Okt
2022
10:26
304
5
1756
Virtual karabakh

Cəbrayılın azadlığına gedən yol: “Nüzgar kəndində yeddi gün döyüşdük” - FOTO

4 Okt, 2022
10:26
1756

Cəbrayılın azadlığına gedən yol: “Nüzgar kəndində yeddi gün döyüşdük” - FOTO

“Ağır döyüşlərimizdən biri Cəbrayılın Nüzgar kəndi istiqamətində oldu. Burada düşmənlə yeddi gün döyüşdük”.

Bunu “Report”a açıqlamasında Müdafiə Nazirliyinin Quru Qoşunlarının (Komando) hərbi qulluqçusu (əsgər) Etibar Boziyev deyib.

O bildirib ki, 44 günlük müharibə başlayanda Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin kəşfiyyat bölməsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətdə olub:

“Sentyabrın 27-də döyüşlər başlayan zaman yuxarı komandanlığın əmri ilə bölməmizin iki qrupu - Lələtəpə istiqamətindəki “Vilayət” postundan və Füzuli rayonundakı “Yastı Təpə” deyilən ərazidən hücuma qoşuldu. Mən “Yastı Təpə” istiqamətində düşmən üzərinə hücuma keçən qrupla birgə hərəkət edirdim. Burada ağır döyüşlərimiz oldu, hakim yüksəkliyi nəzarətə götürdük. Məqsəd isə ərazini tam nəzarətə almaq idi. Sonra döyüş tapşırığını yerinə yetirmək üçün irəliləməyə davam etdik. Oktyabrın əvvəllərində Cəbrayıl rayonu istiqamətində döyüşə girdik. Həmin ayın 2-si, səhərə yaxın, saat 04 radələrində Cəbrayıl rayonunun Quycaq kəndinə daxil olduq. Ermənistan silahlı qüvvələrinin xeyli sayda bölmələrini məhv etdik və kəndi düşməndən təmizlədik. Daha sonra bizə komandanlıqdan əmr gəldi və Cəbrayıl rayonunun Daşkəsən kəndi istiqamətinə irəlilədik. Burada onların alayı vardı. Bu, ən ağır döyüşlərimizdən biri oldu və düşməni darmadağın etdik.

Oktyabrın 4-də isə Cəbrayıl şəhərini düşməndən azad etdik. Ermənilər çoxlu qüvvə ilə bizə əks-hücum etmək istəsə də, ətraf yüksəkliklər ordumuzun nəzarəti altında olduğuna görə artilleriyaçılarımız dəqiq atəşlə onları elə texnikaları ilə birgə məhv etdi. Düşmən qarşımızda aciz qalmışdı, silah-sursatlarını atıb qaçırdı.


Növbəti istiqamətimiz isə Xocavənd rayonunun Hadrut qəsəbəsi oldu. Buranı da düşməndən azad etdikdən sonra irəlilədik – Xocavəndin Tuğ, Böyük Tağlar, Şuşanın Topxana meşəsi və Şuşa şəhərinə qədər getdik”.

E.Boziyev söyləyib ki, Vətən müharibəsində döyüş yoldaşlarından şəhid olan və yaralananlar da olub:

“Döyüşlər zamanı iki əsgərimiz – Fuad Məhərrəmli və Ağababa Abbasov şəhidlik zirvəsinə ucaldı. Ağır döyüşlərimizdən biri də Cəbrayılın Nüzgar kəndi istiqamətində oldu. Burada düşmənlə yeddi gün döyüşdük. Onlar illərdir mövqelərini möhkəmləndirmişdilər deyə oranı yarmaq çətin idi. Lakin buna baxmayaraq, ordumuz düşmənin səngərini darmadağın etdi. Burada da itkilərimiz oldu. Cəbrayıl döyüşlərində düşmənin iki “Su-25” qırıcısı havaya qalxdı. Həmin vaxt ordumuz onlardan birini məhv etdi, digəri isə qaçıb ərazidən uzaqlaşdı”.

E.Boziyev Vətən müharibəsindən sonra da ordu sıralarında qalıb. O, hazırda Müdafiə Nazirliyinin Quru Qoşunlarının “N” saylı komando hərbi hissəsində xidmət edir:

“Burada çətinliklər olsa da, təlimlərimiz davam edir. Bizə çox yüksək səviyyədə şərait yaradılıb. Hazırda fiziki gücümüz yaxşıdır, Ali Baş Komandanın bütün əmrlərini yerinə yetirməyə hər an hazırıq. Torpaqlarımıza göz dikən, təxribatlar törətmək istəyən yağı düşmənə qarşı vuruşmağa daim hazırıq”.

E.Boziyev qeyd edib ki, Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlara görə, Ali Baş Komandan İlham Əliyev onu mükafatlandırıb:

“Döyüşlərdə fərqləndiyim üçün “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişəm”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri