30 
Mar
2023
15:52
17
68
1789
Virtual karabakh

MARSA-nın icraçı direktoru: “Azərbaycanı nisbətən yüksək TV baxışı olan ölkələr sırasına aid etmək olar”-FOTO

30 Mar, 2023
15:52
1789

MARSA-nın icraçı direktoru: “Azərbaycanı nisbətən yüksək TV baxışı olan ölkələr sırasına aid etmək olar”-FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

MARSA şirkətinin icraçı direktoru İradə Sultanova “Report”a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- 2023-cü ilin əvvəlindən sizin şirkət televiziya baxışını və reytinqləri ölçməyə başlayıb. Lakin bildiyimiz qədərilə Azərbaycanda televiziya ölçümləri 1998-ci ildən var. MARSA-nın digərlərindən fərqi nədir? Doğrudurmu, hazırda ölkədə televiziya auditoriyasını və TV baxışını ölçmək üçün dünyanın ən son texnologiyaları istifadə olunur? Ölkədə ölçmə aparılmasının səviyyəsini necə qiymətləndirərdiniz?

- Sualınız və media adından göstərdiyiniz marağa görə təşəkkürlər! Bəli, MARSA 2023-cü ilin yanvar ayından fəaliyyətə başlayıb və artıq üç aydır ki, televiziya ölçmələri üzrə məlumatları bazara təqdim edir. Tam əminliklə qeyd edə bilərəm ki, biz Azərbaycanda bu günə olan ən son auditoriya ölçmə texnologiyasından istifadə edirik. Bundan başqa, Azərbaycan ilk və hələ ki yeganə ölkədir ki, ümumrespublika ölçməsi aparan sistemi tam olaraq yeni tablet-meter PM7 cihazı üzərində qurulub.

Bu gün PM7 cihazı dünyada televiziya ölçmələri üzrə lider olan, 70-dən çox ölkədə fəaliyyət göstərən “Kantar Media”nın ən son nəsil avadanlığıdır. Hətta bu texnologiyaya yeni keçid edən ölkələrdən olan həmkarlarımız konsultasiya üçün bizə müraciət edirlər. Düşünürəm ki, bizi digər şirkətlərdən fərqləndirən ən əsas cəhətlərimizdən biri məhz budur. Biz həm ölçmə coğrafiyasını bütün Azərbaycana genişləndirdik, paneli 180-dən 950 ev təsərrüfatına böyüdüb gücləndirdik, ən son texnologiyaları ölkəyə gətirdik, həm də ən əsası - auditoriya ölçməsi sahəsində Azərbaycanı beynəlxalq arenada innovativ ölkə kimi təmsil edirik.

Azərbaycan və bizim layihə 2022-ci ildə auditoriya ölçməsi sahəsində ən maraqlı və diqqətçəkən hadisə oldu. Bizim layihə haqqında Londonda keçirilən “Kantar”ın Beynəlxalq Sammitində, Cənubi Afrikada keçirilən PAMRO konfransında və Fransada keçirilən ASI Beynəlxalq Konfransında çıxışlar oldu.

Bu gün MARSA, insanlar böyük ekranda nəyi izləyirlərsə, onun ölçməsini aparır. Bu həm 15 yerli kanal, həm türk və rus kanalları daxil olmaqla xarici kanallar, həm də TV-nin smart funksiyasından istifadə edərək, “YouTube” və müxtəlif mediaplatformalar da daxil olmaqla, baxılan istənilən kontentdir. İstifadə etdiyimiz texnologiyalar bizə istənilən növ TV siqnalını ölçməyə imkan verir – peyk, kabel, IPTV və ənənəvi yerüstü siqnal.

Burada xüsusi olaraq qeyd etmək lazımdır ki, ölçmənin keyfiyyətinə və dəqiqliyinə təsir edə biləcək əsas amil ev təsərrüfatlarının (panelin) sayının ölkənin əhalisinə nisbətidir. Belə ki, Azərbaycan 1:10 000 ən ideal nisbəti olan ölkələrin sırasındadır. Məsələn, Türkiyədə bu 1:21 000, Almaniyada 1:15 000, Rusiyada 1:16 000, ABŞ 1:7 900 təşkil edir. Bunu nəzərə alaraq, tam əminliklə deyə bilərik ki, ölçmə keyfiyyətinə görə hazırda Azərbaycan lider ölkələrdən sayılır.

- Birinci rübdə ölçmə nəticələri nə göstərdi? Ölkədə televiziya baxışı son iki ildə necə dəyişib? İnternetdə və sosial şəbəkələrdə bir sıra nəticələrin müzakirəsi aparılıb və hətta yekun rəylər bildirilib. Sizcə, onlar nə dərəcədə düzgündür?

- İlk olaraq onu qeyd etmək istərdim ki, Azərbaycanda media və TV sahəsində müştərilərə (abunəçilərimizə) təqdim etdiyimiz reytinqləri düzgün “oxuya” və anlaya bilən, nəticələr çıxarıb, analiz edəcək çox az sayda insan var. Əfsuslar olsun ki, ölkədə tez-tez ictimai müzakirələr edən və ona uyğun yanlış nəticələrdən danışan, bu sahədə mütəxəssis olmayan insanlar da az deyil. Adətən, bu, bilinməyən mənbələrdən götürülən və kontekstdən çıxarılan fraqment məlumatlar əsasında sosial şəbəkə istifadəçiləri və bloqerlər tərəfindən edilir. Reytinqlər, telebaxış və televiziya auditoriyasının seçimləri haqqında hər hansı bir yekun rəy əldə etmək üçün iki-üç “Excel” cədvəli və təməl riyazi biliklər kifayət etmir. Bu sahəyə aid olmayan insanların detallı analiz aparmağa imkanları məhduddur. Lakin bu çox dayaz düşüncədir və deyə bilərikmi həmin insanlar eyni qayda ilə xəstələrin kardioqramlarını da şərh edə bilərlər?

Ona görə də hesab edirəm ki, çox vacibdir ki, öz tərəfimizdən biz ilk rübün nəticələri haqqında sizi məlumatlandıraq. Terminologiya və metodologiya ilə sizi yormamaq üçün mən çətin proseslər haqqında daha sadə dildə danışacağam və “ortalama telebaxış” terminindən istifadə edəcəyəm. Bu termin ev təsərrüfatında televizorun qoşulu olduğu ortalama baxış vaxtının göstəricisidir.

Məlumdur ki, elə ailələr var ki, evdə televizordan həftə ərzində yalnız bir neçə saat istifadə edir, lakin televizorun hər gün səhərdən axşama qədər çalışdığı ev təsərrüfatları da var. Bu məlumatlar internet vasitəsilə bizim serverlərə daxil olur və orada emal edilir. İlk üç ayın nəticələrinə əsasən, biz aşağıdakı məlumatları sizinlə bölüşə bilərik:

Azərbaycanda ortalama telebaxış ev təsərrüfatı üzrə 9,3 saat, ortalama fərdi baxış üzrə isə 5 saat 10 dəqiqə təşkil edir. Bakı üzrə isə fərdi ortalama telebaxış 4 saat 39 dəqiqə təşkil edir. Buradan belə bir nəticəyə gəlmək olar ki, Bakıda insanlar televizora bölgələrlə müqayisədə daha az baxırlar.

TV-də izlənilən videokontentin 26%-ni onlayn videokontent təşkil edir, bura “YouTube”, “Netflix”, “Apple TV”, İVİ, “Megogo” kimi platformalar, həmçinin pirat kontenti olan saytlar daxildir. Əlbəttə, deyə bilərik ki, bu telebaxış sayılmır, lakin əksər hallarda, əsasən də “YouTube”da izləyicilər televiziya kanallarının kontentinə baxmağa üstünlük verirlər.

Ənənəvi telebaxışa gəldikdə isə qeyd edə bilərik ki, izləyicilərin 16%-i Türkiyə, 2%-i Rusiya və 56%-i yerli kanallara baxır.

- Sosial şəbəkələrdə insanlar yerli kanallara baxmadıqlarını, yalnız xarici kanallara baxdıqlarını qeyd edirlər. Bununla bağlı fikriniz maraqlıdır. Sizdə belə ailələr varmı?

- Təbii ki, belə ailələr var, lakin onlar azlıq təşkil edirlər. Hazırda onların sayı ölçməyə qoşulan ümumi ailələrin cəmi 2%-ni təşkil edir. Bir neçə həftə öncə biz bu məsələni televiziya kanalları və reklam agentlikləri ilə müzakirə etmişdik, nəticə olaraq o ailələrin ümumi televiziya məlumatlarını tamamlamaq üçün paneldə saxlanılmasına qərar verilmişdi. Bəzi ölkələrdə bazar iştirakçılarının da istəyi ilə ölçmədə yalnız yerli kanallara baxan ailələri saxlayırlar, lakin biz və həmkarlarımız, ölkədə televiziya izlənilməsininin reallığını tam göstərmək üçün bu addımı atmadıq.

- Televiziyaya baxış vaxtını anladıq, bəs televizora baxan insanların sayı neçədir?

- Öncədən demək istəyirəm ki, hər hansı bir dəqiq rəqəm demək mümkün deyil, çünki auditoriya və izləyicilər daim dəyişən bir göstəricidir. İnsanların TV baxışına bir çox amillər təsir edə bilər, bu həm hava şəraiti, mövsümün dəyişməsi, həm bayramlar, həm də ölkədəki siyasi vəziyyət ola bilər. Ona görə də biz ortalama gün ərzində televizora baxan insanların sayından danışacağıq. Son üç ay ərzində ümumi olaraq televiziyaya 6 029 000 insan baxıb. Bununla belə, 5 287 000 insan yerli kanallara, 3 438 000 insan Türkiyə kanallarına, 1 228 000 insan Rusiya kanallarına, 5 000 000 insan isə digər onlayn kontentə televizor vasitəsilə baxıb.

Gördüyünüz kimi, fərqli kateqoriyalar üzrə televizora baxan insanların cəmi ümumi televizora baxanlardan daha çoxdur. Bunun səbəbi isə insanların yalnız bir kanala və ya bir növ kontentə baxmamalarıdır. Bir izləyici həm yerli, həm türk kanalına baxa bilər, daha sonra isə “Smart TV”də “YouTube” qoşub onlayn kontent də izləyə bilər. Buna görə də analiz aparılarkən, yalnız insanların sayı deyil, onların izləmə vaxtları da nəzərə alınmalıdır.

- Yerli kanallar arasında bölgü necədir bəs? “Top 10”a hansı kanallar daxildir?

- Açığını desək, bizim müştərilər bu məlumatları bölüşmək istəmirlər, çünki onun mediada informasiya manipulyasiyası alətinə çevrilməsi və oxucularda yanlış təəssürat yaratması ehtimalı yüksəkdir. Misal üçün, hər hansı bir xəbər kanalının reytinqini - 0,3% və şou proqramların çoxluq təşkil etdiyi 3% reytinq topladığı digər kanal. Kənardan baxıldığı zaman insanlarda belə bir fikir yaranır ki, xəbər kanalı 10 dəfə daha az baxılır və bu rəqəmlərə belə də məna veriləcək. Lakin bir az daha detallı analiz aparsaq, görərik ki, xəbər kanalına 1 500 000 insan, şou kanalına isə 3 000 000 insan baxır, bu isə artıq iki dəfə daha az deməkdir. Fərq isə ondadır ki, şou kanalının verilişləri və filmləri daha uzun olduğu üçün insanlar onlara daha uzun müddət baxırlar – təxminən 1,5 saat. Xəbər kanalının kontentindən asılı olaraq isə ona 15 dəqiqə baxırlar. Digər ölkələrin təcrübəsindən də görünür ki, xəbər kanallarının bu baxışı tam normaldır.

İnformativ manipulyasiyanın digər bir misalını da vermək istərdim. Lider olan kanalların ortalama reytinqi 2-3% təşkil edir və dünya standartlarına görə, bu, kifayət qədər yüksək göstəricidir. Lakin məlumatı və biliyi olmayan insan bunu yanlış təxmin edərək deyə bilər ki, əhalinin yalnız 3%-i kanalı izləyir, bu isə öz növbəsində düzgün deyil, çünki kanalın ortalama izləməsi 40% təşkil edə bilər.

Mən yuxarıda qeyd etdim ki, son üç ay ərzində televiziyaya hər gün altı milyondan çox insan baxır. Yalnız bəziləri bunu fərqli analiz edib və şərh edə bilərlər ki, bu halda əhalinin 60%-i televizora baxır, müvafiq olaraq 40%-i isə baxmır. Bu fikir mediaya da bu formatda təqdim oluna bilər və biz belə halları dəfələrlə müşahidə etmişik. Amma əslində, diqqətdən kənarda qalan odur ki, bu göstərici orta gündəlik rəqəmdir, amma biz televizora baxan insanların orta aylıq göstəricisini götürsək, bu rəqəm 95%-dən çox olacaq.

Buna görə də belə bir razılaşma var ki, kanallar üzrə reytinqlər peşəkar icma daxilində qalsın və yalnız abunəçilər, proqram təminatından istifadə edən və məlumatları oxumaq, təhlil etmək və düzgün nəticə çıxarmaq üçün öncədən təlim keçirdiyimiz müştərilərimiz üçün açıq olsun. Tezliklə www.marsa.az saytımızda ümumi hesabatları ictimaiyyətə təqdim etməyi planlaşdırırıq.

- Lakin hər hansı bir ümumi nəticə qeyd edə bilərik? Daha asan dildə desək, Azərbaycan izləyicisi nəyə baxır?

- Əgər çox ümumi götürsək, Azərbaycanı nisbətən yüksək TV baxışı olan ölkələr siyahısına aid etmək olar. Bir çox ölkələrdən fərqli olaraq, bizim tamaşaçımız yerli telekanallara üstünlük verməklə yanaşı, qonşu dövlətlərin, xüsusən də Türkiyənin telekanallarını izləmək və anlamaq imkanına malikdir. Eyni zamanda, ayrı-ayrı telekanalların ortalama gündəlik auditoriyası 600-700 min insandan başlayır və ən çox baxılan kanallarda 3,5 milyona çata bilir. Yəni deyə bilərik ki, tamaşaçı müxtəlif yerli və xarici telekanallardan öz zövqünə, marağına uyğun məzmun seçə bilir, amma bizim Azərbaycan kontentinə daha çox üstünlük verir.

Həmçinin, bizim izləyicilərə müxtəlif platformalara baxmaq üçün televizordan istifadə artıq adi hala çevrilib. Hələ ki, dinamikaya nəzarət etmək imkanımız yoxdur, lakin zaman keçdikcə bu rəqəmin artacağını düşünürük.

Beləliklə, deyə bilərik ki, Azərbaycan tamaşaçısının diqqəti cəlb etmək üçün yerli, xarici kanallar və müxtəlif platformalar arasında davamlı mübarizə gedir, çünki tamaşaçımıza həddən artıq müxtəlif məzmunlu kontent təqdim olunur. Eyni fikir kontent növlərinə də aiddir - demək olmaz ki, azərbaycanlı tamaşaçı hansısa konkret janra “köklənib”. Təbii ki, dünyanın hər yerində olduğu kimi, bizdə də əyləncə proqramlarına böyük tələbat var, lakin eyni insanlar maarifləndirici, idman, həmçinin xəbər proqramlarına da baxırlar.

- Sonuncu sual - reytinqlər bizim telekanalların keyfiyyətinə necə təsir göstərəcək?

- Bizim əsas vəzifəmiz telekanalları dəqiq, keyfiyyətli və vaxtında auditoriya məlumatları ilə təmin etmək, proqram təminatının istifadəsi və auditoriya təhlili ilə bağlı təlimlər təşkil etməkdir. Həmçinin biz auditoriyanın ölçülməsi sahəsində yeniliklər və qlobal tendensiyalar haqqında, mütəmadi olaraq bazar və Azərbaycanda televiziyaya baxışla bağlı aktual məsələlər haqqında müzakirələr aparırıq.

Telekanalların məlumatları necə emal edəcəkləri, hansı strategiyanı seçəcəkləri və hansı vəsaitlə həyata keçirəcəkləri - bu, artıq bizim məsuliyyət sahəmiz deyil. Əlbəttə ki, məlumatları düzgün idarə edə bilən kanallar yüksək rəqabət mühitində üstünlük əldə edəcəklər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri