Bakıda məktəblilər arasında breyn-rinq turniri keçiriləcək
Bakıda məktəblilər arasında breyn-rinq turniri keçiriləcək
Tədbirə Mikayıl Cabbarov da dəvət edilib.
2015-ci ilin 11 mart tarixində “Chabad Ohr Avner” tədris mərkəzinin təşəbbüsü və başda klubun prezidenti Murad Axundov olmaqla “Atəşgah” Azərbaycan İntellektual Oyunlar Klubunun, eləcə də “Edumedia-Azerbaijan” şirkətinin dəstəyi ilə “Ağlın vəhdəti” - breynq-rinq turniri keçiriləcək.
Turnir Bakının 6 mərkəzi məktəbi, daha dəqiq desək №160, №23, №6, №189 məktəblər, Elitar gimnaziya, “Chabad Ohr Avner” tədris kompleksinin şagirdləri arasında olacaq.
Tədbirə təhsil naziri Mikayıl Cabbarov da dəvət edilib.
Oxu.Az xəbər verir ki, “Chabad Ohr Avner” tədris mərkəzi Azərbaycan Respublikasının yəhudi vətəndaşları üçün kompleksdir.
Kompleks Heydər Əliyev Fondu və Beynəlxalq “Ohr Avner” tərəfindən “Azərbaycan - tolerantlı ünvanı” beynəlxalq fondu çərçivəsində tikilib.
Mərkəzin təməlqoyma mərasimi 2007-ci ildə may ayının 31-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə baş tutub.
Tədris mərkəzinin tikintisi 2010-cu ildə başa çatıb. 2010-cu ilin oktyabr ayının 4-dən Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və MDB Yəhudi İcmaları Federasiyasının və “Ohr Avner” Beynəlxalq fondunun prezidenti Lev Levayev tədris mərkəzinin açılış mərasimində iştirak ediblər.
Bakının Xətai rayonunda tikilmiş üçmərtəbəli kompleks müasir tələblərə cavab verir. 450 şagird üçün nəzərdə tutulmuş yeni tədris kompleksinin digər tədris müəssisələrindən əsas fərqi burada yəhudi mədəniyyətinin əsaslarının öyrədilməsindədir.
Bu, etno-mədəniyyət komponentlərə malik mərkəzdir.
Qeyd edək ki, Oxu.Az tədbirə informasiya dəstəyi göstərir.