və son illər ərzində malyariyaya yerli yoluxma qeydə alınmayıb. Xaricdə yoluxmuş malyariya xəstəsi Azərbaycanda aşkar olunarsa, bu xəstələrin diaqnostikası və doğru müalicəsinin aparılması üçün ölkəmizdə bütün şərait mövcuddur.

Y.Qarayeva bildirib ki, hazırda birinci növbədə yerli yoluxmanın qarşısının alınması istiqamətində işlər aparılır. O əlavə edib ki, bunun üçün xüsusilə bataqlıqlara, eləcə də su hövzələrinə diqqət edilməsi son dərəcə vacibdir.

Daha sonra İnfeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva qeyd edib ki, TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin həkimləri tərəfindən hər hansısa şəxsdə malyariya şübhəsi olarsa, xəstəliyin differensasiyası, laborator diaqnostikası və müalicəsi üçün lazım olan şərait təmin olunub. Eyni zamanda, şübhəli hal barədə dərhal ərazi üzrə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məsul şəxslərinə məlumat verilir. Bundan sonra Mərkəzdən gələn həkim-epidemioloqlar tərəfindən yoluxma araşdırılır.

Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Ramin Ağayev çıxışında TƏBİB-in ÜST ilə əməkdaşlığının yüksək qiymətləndirilməsini və ÜST-nin bu istiqamətdə ölkəyə olan dəstəyinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Görüş tərəflər arasında ölkədəki malyariya ilə bağlı vəziyyət, görülən və görüləcək işlərlə bağlı müzakirələrlə davam edib.

Məlumat üçün bildirək ki, ÜST-nin Malyariya ilə Yerli Yoluxmanın Kəsilməsinin Sertifikatlaşdırılması üzrə Texniki Məsləhət Qrupunun üzvlərinin daxil olduğu müstəqil qiymətləndirmə missiyasının Azərbaycana səfərinin əsas məqsədi son üç ildə bütün ölkə üzrə yerli yoluxmanın dayandığını və yerli malyariya hallarının olmadığını təsdiqləmək, ölkədəki epidemioloji nəzarət və cavab tədbirləri sisteminin, malyariyanın yenidən yayılmasının qarşısını ala bilib-bilməyəcəyini qiymətləndirmək, eləcə də ÜST-yə ölkədə malyariya ilə yerli yoluxmanın kəsilməsinin təsdiqlənməsi və malyariyanın aradan qaldırılmasına nail olunduğu ÜST-nin rəsmi reyestrinə daxil edilməsi və ya sertifikatlaşdırmanın təxirə salınması ilə bağlı tövsiyələri verməkdən ibarətdir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri