17 
Yan
2023
17:32
108
243
9908
Virtual karabakh

Bəhram və kəndlilər - VİDEO

17 Yan, 2023
17:32
9908

Bəhram və kəndlilər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kubra Məhərrəmova yazır...

Deməli, düz üçüncü gündür ki, dörd il əvvəl deyilən sözə görə millət bir-birini qırır. Sözü deyəni də söyür, deməyəni də. Amma yenə də, deyilən sözün mahiyyətinə varmadan. 

Yadıma bir hadisə düşdü. Deməli, bir uşağın valideynləri onu psixoloqa gətirirlər. Psixoloq uşaqla söhbət edəndən sonra valideynlərə deyir ki, bu uşaq çox həssasdır, intihara meyillidir. Valideyn isə evə qayıdanda uşağı döyür ki, niyə intihara meyillisən?

Məntiqlə valideyn intihara meyilli olan uşağın dərdini-sərini öyrənməli, ona bu çətin dönəmdən çıxmağa yardım etməli idi. Amma bizdə qədim ənənə, dədə-baba tərbiyə üsulu döyməkdir. Diqqət etsək, bununla bağlı folklorumuzda maraqlı ifadələr də var. Məsələn, “səni nöyüt (neft - red.) iyi verənə kimi döyərəm”. İfadənin tarixi məqamlarına enmədən qayıdıram bugünkü hadisəmizə. Hadisə qalıb bir tərəfə, hamı döyür, daha doğrusu söyür. 

Daha dəqiq desək, düz dörd il yarım əvvəl Bəhram Bağırzadə tanınmış jurnalist Həmid Həmidovun “Danışaq?” verilişinin qonağı olarkən deyib ki, “bir diqqət edin, görün restoranda olanlar necə də yüksəkdən danışırlar”. Yəni mahiyyət etibarilə ictimai yerdə müəyyən olunmuş qaydalar var ki, ona riayət olunmalıdır. Düz demir? - Düz deyir. Deyir ki, kənd şəhərdə assimilyasiya olunmalıdır. Onu da düz deyir. 

Məsələn, kənddə küçənin bu başından o başına qonşunu, dostu, tanışı çağırmaq üçün qışqırmaq normal haldır. Şəhər mühitində çıxaq küçəyə dostumuzu, tanışımızı çağırmaq üçün biz də qışqıraq. Baxanlar da deyəcəklər ki, başına hava gəlib, bu niyə qışqırır? 

Çox vacib bir məsələ də var ki, bəzən tərbiyəsizlik, yekəxanalıq, əxlaqsızlıq şəhərə-kəndə baxmır. Hər yerin öz “qaymaqları” var. Bunu ümumiləşdirmək də olmaz. 

Amma mütləqdir ki, haraya getməyimizdən asılı olmayaraq biz də getdiyimiz yerə görə davranmalı və həmin əhalinin hiss və qaydalarına hörmət etməliyik. 

Məsələn, çoxumuz rayona, kəndə gedəndə daha sadə, el dilində desək, “abırlı” geyinirik. Şəhərdə geyindiyimiz gödək və fərqli donları kəndə geyinmirik. Hər nə qədər də desək ki, kənd müasirləşir və sair, bilirik ki, bu belə deyil. Kəndin öz qayda-qanunu var. Ona görə də necə deyərlər, hər oyunu qaydalarına görə oynamaq lazımdır.

Və ya Allah göstərməsin hüzr məslisinə gedəndə müəyyən davranış qaydaları var ki, bununla da biz yaxınını itirmiş insanın hisslərinə hörmətlə yanaşaraq özümüzə çəki-düzən verib gedirik. Ən azı al-qırmızı dodaq boyası çəkib məclisə getmirik. Və ya əksinə, toya başqa ab-havada, al-əlvan geyinərək gedirik.  

Bu kimi misalları xeyli uzatmaq olar. Amma əsas məqam odur ki, ilk növbədə özümüzü kəndli-şəhərliyə bölmədən, tərbiyə etməliyik. Özümüzü inkişaf etdirməliyik. Əxlaqımıza, danışığımıza, sözlərimizə diqqət etməliyik. Ən azı andıra qalmış növbə mədəniyyətini mənimsəməliyik. 

Bəzən şəhərdə, dükanda, bazarda növbə üstündə dava-dalaş düşür. Xatırlatmaq da yerinə düşər, sərt karantin rejimində olanda insanlar peyvənd olunmaq üçün növbədə dururdular, adi növbəyə riayət etməyənlər isə qapı-pəncərəni qırırdılar, hətta polis bölməsinə aparılırdılar. Qapı-pəncərəni qıranlar ermənilər deyildilər ki, özümüzünkülər idi də. İndi şəhərli idi, kəndli idi, onu bilmirəm. Dediyim odur ki, bəlkə də elə Bəhramın dediyi də budur. Tərbiyə olunmalıyıq. Heç kim Fransadan, İngiltərədən gəlib bizə etiket qaydaları barədə dərs keçməyəcək. Elə özümüzün unudulmuş əxlaq və tərbiyə vərdişlərimizi bərpa etsək bəsimizdir. 

Lakin bizim camaatın bir fitri istedadı da var ki, xarici ölkənin sərhədini keçən kimi olur “quzu bala”. Oranın yerli qanunlarını da, qaydalarını da oranın yerli camaatından daha yaxşı mənimsəyir. Bakıda çoxmərtəbəli evin eyvanından küçəyə vızıldatdığı uşaq bezini bilir ki, Almaniyada küçəyə ata bilməyəcək. O uşaq bezini onun özünə yedirdəcəklər. Amma Bakıda yedirdən yoxdur deyə bildiyini edir. Deməli, onun etdiyi nədir? - Əxlaqsızdır. Əxlaqsızlıq təkcə sizin bildiyiniz klişe deyil, əxlaqsızlıq budur. Uşağının istifadə olunmuş bezini küçəyə, keçənlərin başına atmaqdır. 

Nə isə, məsələdən çox uzaqlaşmadan Bəhram Bağırzadəni təhqir edən, söyən, tənqid edən hər bir kəsə bu videoya baxmağı məsləhət görürəm. 

Söyəndə də heç olmasa məntiqlə söyün. Bilin ki, nəyə görə söyürsünüz. Yoxsa qonşu Xalidə xala dedi ki, Bəhram elə deyib, gəlin onu söyək olmasın. 

Həm də ki, söymək, təhqir etmək də yaxşı şey deyil. Nə kənddə, nə də şəhərdə.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri