15 
Yan
2023
21:21
76
52
1908
Virtual karabakh

Pandemiya kinoteatrlara necə təsir edib? - ARAŞDIRMA + FOTO

15 Yan, 2023
21:21
1908

Pandemiya kinoteatrlara necə təsir edib? - ARAŞDIRMA + FOTO

Pandemiyadan sonrakı dövrdə kinoteatrlara marağın azaldığı müşahidə olunmaqdadır. Diqqət yetirəndə hiss olunur ki, kinoteatrlarda əvvəlki coşqu, sıxlıq yoxdur. Əvvəl filmlərə biletlərin yarısı bir gün öncədən satılırdı, başlama saatına 1-2 saat öncə artıq biletlərin bitdiyi deyilərdi. İndi isə əksər seanslarda zalların boş olduğunu görürük. Həmçinin əvvəllər kinoteatrda yayımlanmaq üçün yerli filmlər də çəkilərdi və yaxşı gəlir də gətirirdi. Amma pandemiyadan sonra yerli filmlərin çəkilişi əvvəlki intensivliyi bərpa edə bilməyib.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

“ParkCinema” kinoteatrlar şəbəkəsinin mətbuat katibi Səbinə Bağırova bildirib ki, bu hal nəinki kinoteatrlarda, bütün sahələrdə müşahidə olunur. Çünki pandemiya dövründə insanlar filmləri daha çox evdə izləməyə alışdılar:

“Bu durumdan çıxış üçün tədbirlər görülür. Artıq dirçəliş də başlayıb. Həm dünyada, həm Azərbaycanda filmlər çəkilir və kinoteatrlarda nümayiş olunur. Kifayət qədər həm yerli, həm xarici film var ki, insanları kinoteatrlara cəlb edir. Məsələn, “Avatar: Suyun yolu” filmi hazırda bütün dünya kinoteatrları üçün “dirçəliş” edən bir filmdir. Ondan əlavə yerli istehsal olan “Hozu Cangüdən” filmi artıq yeddinci həftəsini zirvədə tamamlayır”. 

S.Bağırova qeyd edib ki, müxtəlif aksiyalar və kampaniyalar keçirilir:

“Çərşənbə axşamları biletlər xüsusi endirimli qiymətlə satılır ki, hər kəs əldə edə bilsin. Həmçinin tələbələr və ailələr üçün də endirim kampaniyalarımız mövcuddur. Hər ay müxtəlif filmlərin tədbirləri keçirilir ki, insanlar film izləməyə daha da həvəslənsinlər. Elə dekabr ayının əvvəlində kinoteatrımızda məşhur türk komediyası “Çakallarla dans 6” filminin yaradıcı heyəti ilə qala gecəsi keçirildi. Bu növ tədbirlərdə qiymətləri əlçatan etməyə çalışırıq”.

“CinemaPlus” kinoteatrlar şəbəkəsinin mətbuat xidmətinin rəhbəri Nərmin Həsənova dedi ki, onlarda artıq hər şey pandemiyadan əvvəlki dövrdəki kimidir:

“Son günlər zallarımız dolur, izləyicilərimizin də sayı çoxdur. Yalnız pandemiya təzə çıxanda problemlər var idi. O zaman izləyicilərin sayı az idi. Amma indi izləyici sayı normallaşıb. Hər şey filmdən asılıdır. Dünyada olan premyeralar “CinemaPlus” kinoteatrlar şəbəkəsində də nümayiş olunur və insanlar böyük məmnuniyyətlə gəlib izləyirlər”.

Nizami Kino Mərkəzinin mətbuat katibi Arzu Əhədovanın sözlərinə görə, pandemiya bütün dünyada kino sənayesinə təsirini göstərdi:

“Böyük Britaniyanın  “Gower Street Analytics” şirkətinin hesabatına əsasən, dünya kinoteatr sənayesinin pandemiyadan sağalması hələ bitməyib və qlobal kassa gəlirləri pandemiyadan əvvəlki son üç ilin orta göstəricisindən hələ də 48% aşağıdır. Pandemiya dövründə kinoteatrların 18 ay müddətində qapanması tamaşaçıların kütləvi olaraq onlayna üz tutmalarına səbəb olub. Artıq 2 mövsümdür ki, kinoteatrların fəaliyyəti bərpa olunub. Biz də tamaşaçıların yenidən fəallıqla kinoteatrlara üz tutması üçün tədbirlər görür, repertuara xüsusi önəm veririk. Tamaşaçılara yeni filmləri, müxtəlif yerli və xarici festivalları təqdim edirik. Qeyd edək ki, festival filmlərinə giriş ödənişsiz olur. Eləcə də bilet qiymətlərində tamaşaçı maraqlarını nəzərə almağa çalışırıq. Bu və digər tədbirlər tamaşaçının kinoteatra üz tutmağına səbəb olur”.

Kinorejissor Tahir Tahiroviç də hesab edir ki, tamaşaçını kinoteatra qaytarmaq üçün əlavə addımlar atılmalıdır. Bu addımlardan biri bilet qiymətlərinin aşağı salınması ola bilər:

“Azərbaycanda tamaşaçı yaxşı film var deyə kinoteatra getmir. Cəmi 20 faiz insan belə düşünər. Azərbaycan tamaşaçısı, əsasən də gənclər arasında kinoteatr asudə vaxtın təşkili üçündür. Yəni sadəcə kinoteatra getmək istəyir. Həmin gün kinoteatrda ABŞ, İran, Türkiyə filmi fərqi yoxdur, hansı olsa baxacaq. Amma bilet qiymətləri bahadır. Kinoteatrlarda qiymətlər 7-8-10 manatdan başlayır. İnsanların sosial durumu o qədər də yaxşı olmadığına görə biletlərin qiymətlərində endirimlər olmalıdır. 8-10-15 manata olan filmlərə insanlar gəlib baxmayacaq. Bilet 5 manat civarında olsa daha yaxşı olar”.

Teatr və kino rejissoru Namiq Ağayev isə hesab edir ki, kinoteatrlarda hər janrda film nümayiş etdirilməlidir:

“Pandemiyadan sonra insanların zala dolması problem deyil, sadəcə normal kinolar çəkilməli, kinoteatrlara yeni janrlarda filmlər gəlməlidir. Əvvəl bayağı komediyaların sayı həddindən artıq çox idi. Tək-tük gözəl filmlər də olurdu. 6 kino janrı var: romantik, komediya, qorxu-gərilim, aksiyon, tarixi, idman. Bizdə isə ancaq komediya filmi çəkirlər. Riskdən qorxaraq ancaq komediyanın arxasınca düşmək və insanların zövqünü özləri ilə sürümək düzgün deyil. Komediya çəkilməkdə davam edilsin, amma kassa filmi olaraq digər janrlar da olmalıdır. 44 günlük müharibə nəticəsində insanlarımızda qüdrət, təntənə, kədər hissi yaranıb. Bu hisslərin müqabilində az büdcəli də olsa, müharibə mövzusunda film çəkib, kinoteatrlarda yayımlamalıyıq”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri