14 
Mar
2023
10:20
13
127
3872
Virtual karabakh

“Vitamin çoxluğu xərçəng hüceyrələrinin yaranmasında böyük rol oynayır” - RƏY + FOTO

14 Mar, 2023
10:20
3872

“Vitamin çoxluğu xərçəng hüceyrələrinin yaranmasında böyük rol oynayır” - RƏY + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Vitamin azlığı bədən üçün nə qədər zərərli hesab olunursa, normadan çoxluğunun da ziyanlı tərəfləri var”.

Bunu bir neçə gün öncə həkim-terapevt Zakir Quliyev Səhiyyə Nazirliyinin rəsmi “Instagram” səhifəsində canlı yayım zamanı bildirib.

Onun sözlərinə görə, vitaminlərdən ehtiyac oldu-olmadı qəbul etmək tövsiyə olunmur.

Vitaminlər sağlamlığımız üçün çox faydalı, əhəmiyyətlidir. Lakin hər şeyin çoxu zərərli olduğu kimi, vitaminlərin də çoxu zərərlidir. Bu baxımdan A, D, E və K vitaminlərini çox qəbul etdikdə bədəndə yığılır və “hipervitaminoz” deyilən vitamin çoxluğuna səbəb olur. 

Bəs görəsən, bu hansı xəstəliyin yaranmasına səbəb ola bilər? Ziyanlı tərəfləri hansılardır?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən terapevt Sübhan Hacıyevin sözlərinə görə, vitaminlərin əskikliyi necə xəstəlik yaradırsa, çoxluğu da fəsadlar yaradır:

“Vitaminlər insan orqanizminin özfəaliyyətini sürdürməsi üçün müəyyən miqdarda lazım olan üzvü maddələrdir. Vitaminlər yağda və suda həll olunanlar qrupuna bölünür. Yağda həll olunanlar A, D, E, K, suda həll olunanlar B və C qrup vitaminləridir. Əskiklik necə xəstəlik yaradırsa, çoxluğu da fəsadlara səbəb olur”.

Həkim qeyd edib ki, B və C vitamin çoxluğu xərçəng hüceyrəsinin yaranmasında böyük rol oynayır:

“B və C vitaminləri ciddi allergik xəstəliklərə yol açır. Bununla yanaşı hüceyrələrin vaxtından tez bölünməsi və böyüməsinə yol açaraq xərçəng hüceyrəsinin yaranmasında böyük rolu var. Onkoloji xəstəliyi olan insanlara bu vitaminin köçürülməsi tövsiyə olunmur.

K vitamininin çox qəbulu damarlarda trombların çoxalmasına gətirib çıxarır. Beyin infarktına səbəb olur. D vitamini kalsium və fosfor mübadiləsini orqanizmdə tənzimləyir. Hüceyrə daxili kalsiumun çox olması əzələ spazması, qəbizlik, ürək döyüntülərinin artmasına yol açır. A vitaminin çox olması gözlərdə problem yaradır. Gözlərdə əzələ zəifliyi və görmə problemi yaradır. Kəskin baş ağrılarına səbəb olur. Vitamin çoxluğu həkimlər tərəfindən təyin edilib, müalicə olunmalıdır”.

Terapevt həkim Abbas Bağırov qeyd edib ki, vitaminləri reseptsiz qəbul etmək olmaz:

“Orqanizmdə vitamin çoxluğu mübadilə pozulması ilə nəticələnir. Vitaminlərin nəzarətsiz qəbulu fəsadlara yol açır. Orqanizmdə ən çox A və D vitaminlərinin çoxluğuna rast gəlirik. Bəzən E və C-nin də artıq miqdarını müəyyən edə bilərik. Hər hansı bir infeksion xəstəlik zamanı insanlar özbaşına vitamin alırlar. Dozasına da baxmırlar. Preparatları qeyri-düzgün şəkildə qəbul edirlər. Sırf vitamin olduğu üçün fəsadlarını düşünmürlər”.

A.Bağırov orqanizmdə vitamin çoxluğu yaradan qida məhsullarından danışıb:

“Qaraciyər, balıq yağı, xərçəng, krevetka məhsullarının içərisində həddən çox fosfor birləşmələri var. Fosfor və kalsium birləşmələrinin çoxluğu toksiki cərrahi proseslərə səbəb olur. Nevroloji proseslər yaradır.

Dərman vitaminlər uzun müddət qəbul olunsa, zəiflik və yorğunluq baş verəcək. Qaraciyər və dalağın böyüməsinə səbəb olur. Vitamin çoxluğu yaddaşın itməsinə də gətirib çıxara bilər”.  

Həkim əlavə edib ki, E vitamininin həddən çox qəbulu prostat vəzi xərçəngi xəstəliyini yaradır:

 “Vitaminlərin normadan artıqlığı sümüyün mineral sıxlığını pozur. Sümüklər kövrəkləşir, sınmağa meyilli olur. B vitamini əsasən mədə-bağırsaq xəstəliklərinə yol açır. Hər birinin özünəməxsus əlamətləri var. Həkim müalicəsi almaq mütləqdir”.

Qeyd edək ki, orqanizmdə C vitamini çatışmazlığı dəri və diş əti, A vitamini çatışmazlığı görmə, D vitamini çatışmazlığı sümük xəstəlikləri, B vitamini çatışmazlığı isə dəri və sinir sistemi pozğunluğuna gətirib çıxarır. D vitamini çoxluğu isə qanda kalsium səviyyəsinin artmasına və əzələ spazmaları, ürək döyünmələri, qəbizlik kimi problemlərə səbəb olur. Eyni şəkildə A vitamini çoxluğu da beyin təzyiqinin artması, əzələ zəifliyi, başağrısı, görmə problemləri ilə nəticələnir. Son vaxtlar aparılan araşdırmalara görə, yüksək miqdarda istifadə edilən E və C vitaminləri ağciyər xərçənginə yol açır.

Nəzrin Vahid

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri