Apr
2023
14:40
60
41
1800
Virtual karabakh

Qəzet və saytlar üçün mühüm YENİLİK: “Xərclərə əsaslı surətdə təsir edəcək” - RƏY + FOTO

2 Apr, 2023
14:40
1800

Qəzet və saytlar üçün mühüm YENİLİK: “Xərclərə əsaslı surətdə təsir edəcək” - RƏY + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda qəzetlərə və saytlara verilən maddi yardımlar 3 il müddətinə bir neçə vergidən azad olunur.

Bu, Prezident İlham Əliyevin martın 31-də təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Məqsəd medianın inkişafının təşviqi və media subyektlərinin fəaliyyətini stimullaşdırmaqdır.

Bildirilir ki, media subyektlərinin (kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxslərin) öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlər, o cümlədən reklam gəlirləri gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilir.

Dəyişikliyə görə, media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi də əlavə dəyər vergisindən (ƏDV) azad edilir.

Qeyd edək ki, bu dəyişikliklərin tətbiqi 2023-cü ilin 1 yanvar tarixindən sonrakı 3 il dövrü əhatə edəcək.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov Oxu.Az-a deyib ki, Azərbaycanda vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq ali niyyət kimi konstitusion formada müəyyən edilib. 

Onun sözlərinə görə, vətəndaş cəmiyyətinin bərqərar olunması, habelə bütövlükdə qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət quruculuğu prosesində də müstəqil medianın mövcudluğu ən vacib şərtlərdən biridir.

“Media subyektlərinin müstəqilliyinin ilk şərti isə heç şübhəsiz ki, iqtisadi azadlıqdır. Cənab Prezident “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunu imzalamaqla media subyektlərinin iqtisadi müstəqilliyinə çox mühüm töhfə vermiş oldu”,-deyə deputat əlavə edib. 

O, daha sonra əlavə edib:

“Düzdür, qanunlar Milli Məclisdə qəbul olunur, amma bu normativ hüquqi aktın təşəbbüskarı da cənab İlham Əliyev idi və layihə parlamentə qanunvericilik təşəbbüsü qaydasında məhz dövlət başçımızın imzası ilə daxil olmuşdu. Beləliklə, qanunun imzalanması ilə media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi əlavə dəyər verigisindən azad olundu. Həmçinin Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslər tərəfindən media subyektlərinə media fəaliyyəti ilə bilavasitə bağlı olan işlərin görülməsi və xidmətlərin göstərilməsi də ƏDV-dən azad olunacaq ki, bu da həmin iş və xidmətlərə görə xərclərə əsaslı surətdə təsir edəcək”.

Bildirək ki, dəyişikliklər audiovisual media subyektərini əhatə etmir. Deputat bunun səbəbini izah edib.

“İlk olaraq ona görə ki, audiovizual medianın bu gün tam olmasa da, nisbi oturuşmuş reklam bazarı var. Cari qanunun əhatə dairəsində olan digər media subyektləri ilə müqayisədə audiovizual medianın iqtisadi durumu daha ürəkaçandır. Lakin əlbəttə, audiovizual media subyektləri də həmişə dövlətin diqqətindədir və ehtiyac hasil olarsa, onlar üçün də bu və ya digər formada dəstək davam etdirilə bilər. Yəni dövlət üzərinə düşəni edir və bundan sonra da edəcək. Ancaq unutmayaq ki, bizim əsas məqsədimiz tam müstəqil iqtisadi imkanlara malik media ekosistemi qurmaqdır.  Bunun üçün isə bildiyiniz kimi, bazar münasibətləri əsasında, azad sahibkarlığa təminat verməklə, media biznes sektorunda heç bir formada inhisarçılığa və haqsız rəqabətə yol verməməyi konstitusion hədəf kimi müəyyən etmişik”, - Bəhruz Məhərrəmov fikrini yekunlaşdırıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri