14 
Noy
2022
12:36
34
119
2294
Virtual karabakh

“Uşaqlarda şəkərli diabetin hər iki tipinin əlamətləri eyni ola bilər” - MÜSAHİBƏ + FOTO

14 Noy, 2022
12:36
2294

“Uşaqlarda şəkərli diabetin hər iki tipinin əlamətləri eyni ola bilər” - MÜSAHİBƏ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Uşaqlıq və yeniyetməlik dövründə daha çox 1-ci tip şəkərli diabetə rast gəlinir”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, endokrinoloq Səbinə Məşədiyeva-Bayramova qurumun saytına müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- Səbinə xanım, uşaqlarda şəkər xəstəliyi nədən yaranır?

- Uşaqlıq və yeniyetməlik dövründə daha çox 1-ci tip şəkərli diabetə rast gəlinir. Bu tip şəkərli diabet poligen multifaktorlu xəstəlikdir. Əsasında insulinin mütləq çatışmazlığına gətirib çıxaran mədəaltı vəzin β-hüceyrələrinin immunasılı və ya idiopatik destruksiyası durur.

Uşaq yaşlarında 2-ci tip şəkərli diabetə də rast gəlinir. Onun rastgəlmə tezliyi bu yaş dövründə, əlbəttə ki, 1-ci tip şəkərli diabetə nisbətən az olur. 2-ci tip şəkərli diabet, əsasən, insulinə rezistentlik və nisbi insulin çatmazlığı ilə yaranan karbohidrat mübadiləsinin pozulmasıdır.
Xəstəliyin hər iki tipinin yaranmasında irsi meyilliliyin böyük rolu var. 1-ci tip şəkərli diabeti yaradan patoloji genlər 6-cı xromosomun qısa çiynində yerləşir. 2-ci tip şəkərli diabetə meyilliliyi yaradan genlər 11-ci xromosomla bağlıdır. Əlbəttə, xəstəliyin başlanması üçün hər halda müxtəlif faktorlar lazımdır. Onlar təkan rolunu oynayır. 1-ci tip şəkərli diabet üçün təkanverici faktor kimi virus infeksiyaları durur. Bu, müxtəlif viruslar ola bilər. 2-ci tip şəkərli diabet üçün təkanverici faktor kimi artıq çəki, piylənmə, stres və s. göstərə bilərik.

- Uşaqlarda şəkərli diabet xəstəliyinin əlamətləri hansılardır?

- Xəstəliyin hər iki tipinin əlamətləri eyni ola bilər: ağızda quruluq, susuzluq, tez-tez sidiyə getmə, ümumi zəiflik, yorğunluq. 1-ci tip şəkərli diabet zamanı əlavə olaraq arıqlama, aclıq hissi, əsəbilik, yuxusuzluq ola bilər. 2-ci tip şəkərli diabet zamanı əlavə kökəlmə, piylənmə, gün ərzində bir neçə dəfə səbəbsiz güclü aclıq hissi ola bilər. 1-ci tip şəkərli diabet diaqnozu gec qoyulanda (həkimə müraciət gecikəndə) xəstələrdə ketoasidotik vəziyyət və ketoasidotik koma yarana bilər. Ketoasidotik vəziyyət zamanı bütün deyilən şikayətlər kəskinləşir və əlavə olaraq ürəkbulanma, qusma, qarın nahiyəsində kəskin ağrılar olur, nəfəsdən aseton iyi gəlir, ağır formalarda huşun itməsi olur. Müalicə gecikdiyi halda 2-ci tip şəkərli diabetdən əziyyət çəkənlərdə piylənmə dərəcəsi arta bilər.

- Diabeti olan uşaqlar necə qidalanmalıdırlar?

- Şəkərli diabetdən əziyyət çəkən uşaqların qida rasionundan tez həll olunan karbohidratları (şəkər tozu tərkibli məhsullar) çıxarmaq tövsiyə olunur. Eyni zamanda, gec həll olunan karbohidratların, yağların və zülalların nisbəti gün ərzində düzgün tənzimlənməlidir. Meyvə payını sutkada bir neçə yerə bölməli və onları, əsasən, yeməkdən sonra qəbul etməlidirlər.

- Şəkərli diabetdən əziyyət çəkən uşaq idmanla məşğul ola bilərlərmi?

- Şəkərli diabetdən əziyyət çəkən uşaqlar, demək olar ki, bütün idman növləri ilə məşğul ola bilərlər. Əlbəttə, uşağın ümumi fiziki vəziyyətindən çox şey asılıdır. Yeni diaqnoz qoyulmuş şəkərli diabet və xəstəliyin heç bir ağırlaşması olmayan uşaqlar ümumi qayda ilə idmanla məşğul ola bilərlər. 1-ci tip şəkərli diabeti olan uşaqlar insulin müalicəsində olduqlarına görə mütləq təlimləndirilməlidirlər ki, məşqlərdən əvvəl insulin dozalarını azaltmalı və yaxud idmana getməmişdən əvvəl qidalanmalıdırlar. Fiziki yüklənmə zamanı qanda şəkər tez düşür və bu onlarda hipoqlikemik vəziyyət yarada bilər. Həmin vəziyyət 2-ci tip şəkərli diabet pasiyentlərində də yarana bilər. Ona görə idman dərsindən əvvəl qida qəbulu olmalıdır. Əlavə olaraq özləri ilə mütləq kiçik porsiya qida aparmalıdırlar, məşqdən sonra qəbul etmə zəruriyyəti yarana bilər.
1-ci və 2-ci tip şəkərli diabetin ağırlaşmalarının (diabetik retinopatiya, diabetik nefropatiya, diabetik neyropatiya, diabetik pəncə və s) 2-ci, 3-cü mərhələləri zamanı artıq idmanla məşğul olmaq xüsusi qruplarda icazə verilir. Elə mərhələlər ola bilər ki, idmanla məşğul olmaq qadağan edilir. Bütün bunlara baxmayaraq, müəyyən dövrlərdə və xəstələrin individual olaraq vəziyyətlərindən asılı olaraq idmanla məşğul olmağa icazə verilir. 1-ci tip şəkərli diabet xəstələri arasında Olimpiya oyunlarının qalibləri də var.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri