Yan
2023
14:36
224
16
6030
Virtual karabakh

Azərbaycanın “Çarli Çaplin”i ilə MÜSAHİBƏ: “İşim qiymətləndirilməsə, ABŞ-də yaşamazdım” - FOTO

6 Yan, 2023
14:36
6030

Azərbaycanın “Çarli Çaplin”i ilə MÜSAHİBƏ: “İşim qiymətləndirilməsə, ABŞ-də yaşamazdım” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Rusiyada böyümüşəm, təhsilimi orada tamamlamışam, amma buna baxmayaraq, ailədə həmişə azərbaycanca danışmışıq. İndi də uzaqda yaşasaq da, bir çox qohumlarımla telefonda ancaq Azərbaycan dilində danışırıq. Uşaqlarıma da ana dilimizi öyrətməyə səy göstərirəm, onlar danışmaqda bəzən çətinlik çəksələr də, yaxşı başa düşürlər. Amma çalışıram ki, onlar da Azərbaycan dilində danışsınlar”.

Bu sözləri Oxu.Az-a müsahibəsində ABŞ-də yaşayan azərbaycanlı sirk ustası, şoumen, Ginnes rekordçusu Üzeyir Novruzov deyib. Akrobat saytımıza 2015-ci ildə “America’s Got Talent” şousuna qatılma yolundan, bu yarış hesabına Azərbaycanda tanınmağından, qonorarlarından, gələcəkdə ölkəsində sirk məktəbi açıb-açmayacağından və digər bir sıra məsələlərdən danışıb.

Müsahibəni təqdim edirik:

- Üzeyir bəy, oxucularımız üçün özünüz haqda ümumi bir məlumat verməyinizi istəyərdik.

- 1976-cı ildə doğulmuşam, 1988-ci ildə ailəmlə birlikdə Rusiyaya köçmüşəm, uşaqlıqdan atam bizdə incəsənətə maraq oyadıb. Orta təhsil olaraq Moskva Sirk Məktəbini bitirmişəm. Hazırda ABŞ-nin Las-Veqas şəhərində yaşayıram və işləyirəm. Sirk ustasıyam, evliyəm və üç övladım var. 

- İyirmi ildən çoxdur ABŞ-də yaşayırsınız, oraya köçməkdə məqsədiniz nə idi və uzun illər sizi ABŞ-də saxlayan nə oldu? Əməyinizin orada layiqincə qiymətləndirildiyini düşünürsünüzmü?

- Kolleci bitirdikdən sonra sırf iş üçün uzun illər xaricdə qastrol səfərlərində olmuşam. Yaponiya, Çin, Kanada, eləcə də bir çox Avropa ölkələrinə getmişəm. Sonra isə ABŞ-yə gəlmək istədim və mənim buradakı işim çox yaxşı qarşılandı. Hazırda da dəyər verilir, işimin qarşılığı ödənilir, yoxsa burada yaşamazdım.

- 2015-ci ildə “America’s Got Talent”ə qatıldınız. Altımetrlik pilləkənlə şou göstərdiniz, rekord qırdınız və təbii olaraq proqram sizin tanınmağınızda müəyyən dərəcədə rol oynadı. Yarışa qatılmağa necə qərar verdiniz?

- Bəli, bu şouda iştirak etməzdən əvvəl 10 ildən çox müxtəlif ölkələrdə sirklərdə işləməyimə baxmayaraq, məni tanımırdınız. “AGT Show”da iştirak edəndən sonra geniş ictimaiyyət tərəfindən və təbii ki, həm də xalqım, azərbaycanlılar tərəfindən tanındım. Şükür. Dünya rekorduna imza atmaq istəyirdim, ona görə də qatılıb elə bir şou göstərdim. 

- Tarixə düşmək üçün kifayət qədər təhlükəli nömrələrlə çıxış etdiniz. Tədbirlərinizdə təhlükəsizliyi ikinci plana atırsınız, yoxsa bu sadəcə “Got Talent” üçün keçərliydi? Ümumiyyətlə, sirki təhlükəli sahə hesab edirsinizmi?

- Sadəcə, AGT üçün belə bir şey etmədim, mən həmişə risklə əlaqəli nömrələr yerinə yetirmişəm. Çünki bu mənim xoşuma gəlir və məncə, tamaşaçılar da sevirlər. Bütövlükdə, sirk və bir çox sirk janrları təhlükəlidir. 

- Həmin yarışdan sonra həyatınızda hansı dəyişikliklər baş verdi? Başqa ölkələrdən, şirkətlərdən sizə iş təklifləri gəldimi?

- Bəli, təbii ki, geniş ictimaiyyət məni tanıdı. Bundan sonra daha çox qastrol səfərlərinə başladım və təbii olaraq qonorarım da artdı. Amma ən əsası bu şouda iştirak edəndən sonra doğma ölkəm məni tanıdı. 

- Kino sektorunda da özünüzü sınamaq istədiyinizi demisiniz. Bununla bağlı yaxın gələcək üçün nəzərdə tutulan layihə varmı?

- Doğrudur, deyirdim və hələ də deyirəm ki, özümü kino sahəsində sınamaq istəyirəm. Amma bu baş verməyibsə, yəqin ki, ulduzlar hələ də “sözləşməyiblər”. Yaxın gələcəkdə necə olacağını isə bilmirəm, amma nə vaxtsa bunun olacağına inanıram.

- Özünüz kimi bacarıqlı sirk ustaları yetişdirmək üçün məktəb açmağı düşünürsünüzmü? ABŞ və ya Azərbaycanda belə bir məktəb açıla bilər?

- Azərbaycanda vəziyyətin necə olduğunu bilmirəm, amma ABŞ-də sirk məktəbləri var. Şəxsən mənim öyrətməyimə gəldikdə isə, düzü, bilmirəm. İndiki gənclərin nə qədər səbirsiz olduğunu bilirsiniz. Bu sənət növü isə çox səbir və zəhmət tələb edir. Yenə də baxaq, görək, robotlar sirkimizi əvəz etməsə, yaxşı olar. Həyat göstərəcək.

Sayad Həsənli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri