Dek
2022
16:24
22
231
1485
Virtual karabakh

İnfeksionist: “Koronavirus daimi olaraq bizimlə yaşayacaq” - FOTO

5 Dek, 2022
16:24
1485

İnfeksionist: “Koronavirus daimi olaraq bizimlə yaşayacaq” - FOTO

“Dünya əhalisinin 90%-nin koronavirusa qarşı immuniteti yaranıb. Lakin buna rəğmən, yeni təhlükəli mutasiyaların yaranma riski mövcuddur”. 

Bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

Onun sözlərinə görə, xəstəliyin əlamətlərinin qalması yeni ştammların yaranmasına və ölüm hallarına gətirib çıxara bilər:

“Biz deyə bilərik ki, pandemiyanın fövqəladə mərhələsinin başa çatmasına yaxınıq, lakin hər şey bitməyib”.

Bəs görəsən, havaların soyuması yoluxma riskini nə qədər artırır? Xəstələnənlər arasında yeni ştammlara yoluxanlar aşkar edilibmi?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən infeksionist Vüqar Cavadzadənin sözlərinə görə, mutasiyalar COVID-19-un özü qədər təhlükəli deyil:

“Ümumiyyətlə, koronavirus infeksiyası getdikcə mutasiyaya uğrayır. Mutasiya virusların bioloji xüsusiyyətləri, yaşam tərzidir. Ancaq bunlar COVID-19 infeksiyasının özü qədər təhlükəli deyil.

Çünki mutasiyaların xəstəliktörətmə qabiliyyəti getdikcə zəifləyir. Və bu da xəstələrin sayının və xəstəliyin müddətinin azalmasına səbəb olur, ağırlaşmasının qarşısını alır. Burada qorxulu bir şey yoxdur”.

İnfeksionist qeyd edib ki, yeni mutasiyaların xəstəliktörətmə qabiliyyəti çox azdır:

“Dünyada iki ildən artıqdır ki, bu xəstəlik yayılıb. Əhalinin əksəriyyəti xəstəliyə yoluxub, sağalıb, vaksinasiya olunaraq immunitet qazanıb. Yeni mutasiyalar əmələ gəlsə də, artıq immunitet formalaşıb. Digər tərəfdən də onların xəstəliktörətmə qabiliyyəti olduqca aşağıdır. Dünya heç vaxt 2020-ci ilin əvvəllərindəki vəziyyəti yaşamayacaq”.

V.Cavadzadə əlavə edib ki, yoluxanlar arasında artım müşahidə edilsə də, ciddi ölüm göstəricilərinə rast gəlinməyəcək:

“COVID-19 infeksiyası respirator virusların içərisində yer alacaq. Onlar sanki bizimlə birlikdə yaşayır. İlin soyuq aylarında rast gəlinir. Koronavirus da daimi olaraq cəmiyyətdə yaşayacaq. İllər keçsə də yüngül kliniki əlamətlərlə rast gəlinəcək, zəif mutasiyalarla müşahidə ediləcək.

Azərbaycanda və dünyanın digər ölkələrində ağır nəticələr müşahidə edilə bilməz. Havalar soyuduğuna görə yoluxanların sayında bir qədər artım var. Lakin riskli vəziyyət hesab olunmur”.

Nəzrin Vahid

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri