13 
Mar
2023
18:55
40
479
8885
Virtual karabakh

“Kristal Abşeron”un iş icraçısı: “Sözügedən binada həyat əhəmiyyətli təhlükə yoxdur” - YENİLƏNİB + FOTO/VİDEO

13 Mar, 2023
18:55
8885

“Kristal Abşeron”un iş icraçısı: “Sözügedən binada həyat əhəmiyyətli təhlükə yoxdur” - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sözügedən binada həyat əhəmiyyətli təhlükə yoxdur”.

Bu sözləri “Kristal Abşeron”un iş icraçısı Eldar Məmmədov bildirib.

O qeyd edib ki, sakinlərin şikayətinə səbəb olan bir problem yoxdur və onlar rahat şəkildə yaşaya bilərlər:

“Problem binanın altından keçən su xətləri ilə əlaqədi idi. Həmin xətlər artıq uzaqlaşdırılıb”.

Daha ətraflı Baku TV-nin süjetində:

11:10

Qaradağ rayonu “Qobu Park-2” yaşayış kompleksində 16 saylı binanın sakinləri təhlükə ilə üz-üzədirlər.

Bu barədə Oxu.Az-a həmin binanın sakinləri məlumat veriblər.

Bildirilib ki, binanın təməlinə su sızır, hər an təhlükə yaşana bilər:

“Binanın təməlinə su sızır. Bina önə doğru əyilib. Hər an təhlükə yaşana bilər. Bu hal daha öncə digər binalarda da yaşanıb. Qrunt suları özülə axır. Zəlzələ olsa, bina yerlə bir olacaq”.

Sakinlərin sözlərinə görə, binanın özülünə hazırda beton tökülür:

“Hazırda binanın özülünə beton tökülür. Guya təhlükəsizliyin qarşısını almağa çalışırlar. Əyilmiş binaya beton tökülməsi nə dərəcədə doğrudur?

Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı “Qobu Park-2” yaşayış kompleksinin tikintisini həyata keçirən podratçı şirkət - Kristal Abşeronla əlaqə saxlayıb. Lakin zənglərimiz cavabsız qalıb.

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən tikinti məsələləri üzrə ekspert Nüsrət İbrahimovun sözlərinə görə, bina müxtəlif səbəblərdən bu hala düşə bilər:

“Bina tikilməmişdən öncə torpağın tərkibi öyrəniləndə səhvlər buraxılıb. Yeraltı sular o istiqamətə axıb, təməlini yuyub. Bununla yanaşı ola bilər ki, müxtəlif yer təkanları zamanı süxurun strukturu dəyişib. İnsan səhvi də ola bilər. Araşdırma aparılmalıdır. Rəy verilməlidir ki, orada sakinlər yaşaya bilərlər, yoxsa yox”.

N.İbrahimov qeyd edib ki, tikinti standartlarına əməl olunmalıdır:

“Tikinti zamanı hər hansı səhvin nəticəsi bu ola bilər. Tikinti standartlarına əməl olunmalıdır. Yerin tərkibi öyrənilməlidir. Tikintilər layihə əsasında aparılmalıdır. Qurumlar nəzarət edib, hər şey normaldırsa, istismara qəbul aktı verilməlidir”.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, bina istismarda olduğu üçün artıq onların səlahiyyətində deyil:

“Bu bizim səlahiyyətimizdə olan məsələ deyil. İstismarda olan, vaxtı ilə tikilən binadır. Komitə istismara verir. Bizim tərəfdən belə bir şey yoxdur. Bina qəzalıdır. Altına su yığılıb. Tədbirlər görülür. Tikinti və istismar halı olsaydı, münasibət bildirərdik”.

Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən açıqlamaya görə, bina hansı təşkilatın balansındadırsa, bu məsələyə onlar cavabdehlik daşıyırlar:

“Biz dəfələrlə izah edirik. İstismarda olan binalara cavabdehlik daşımırıq. Balanssaxlayıcı təşkilat baxır. Hansı təşkilatın balansındadırsa, onların səlahiyyətində olan məqamdır”.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, heç bir su axıntısı halı aşkarlanmayıb:

“Qaradağ Su Kanal İdarəsi ilə əlaqə saxladım. Heç bir su axıntı problemi yoxdur. Başqa ərazilərdə olub. Olan zaman qarşısı alınıb. Orada su ilə bağlı problem yoxdur. Hər hansı bir boru da partlamayıb. Qəza olan zaman vaxtaşırı qarşısı alınır”.

 

Nəzrin Vahid

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri