28 
Noy
2022
17:24
13
222
2496
Virtual karabakh

İşsizlərə qurulan TƏLƏ: Pul alıb yoxa çıxırlar - FOTO

28 Noy, 2022
17:24
2496

İşsizlərə qurulan TƏLƏ: Pul alıb yoxa çıxırlar - FOTO

Saxta iş elanları paylaşaraq insanları aldadanların sayı son vaxtlar artıb. 

Onlar müxtəlif sosial şəbəkələrdə yüksək maaşlı iş elanları yerləşdirirlər. İnsanların işsiz olduğundan istifadə edən kələkbazlar müəyyən məbləğdə rüsum istəyirlər. Kart vasitəsilə pulu əldə etdikdən sonra isə həmin şəxsləri tapmaq mümkün olmur. 

Bu cür dələduzluq hallarından məlumatlı olanlarla yanaşı, olmayanlar da az deyil. Nəticədə həm pulları gedir, həm də psixoloji təsir edir. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, dələduzluq yolu ilə müxtəlif şirnikləndirici vədlərlə insanların etibarından sui-istifadə edərək onların maddi vəsaitlərini ələ keçirən şəxslərə qarşı DİN tərəfindən mütəmadi olaraq əməliyyat tədbirləri həyata keçirilir:

“O cümlədən “evdə əlavə iş”, “əlavə gəlir” kimi başlıqlarla yaradılmış iş elanları adı altında da insanların aldadıldığının şahidi oluruq. Bu cür elanların toruna düşən şəxslərdən həmin dələduzlar işə qəbul üçün ilkin olaraq müəyyən qədər vəsaitin əvvəlcədən onların hesabına ödənilməsini tələb edirlər.

Bu vəsait işaxtaran tərəfindən köçürüləndən sonra iş elanı yerləşdirən dələduz şəxsi əlaqə vasitələrini bağlayır və yoxa çıxır. Beləliklə vətəndaş aldanır. Təbii ki, vətəndaşlardan daxil olan bu tip hadisələr barədə faktlar üzrə dəfələrlə polis əməkdaşları tərəfindən əməliyyatlar həyata keçirilib, ictimaiyyət məlumatlandırılıb”.

O qeyd edib ki, nazirlik tərəfindən həmçinin vətəndaşlara bu barədə dəfələrlə müraciətlər də olunub:

“Bir daha vətəndaşları onlayn platformalarda, eləcə də digər yollarla yayılan və heç bir iqtisadi əsası olmayan şişirdilmiş qazanclar vəd edən kələkbazlara inanmamağa çağırırıq”.

Azərbaycan İnsan Resursları Assosiasiyasının İdarə Heyətinin üzvü, İnsan resursları üzrə direktor Saleh Həsənov deyir ki, saxta iş elanlarını daha çox nüfuzu olmayan şirkətlər paylaşır:

“Vətəndaşlar bu cür elanlara inanmamalı, şirkətin peşəkar “e-mail”inin paylaşılması məsələsinə, haqqında olan məlumatlara baxmalıdırlar. Əmək qanunvericiliyində göstərilir ki, hansı sənədlərlə bağlı işə qəbul prosesi həyata keçirilir. Hər hansı bir şirkətin namizəddən ödəniş tələb etmək hüquqi yoxdur və ola da bilməz.

Vətəndaşdan işədüzəlmə ilə bağlı pul tələb olunursa, bu, fırıldaqçılıqdır. Əhali hansı sənədlərin tələb olunması ilə bağlı maariflənməlidir. Yalnız istehsalat sahəsi ilə bağlı hər hansı bir əlavə sənəd ola bilər”.

Saleh Həsənov qeyd edib ki, iş elanı yerləşdirən saytlar da məsuliyyətli olmalıdırlar:

“Onlar işçi axtaran şirkətlərə şərt qoymalıdırlar. Məsələn, korporativ “e-mail”in tətbiqinin vacibliyi ortaya qoyulsa, saxta iş elanının qarşısı alacaq. Bununla bağlı insanlar mütəmadi olaraq məlumatlandırılmalıdırlar”.

Vəkil Tural Hüseynov deyir ki, bir sıra dələduzlar müxtəlif saytlarda saxta iş elanları yerləşdirərək, işə müraciət prosesinin aparılması üçün əlavə xidmət haqqı (müraciət vərəqəsinin doldurulması, sağlamlıq arayışının verilməsi və s.) tələb edirlər:

“Nəticədə isə məlum olur ki, əslində, elanda yazılan vakansiya mövcud deyil və vətəndaş dələduzluğa məruz qalıb. Son dövrlər bu hallar artıb. Qeyd etmək lazımdır ki, bu xüsusatda göstərilən əməl vurulmuş ziyanın məbləğindən asılı olaraq dələduzluq hesab edilə və bu əməli törədən şəxslər barəsində Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işinin başlanmasına səbəb ola bilər”.

Vəkil vurğulayıb ki, Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri