15 
May
2023
10:48
8
42
773
Virtual karabakh

Avtodilerlər Assosiasiyası növbəti tədbirlərini müzakirə etdi - FOTO

15 May, 2023
10:48
773

Avtodilerlər Assosiasiyası növbəti tədbirlərini müzakirə etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) yaz toplantısı baş tutub.

Toplantı ənənəvi olaraq çay süfrəsi ətrafında, səmimi şəraitdə keçib. İlk olaraq, AADA İdarə Heyətinin sədri Natiq Zərbəliyev cari ilin əvvəlində təsdiq olunmuş plana əsasən, həyata keçirilmiş işlər barədə qısa məlumat verib və toplantı iştirakçılarına assosiasiyanın yeni tərəfdaşlarını təqdim edib. Qeyd edək ki, 2023-cü ildə Maşın.Al onlayn avtomobil satış mərkəzi və elektromobillər üçün enerji doldurma stansiyaları idxal edən MLK Tech Group AADA ilə rəsmi əməkdaşlıq barədə razılıq əldə ediblər. İclasın əvvəlində yeni partnyorlara öz təqdimatları üçün vaxt verilib, nümayəndələr avtodilerlərin suallarını cavablandırıblar.

Toplantının ikinci hissəsində AADA-nın hazırladığı bir sıra tədbirlər müzakirə olunub. Yaxın günlərdə ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə paytaxt Bakıdan ən qədim tariximizın şahidi olan Qobustan qoruğuna qədər elektrik avtomobillər yürüşünün təşkili barədə qərar verilib. 5 iyun “Ümumdünya ətraf mühit günü” ərəfəsində daha bir yürüş Abşeron Milli Parkına yönələcək. Bu dəfə avtomobil karvanı hibrid texnologiyalarla hərəkətə gələn nəqliyyat vasitələrindən ibarət olacaq. Xatırladaq ki, bütün bu tədbirlər Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” proqramında yer almış “təmiz ətraf mühit və yaşıl artım ölkəsi” çağırışına cavab olaraq həyata keçirilir. Layihələrin həyata keçirilməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mədəniyyət Nazirliyi, eləcə də Azərbaycan Avtomobil Federasiyası təşkilati dəstək göstərəcəklər.

İyul ayının sonunda keçiriləcək “Caspian Motor Show 2023” avtomobil sərgisi AADA toplantısında müzakirə olunan daha bir mövzu olub/ Məlumdur ki, assosiasiya 20 ildən çoxdur ki, Bakı, Şəki, Qəbələ, Nabran kimi məkanlarda avtoşoular təşkil edir. Builki sərgi 28-30 iyul tarixlərinə təsadüf edəcək və ekspozisiyanın məkanı barədə Abşeronun ən populyar istirahət mərkəzi - “Sea Breeze” ilə ilkin razılıq əldə olunub. Toplantıda çıxış edən AADA İH-nin üzvü Həmid Hacıyev və icraçı direktor Eyyub Əliyevin söylədiklərinə görə, builki avtoşou daha geniş miqyasda və tam fərqli formatda baş tutmalıdır.

“Caspian Motor Show” sərgisinin açılış günündə “TEZ: Təhlükəsizlik, Ekologiya, Zövq” şüarı altında ölkə avtomobil parkının cavanlaşmasına həsr olunmuş konfransın keçirilməsi də planlaşdırılır. Konfransa avtomobil biznesi nümayəndələrindən başqa, bank və sığorta sektorlarının, hökumət və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, MM deputatları, müvafiq nazirliklər dəvət olunacaqlar. Konfransda ölkəmizdə mövcud olan avtokredit və lizinq şərtləri, yenidən ixrac qaydaları, avtomobillərin qeydiyyat və texniki baxış prosedurları, ehtiyat hissələrinin idxalı zamanı brend müdafiəsi və digər məsələlər müzakirə olunacaq.  

Toplantının sonunda İH-nin sədri N.Zərbəliyev iştirakçılara assosiasiyanın yeni üzvləri barədə məlumat verib, qeyd edib ki, cari ildə AADA-nın birləşdirdiyi milli və xarici avtomobil markalarının sayı 45 olub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri