13 
Mar
2023
12:54
91
6
1512
Virtual karabakh

Həkim: Qlaukoma xəstəliyin erkən mərhələdə aşkar edilməsi üçün ildə bir dəfə müayinədən keçmək lazımdı - FOTO

13 Mar, 2023
12:54
1512

Həkim: Qlaukoma xəstəliyin erkən mərhələdə aşkar edilməsi üçün ildə bir dəfə müayinədən keçmək lazımdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti İmran Cərullazadə Qlaukoma xəstəliyin erkən mərhələdə aşkar edilməsi prosesindən danışıb. 

Həkimin Səhiyyə Nazirliyinin saytına verdiyi müsahibəni təqdim edirik:

- İmran müəllim, qlaukoma xəstəliyi daha çox hansı yaş kateqoriyasında müşahidə olunur?

- El arasında “Qara su” kimi tanınan qlaukoma xəstəliyi oftalmologiyada ən təhlükəli göz xəstəliklərdən biri hesab olunur. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, qlaukoma kataraktdan sonra korluğa səbəb olan xəstəliklər arasında ikinci yerdədir. Səbəb isə odur ki, qlaukoma erkən mərhələlərdə asimptomatik keçir. Buna görə də onun nəzarətsiz gedişi görmə qabiliyyətinin geridönməz itkisinə səbəb olur.

Qlaukomanın inkişaf riski 40 yaşdan yuxarı insanlarda olur. Lakin bu xəstəlik gənclərdə və hətta körpələrdə (anadangəlmə qlaukoma) baş verə bilər.

- Qlaukoma xəstəliyi gözə necə zərər verir?

- Qlaukoma görmə sinirinin və torlu qişanın zədələnməsinə səbəb olur. Bu, göziçi təzyiqin fərdi normadan artıq olması səbəbindən baş verir və zaman keçdikcə optik sinirin atrofiyasına gətirib çıxara bilər.

- Qlaukomanın hansı növləri var?

- Qlaukoma, əsasən, iki qrupa bölünür: Açıqbucaqlı qlaukoma və qapalıbucaqlı qlaukoma.

Açıqbucaqlı qlaukoma - bu, demək olar ki, xəstəliyin nisbətən çox rast gəlinən formasıdır. Əksər hallarda açıqbucaqlı qlaukoma asimmetrik olaraq baş verir və hər iki gözə təsir edir. Patologiyanın bu növü kor ləkənin, sinir liflərinin və görmə sahəsinin struktur və funksional defektinə səbəb olur.

Qapalıbucaqlı qlaukoma - xəstəliyin nisbətən az rast gəlinən formasıdır. Bu formada gözdaxili təzyiq sürətlə artmağa başlayır. Qapalıbucaqlı qlaukomada bəbəyin genişlənməsinə səbəb olan istənilən vasitə, məsələn, işıq, müəyyən dərmanlar, hətta gözləri müayinə etmək üçün istifadə edilən bəbəkgenişləndirici damcılar qüzeyli qişanın gözdaxili maye axarlarının bloklamasına səbəb olur. Bu zaman göz alması qısa zamanda sərtləşir - təzyiq qəfildən ağrı və görmənin dumanlanmasına gətirib çıxarır. Qapalıbucaqlı qlaukomanın kəskin tutması zamanı şiddətli baş ağrısı, ürəkbulanma, qusma və sinə ağrısı kimi simptomlar müşahidə oluna bilər.

- Qlaukoma riskini artıran amillər hansılardır?

- Risk faktorları aşağıdakılardır:
• 40 yaşdan yuxarı olanlar;
• yüksək dərəcəli miopiya (yaxından görmə) və ya hipermetropiya (uzaqdan görmə),
• irsi meyillilik;
• göz zədələri;
• şəkərli diabet, hipertoniya, endokrin xəstəliklər;
• müəyyən dərmanların (hormonal dərmanlar, antihistaminiklər, antidepresanlar və s.) uzunmüddətli istifadəsi.

- Həkimə nə zaman müraciət etmək lazımdır?

- Aşağıdakı simptomlardan hər hansı biri baş verərsə, dərhal həkimə müraciət etməlisiniz:
• Periferik və ya yan görmə itkisi. Bu, adətən, qlaukomadan görmə itkisinin ilk əlamətidir;
• İşıq mənbəyinə baxdıqda ətrafında rəngli halqaların görünməsi;
• Gözlərin qızarması;
• Göz ağrısı və baş ağrıları. Ən çox qapalıbucaqlı qlaukoma zamanı baş verir;
• Ürəkbulanma və ya qusma. Xüsusilə gözlərdə güclü ağrı ilə müşayiət olunarsa.

Onu da qeyd edim ki, xəstəliyinin erkən mərhələdə aşkar edilməsi, eyni zamanda görmə qabiliyyətini qorumaq üçün ildə bir dəfə profilaktik oftalmoloji müayinədən keçmək tövsiyə olunur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri