Dek
2022
19:30
21
413
4282
Virtual karabakh

Şəhidin adını daşıyan parkın acınacaqlı vəziyyəti - FOTO

3 Dek, 2022
19:30
4282

Şəhidin adını daşıyan parkın acınacaqlı vəziyyəti - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vaxtilə ən gözəl istirahət məkanlarından biri kimi tanınan Şəhid Ramiz Aboyev adına Mədəniyyət və İstirahət Parkı  bərbad vəziyyətdədir. Parkın ətrafı “kolxoz bazarı”nı xatırladır desək, yanılmarıq. Bəzi yerlərdə dağılmış asfalt örtük, suyu çəkilmiş hovuz və fəvvarələr, susuzluqdan quruyub aşmış çoxillik ağaclar, uçub-dağılan daş-divar, sınmış idman qurğuları və izi itirilən uşaq oyun meydançaları ürək dağlayır.

Bakıda yaşıllıq sahələrinin həcmi cəmi 920 hektardır. Ümumi ərazisi 214 min hektar olan meqapolis üçün bu, faciəvi səviyyədə aşağı göstəricidir. Çünki məlum statistika paytaxtın ümumi ərazisinin heç 0,5 faizinin belə, yaşıllıq sahəsindən ibarət olmadığını ortaya qoyur. Deməli, şəhərimizin yaşıllıq sahələri daha da genişləndirilməli, bütünlükdə ictimai istifadədə olan meşə, park və bağçaların ərazisi qorunmalı, ağaclara vaxtlı-vaxtında qulluq edilməlidir.

“Kaspiqəzeti sözügedən parkdan geniş reportaj hazırlayıb:

“Kolxoz bazarı”, şıdırğı alver

Yaşıllıqdan yoxsul şəhərimizin mərkəzindəki park və xiyabanlar, planetimizin “ağ ciyərləri” sayılan ağaclar qorunub saxlansa da, təəssüf ki, paytaxtın gözdən-könüldən uzaq ərazilərindəki parklarda vəziyyət arzuolunan səviyyədə deyil. Bakının Binəqədi rayonunun Məhəmməd Əmin Rəsulzadə qəsəbəsində Birinci Qarabağ müharibəsi Şəhidi Ramiz Aboyevin adını daşıyan mədəniyyət və istirahət parkı belə ünvanlardan biridir. Parkın ətrafında nəqliyyatın hərəkəti üçün nəzərdə tutulan yollar, piyadalar üçün nəzərdə tutulmuş səkilər işbazlar tərəfindən zəbt olunub, müxtəlif ticarət obyektləri yaradılıb. Səhər açılandan axşam qaranlığına doğru buralarda şıdırğı alver gedir. Vaxtilə ən gözəl istirahət məkanlarından biri kimi tanınan parkın ətrafı “kolxoz bazarı”nı xatırladır desək, yanılmarıq. Parkın içindəki vəziyyətə gəlincə, burada oturacaqlar indiyə qədər qorunub saxlanıb. Lakin bəzi yerlərdə dağılmış asfalt örtük, suyu çəkilmiş hovuz və fəvvarələr, susuzluqdan quruyub aşmış çoxillik ağaclar, uçub-dağılan daş-divar, sınmış idman qurğuları, izi itirilən oyun meydançaları və uşaq əyləncə vasitələri adamın ürəyini dağlayır.

Zibili xalça altında gizlədənlər

Sakinlərin sözlərinə görə, parkın işıqlandırma sistemi olmadığından gecələr buradan nəinki uşaqlar, eləcə də böyüklər hərəkət etməyə qorxur. Park tullantı ərazisi kimi də diqqət çəkir. Pinti gəlin evin zibilini xalça altında gizlətdiyi kimi, müxtəlif qurumlar da rayon ərazisində aparılan tikinti-quruculuq, abadlıq tədbirlərindən sonra istifadəsiz bardürləri, dəmir konstruksiyaları yığıb parkın ərazisinə tullayıblar. Parkın digər tərəfində isə söküntülərdən sonra ortalıqda qalan tullantı təpəcikləri diqqət çəkir. Mədəniyyət və istirahət parkının içərisində ən müxtəlif ərazilərin işbazlar tərəfindən zəbt olunaraq, bəzi hallarda ağaclar kəsilərək yerinin çayxana, pivəxana, restorana çevrilməsi də göz önündədir. Yerli sakinlər deyir ki, artıq bir neçə ildir parka avtomobillə giriş-çıxışa məhdudiyyət qoyulub. Bəzi restoran sahibləri bu məhdudiyyəti sırf özlərinə görə ediblər. Turniketlərdən yalnız restorana gələn avtomobilləri buraxırlar, qeyrilərini yox. Üstəlik, parkın yaxın vaxtlarda təmir ediləcəyi söylənsə də, illərdir ərazidə heç nə dəyişməyib. Necə deyərlər, köhnə hamam, köhnə tasdır.

Deputatdan səs çıxmadı, icra üstündən atdı

Şəhid Ramiz Aboyev adına Mədəniyyət və İstirahət Parkının acınacaqlı durumu barədə Rəsulzadə qəsəbə sakinlərinin redaksiyamıza müraciətindən sonra adıçəkilən ünvanda olub müşahidələr apardıq, vətəndaşların söylədiklərini öz gözlərimizlə gördük, ərazidən şəkillər çəkdik. Sakinlərin narahatlıqla qeyd etdiyi vəziyyət, görünən mənzərə barədə Binəqədi Rayon İcra Hakimiyyətinə, həmçinin 9 saylı Binəqədi ikinci seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Kəmaləddin Qafarova köməkçisi vasitəsilə sorğu göndərdik. Deputatdan səs çıxmadı, İcra hakimiyyəti də məsuliyyəti üzərindən ataraq, Rəsulzadə Bələdiyyəsinə sorğu ünvanlamağı tövsiyə etdi. Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov adından redaksiyamıza daxil olan cavab məktubunda isə bildirilib ki, sözügedən park əvvəllər Mədəniyyət Nazirliyinin balansında olub, 8 iyun 2021-ci il tarixdən Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin idarəçiliyinə verilib.

Əhaliyə göstərilən mədəni xidmətin yaxşılaşdırılması

Bələdiyyə sədrinin sözlərinə görə, sözügedən istirahət parkı vaxtilə əhalinin sevimli istirahət mərkəzlərindən biri kimi fəaliyyət göstərsə də, son illər parkın maddi-texniki bazası zəifləyib, yaşıl teatr, təqaüdçülər klubu, parkın inzibati binaları yararsız hala düşüb, attraksionlar köhnəlib, parkın ərazisinin işıqlandırılması, abadlaşdırılması və yaşıllaşdırılmasında problemlər yaranıb. H.Hüseynov bildirib ki, parkın maddi-texniki bazasının möhkəmləndirilməsi, əhaliyə göstərilən mədəni xidmətin yaxşılaşdırılması məqsədilə tərəflərindən aidiyyəti təşkilatlara müraciətlər ünvanlanıb.

Gələcəkdə əsaslı təmir işləri həyata keçiriləcək

Parkın ərazisindəki ictimai-iaşə obyektlərinin fəaliyyətinə gəlincə, bələdiyyə sədri qeyd edib ki, onlar Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş çıxarışlar əsasında fəaliyyət göstərirlər. H.Hüseynov diqqətə çatdırıb ki, parkın ərazisinin təmiz saxlanmasına xüsusi diqqət yetirilir, mütəmadi olaraq süpürülür, eyni zamanda bələdiyyənin maliyyə imkanlarına uyğun olaraq, parkın ərazisində abadlıq-quruculuq işlərinin aparılması hissə-hissə davam etdirilir: “Buna baxmayaraq, 4 hektar sahəsi olan parkda əsaslı təmir işlərinin aparılmasına çox böyük ehtiyac var. Ümid edirəm ki, müraciətlərimizin nəticəsi olaraq, Nazirlər Kabinetinin qərarı əsasında bu parkda da gələcəkdə əsaslı təmir işləri həyata keçiriləcəkdir”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri