30 
Mar
2023
12:20
13
152
2140
Virtual karabakh

Lökbatan dairəsində “əbədi” xaos: Bakı Cənub Avtostansiyası niyə açılmır? - ARAŞDIRMA + FOTO

30 Mar, 2023
12:20
2140

Lökbatan dairəsində “əbədi” xaos: Bakı Cənub Avtostansiyası niyə açılmır? - ARAŞDIRMA + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın cənub-şərq və cənub-qərb bölgələrində yaşayanların Bakıya gediş-gəlişini çətinləşdirən Lökbatan dairəsindəki nəqliyyat xaosu ilə demək olar, hər birimiz qarşılaşmışıq. Bu problem illərdir, vətəndaşları narahat edir. Yol kənarında qanunsuz fəaliyyət göstərən avtodayanacaq və pərakəndə şəkildə dayanan sərnişinlər yolda sıxlıq yaradırlar. Bu isə qəzaları qaçılmaz edir.

Bütün bu halların qarşısını almaq üçün 2019-cu ildə Bakı Cənub Avtostansiyası inşa edildi. Dövlət Avtomobil Nəqliyyatı Xidməti 2019-cu ilin yanvarın 8-də mətbuata açıqlamasında bildirmişdi ki, avtostansiya elə həmin ilin fevral ayında istifadəyə veriləcək. DANX-nin açıqlamasından belə aydın olmuşdu ki, ticarət mərkəzlərindən alış-veriş edib cənub, cənub-şərq istiqamətinə gedən sərnişinlər əvvəlcə “20 Yanvar” dairəsinə, oradan Bakı Beynəlxalq Avtovağzal Kompleksinə (BBAK), daha sonra isə rayona getməlidirlər. Avtostansiya istifadəyə verildikdən sonra isə artıq alış-veriş edib, rayona getmək istəyən vətəndaşlar birbaşa Bakı Cənub Avtostansiyasından rayona gedə biləcəklər... Həmin açıqlamadan dörd ilə yaxın vaxt keçib, Bakı Cənub Avtostansiyasının qapısı hələ də qıfıllı qalıb.

Müzakirələr zamanı ekspertlər bildiriblər ki, avtostansiya xoş niyyətlə tikilsə də, praktik deyil. Belə ki, onun istismara verilməsi və avtobusların inzibati yolla buraya cəlb edilməsi Lökbatanda əlavə nəqliyyat sıxlığı yaradacaq.

Pravda.az sözügedən avtostansiya ilə bağlı dörd il ərzində aidiyyəti qurumlar tərəfindən mətbuata verilən bir-birinə zidd, fərqli açıqlamaları da araşdırıb.

Belə ki, Bakı Cənub Avtostansiyasının açılışına 2019-cu ilin ikinci yarısından ölkədə sərt karantin rejiminin başlaması mane olub. 2020-ci ildə də avtostansiya məlum səbəbdən açılmayıb.

Dövlət Avtomobil Nəqliyyatı Xidməti 2021-ci ilin iyul ayının 9-da, nəhayət, mətbuata bildirib ki, Bakı Cənub Avtostansiyası tikilsə də, rəsmi qaydada sərnişindaşıma həyata keçirilmir:

“Avtostansiya müntəzəm sərnişindaşıma xidmətləri göstərməsi üçün avtovağzallar haqqında Əsasnamədə qeyd olunan kriteriyalara cavab verməlidir. Yalnız bu halda avtostansiyaya Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (indiki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) və nazirliyin aidiyyəti strukturu olan DANX tərəfindən pasport təyin olunur. Tikilib istifadəyə verilsə də, pandemiya ilə əlaqədar avtostansiyanın sənədləşmə işləri yubandı. Sənədləşmə işləri bitdikdən sonra bizə müraciət olunacaq. Təyin etdiyimiz kriteriyalara cavab verəcəksə, avtostansiya rəsmi qaydada fəaliyyətə başlayacaq. Lökbatan dairəsindəki qeyri-qanuni sərnişindaşımalara nazirlik və DANX cavabdeh deyillər. Problemin qarşısını almaq üçün cəza tədbirləri bizim tərəfimizdən müəyyən olunmur. Bunun üçün aidiyyəti digər strukturlar var. Qeyri-qanuni sərnişindaşımalarının artması bizim qurumu da narahat edən məsələlərdəndir”.

DANX-nin həmin açıqlamasına elə həmin vaxt Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi belə cavab verib:

“Ora Qaradağ DYP şöbəsinin ərazisidir. Ərazidə xidmət aparan əməkdaşlarımıza daim məlumat veririk. Avtostansiya hələ istifadəyə verilməyibsə, o demək deyil ki, həmin ərazidən keçənlər ləngiməlidirlər. Yol hərəkətində şəxsi mənafe ümummilli mənafedən üstün tutula bilməz. Yollardan hamı eyni dərəcədə istifadə etmək hüququna malikdir. “Yol hərəkəti haqqında” Qanun onu yerinə yetirmək üçündür. Sürücü intizamlı olmalıdır. Hər kəs çörəkpulu qazanmaq, eyni zamanda, evinə rahat gedib-gəlmək istəyir. Maşını olmayanları da düşünmək lazımdır. Sürücülərə müraciət edirik ki, nəqliyyat vasitəsinin dayanma-durma qaydalarına diqqət etsinlər”.

DANX-nin sözügedən açıqlamasından bir il sonra - 2022-ci il aprel ayının 28-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən mətbuata verilən yeni açıqlamada avtostansiyada işlərin yekunlaşmaq üzrə olduğu qeyd edilib:

“Avtostansiya işlək vəziyyətə gətirilib. Əməkdaşlar, həmçinin DANX nümayəndələri artıq avtostansiyada yerləşiblər. Eyni zamanda, avtomobil nəqliyyatı ilə daşımalarda təhlükəsizliyin təmin olunması, xüsusilə qeyri-qanuni fəaliyyət göstərən avtonəqliyyat vasitələrinin sürücülərinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə DANX Baş Dövlət Yol Polisi İdarəsi ilə birgə reydlər keçirir. Lökbatan dairəsində qeyri-qanuni hərəkətlər dayandırılmasa, müvafiq tədbirlər görüləcək”.

Artıq 2023-cü ildir. Məsələ hələ də həllini tapmayıb. Bakı Cənub Avtostansiyasının taleyində heç bir dəyişiklik yoxdur.

Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu cür açıqlama verib:

“Lökbatan dairəsi sərnişin axınının intensiv olduğu ərazilərdəndir. Buradan ölkənin müxtəlif şəhər və rayonlarına həm avtobuslar, həm də taksilərlə sərnişindaşıma həyata keçirilir. Sərnişinlər avtobusların xidmətindən istifadə etmək üçün yolun müxtəlif hissələrində dayanırlar. Nəqliyyat vasitələrinin pərakəndə və xaotik hərəkəti isə günün pik vaxtlarında tıxaclara və nəqliyyat ləngimələrinə səbəb olur. Eyni zamanda, avtomobil nəqliyyatı ilə daşımalarda təhlükəsizliyin təmin olunması, xüsusilə qeyri-qanuni fəaliyyət göstərən avtonəqliyyat vasitələrinin sürücülərinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Baş Dövlət Yol Polisi İdarəsi ilə birgə reydlər keçirir. Lökbatan dairəsində də qeyri-qanuni sərnişindaşımaya qarşı reyd aparılır. Sözügedən avtostansiyanın tam gücü ilə fəaliyyətə başlaması qeyri-qanuni daşımaların qarşısı alındıqdan sonra mümkün olacaq”.

Yuxarıdakı açıqlamaları qarşılaşdırdıqda biz də nəsə deməyə çətinlik çəkdik. Belə çıxır ki, avtostansiyanın inşası üçün ayrılan büdcə ya boşa sərf olunub, ya da... Yeri gəlmişkən, müzakirələr zamanı yeganə çarə kimi boş qalan binanın təyinatının dəyişdirilməsi, başqa məqsədlə istifadəsi də təklif edilib. Bildirilib ki, Bakı Nəqliyyat Agentliyi həmin ərazidə şəhər nəqliyyatı muzeyi yaratsın, pul qazansın. Bu məqamda ağlayaq, ya gülək, bilmədik. Bir sözlə, Bakı Cənub Avtostansiyasının taleyi barədə bu il də nəsə demək mümkünsüz görünür. Ümid növbəti illərə qalıb. Naməlum tarixə qədər sürücülərimizə səbir arzulayırıq...

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri