24 
Noy
2022
15:32
117
30
3643
Virtual karabakh

Narkomaniya üzrə ekspertdən SƏRT SÖZLƏR: “Burnunuz girməyən yerə başınızı soxmayın” - FOTO

24 Noy, 2022
15:32
3643

Narkomaniya üzrə ekspertdən SƏRT SÖZLƏR: “Burnunuz girməyən yerə başınızı soxmayın” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son günlər sosial şəbəkələrdə, ictimai yerlərdə açıq-aşkar, nümayişkaranə surətdə narkotik istifadə edənlərə rast gəlinir. Bu məqam şahidi olan hər kəsi narahat edir. İnsanlar öz uşaqlarına, yaxınlarına görə qorxurlar.

Narkotik maddə qəbul edən şəxslərin yol ortasında bir anlıq donub qalmaları uşaqlarda maraq yaradır. “Bir dəfə yoxlasam, necə olar?” fikri ilə oyanan marağın sonunun isə çox zaman faciə ilə bitən aludəçilik olması çoxlarına bəllidir.   

Aidiyyəti qurumlar təhsil müəssisələrində, ictimai yerlərdə, sosial şəbəkə üzərindən narkomaniya ilə mübarizə çərçivəsində tədbirlər aparırlar. Bəs bunlar effekt verəcəkmi? Uşaqları narkotikdən uzaqlaşdırmaq üçün onlara hər şeyi açıq-aşkar danışmaq lazımdır, yoxsa çətin terminologiyaya üstünlük vermək?

Məsələ ilə bağlı narkomaniya üzrə ekspert Emil Maqalov Oxu.Az-a açıqlamasında bildirib ki, insanlar bu kimi problemlərlə mübarizədə onların öz dilində, sadə və başadüşülən tərzdə danışılmasına üstünlük verirlər:

“Biz əgər təlim keçiriksə, burada hər şeyi olduğu kimi danışmalıyıq. Mən öz təcrübəmdən görürəm ki, təlimdə metamfetamin, amfetamin və s. narkotik maddələrin adını çəkərkən deyil, “patı”, “şüşə” dedikdə onlar məsələyə maraqla qulaq asırlar. Ona görə ki, nə demək istədiyimizi belə daha yaxşı başa düşürlər. Narkomaniya ilə mübarizə çərçivəsində aparılan təlimlərin çox az müsbət nəticə verməsinin səbəbi izah edilən problemin hər kəs üçün anlaşılan dildə olmamasıdır. Əgər çöldə bunu “patı”, “şüşə” adlandırırlarsa, təlimdə də belə izah edilməlidir.

Təlimdə çox vaxt deyirlər ki, “biz bunu bilirik, bizə bunu danışmayın”. Ya da təlimdə həbsxanada olanlardan, səhv edən şəxslərin davranışlarından danışırlar, sual verirlər. Mən daha çox diskussiya aparır, təlimdə uşaqların, digərlərinin suallarını cavablandırmağa çalışıram.

Bu gün bəzi uşaqlar “işverən”lərdən, “yaxşı oğlan” anlayışından danışırlar. Uşaqlar o dildə başa düşürlər və biz onlara çatdırmaq istədiklərimizi məhz bu dildə, bu üslubda izah etməyi bacarmalıyıq. Uşaqlar özləri öz aralarında bir-birinin səhv yola düşmələrinə göz yumurlar. Mən onlara “niyə vaxtında o dostunun atasına, anasına bu barədə danışmadın?” deyə sual verəndə “mən işverən deyiləm” cavabını verirlər. Yəni işlədiyimiz insanlar çöl dilini üstün tuturlar”.

E.Maqalov deyir ki, bu mübarizə ilə bağlı təlim keçdiyi bəzi uşaqlar risk qrupuna daxil olan və pis vərdişlərə meyil edənlərdir:

“Bu uşaqlar çətin tərbiyə olunanlardır və çöl mühitinin dərinliklərini gördükləri üçün onlarla danışmağı bacarmasan, onlara kömək edə bilməzsən. Bu işlərlə mütəxəssislər məşğul olmalıdırlar. Onlara səhv məlumat vermək olmaz. Bir dəfə keçdiyim təlim prosesində ərazi üzrə icra hakimiyyətində narkomaniya üzrə mübarizə komissiyasının sədri iştirak edirdi. O, uşaqlara dedi ki, mənim qohumum da narkoman olub. Uşaqlar dərhal sual verdilər ki, necə oldu, narkoman oldu? O da dedi ki, bir narkoman əlində iynəni gətirib batırdı ona, o gündən də narkoman oldu. Uşaqlar onunla lağlağı etdilər. Narkomaniya ilə mübarizə aparmaq asan deyil ki, hər kəs bu riskli uşaqlarla işləsin. Bu cür bir uğursuz “təlimçi” yüz uşağa xeyir yerinə ziyan vurur, eyni zamanda da işini bilən təlimçilərin keçdikləri təlimlərdə uşaqların onların üzünə ağ olmalarına səbəb olur. Odur ki, mütəxəssis kimi xahiş edirəm, burnunuz girməyən yerə başınızı soxmayın”.  

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri