İyn
2023
12:48
10
96
1199
Virtual karabakh

Otuz bir ildir gözü yollarda olan ana: “Bir dəfə zəng gəldi, elə bildim oğlumu tapıblar” - FOTO

5 İyn, 2023
12:48
1199

Otuz bir ildir gözü yollarda olan ana: “Bir dəfə zəng gəldi, elə bildim oğlumu tapıblar” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İnsan itkisi ağır dərddir, 31 ildir gözümüz yollarda qalıb. İndi heç olmasa, İbadətin sonuncu dəfə düşmənlə döyüşdüyü əraziyə getmək, oğlumun izlərini axtarmaq istəyirəm”.

Bunu “Report”un Şimal-qərb bürosuna müsahibəsində Azərbaycan Ordusunun itkin düşmüş hərbi qulluqçusu İbadət Nəcəfovun atası Nəcəf Nəcəfov deyib.

Yurd həsrəti, oğul itkisi

Nəcəfovlar ailəsi əslən Laçın rayonunun Oğuldərə kəndindəndir. 1992-ci ilin may ayına qədər doğma yurdlarında sakit, firavan həyat sürüblər. Laçın işğal olunandan sonra Qax rayonuna pənah gətiriblər, 31 ildir burada məskunlaşıblar.

İşğal illərində Nəcəfovlar ailəsinin iki ağır, sağalmaz dərdi, qaysaq bağlamayan yarası olub: vətən və övlad həsrəti.

Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində qazandığı zəfər bu yaralardan birini sağaldıb. 2020-ci ilin dekabrın 1-də Laçın, o cümlədən rayonun Oğuldərə kəndi yağı düşmənin tapdağından azad olunub, Nəcəfovlar ailəsinin yurd həsrəti bitib.

Amma onların gözü indi də yollardadır, çünki hələ də itkin düşən övladlarından heç bir məlumat yoxdur, onun bir nişanəsini belə tapmaq mümkün olmayıb.

Döyüş meydanında yoxa çıxan İbadət kimdir?

Haşiyə: İbadət Nəcəf oğlu Nəcəfov 1972-ci il yanvarın 2-də Laçın rayonunun Oğuldərə kəndində anadan olub. 1979-cu ildə Oğuldərə kənd orta məktəbinin I sinfinə daxil olan İbadət 1989-cu ildə həmin məktəbi bitirib.

1990-cı ildə hərbi xidmətə çağırılıb. Şəmkir rayonunda xidmət keçdikdən sonra 1992-ci ilin əvvəlində ordudan tərxis olunub. İki ay evdə qaldıqdan sonra Qarabağda gedən döyüşlərə qatılmaq üçün könüllü olaraq ordu sıralarına qayıdıb. Döyüşlərin ilk günlərindən cəsurluq nümayiş etdirən İ.Nəcəfovun son döyüşü 1992-ci il sentyabrın 17-də doğulub boya-başa çatdığı Laçın rayonu istiqamətində olub.

Düşmənlə ağır döyüşlərin birində İbadət hər iki ayağından güllə yarası alır. Onu döyüş meydanından çıxarmaq mümkün olmur. O gündən indiyədək İ.Nəcəfovun taleyindən heç bir məlumat yoxdur.

“Övladın ölümünə dözmək çətindir, itkin dərdi isə daha ağırdır”

İbadətin atası Nəcəf Nəcəfov hazırda 79 yaşındadır, gözləri yaxşı görmür, ağır eşidir. Düzdür, bu, az yaş deyil, amma deyir ki, onu Vətən nisgili və övlad itkisi tez qocaldıb, taqətdən salıb.

N.Nəcəfovun on övladı olub. Ən böyüyü İbadətdir. Atası çətinliklə də olsa, oğlunun uşaqlıq illərindən danışır, qəhər onu boğur, kəlmələri boğazında düyünlənir.

“İbadət övladlarımın ən böyüyü idi. Hamı onu mərd, qorxmaz bir gənc kimi tanıyırdı. Hərbi xidmətini başa vurduqdan sonra müharibəyə könüllü getməyi də bunu bir daha sübut etdi. 31 ildir ki, İbadətdən bir xəbər ala bilməmişik”, - deyə Nəcəf Nəcəfov söyləyib.

Ailə üzvləri 1992-ci ilin sentyabrından İbadəti axtarır, müxtəlif yerlərə üz tutur, bir xəbər alacaqları ümidi ilə yaşayırlar. Hətta bir dəfə - 1992-ci ilin payızında, Laçının şimal kəndləri ikinci dəfə işğal olunmamış İ.Nəcəfovun yaralandığı əraziyə də gediblər. Lakin heç bir izini tapa, nəsə öyrənə bilməyiblər.

“Bizə dedilər ki, oğlum yaralandıqdan sonra ermənilər onu əsir götürüblər. Mən, həyat yoldaşım və bibim oğlu İbadətin yaralandığı Sarıbaba dağına da getmişik. Orada mənə oğlumun döyüş yoldaşı bildirdi ki, ağır döyüş getdiyindən İbadəti ərazidən çıxarmaq mümkün olmayıb. Bir gün sonra oraya qayıtdıqda isə İbadəti tapmayıblar. Bu illər ərzində Beynəlxalq Qırmızı Xaç Komitəsinə bir neçə dəfə müraciət etsək də, İbadətdən bir xəbər ala bilməmişik”, - deyə atası əlavə edib.

N.Nəcəfov söyləyir ki, övladın ölümünə dözmək çətindir, itkin dərdi isə daha ağırdır.

O söyləyib ki, indi onların böyük təsəlliləri var, çünki torpaqlarımız yadelli qüvvələrin tapdağından azad olunub:

“Oğlumun yoxluğuna inana bilməsəm də, Vətən müharibəsində qazandığımız qələbə mənə böyük təskinlik verir. Zəfər bizi doğma yurdumuza qovuşdurdu. Kəndimizə getdim, gördüklərim dəhşət idi. Erməni işğalçıları digər yerlərdə olduğu kimi Oğuldərədə də daş üstə daş qoymayıblar, bütün evləri dağıdıblar. Böyük evimizdən sadəcə daş yığını qalıb. Hətta evimin içərisində irigövdəli ağaclar da bitib. Buna baxmayaraq, bu günə şükür edirik. Çünki vətənimiz azaddır”.

Gözləri hələ də yollarda olan Şükufə ana

İbadətin anası Şükufə Nəcəfova oğlunun döyüşə yollanma tarixçəsini xatırlayır, bildirir ki, erməni quldurları Xocalıda dinc azərbaycanlılara qarşı soyqırımı törədəndən sonra İbadət özünə yer tapmırdı:

“Həmin gündən orduya yazılmağa qərar vermişdi. İbadət əsasən də Xocalıda öldürülən günahsız insanların qisasını almaq üçün yollanmışdı cəbhəyə”.

68 yaşlı Şükufə ana oğlu ilə sonuncu görüşlərini xatırlayır. Söyləyir ki, görüşlərdən biri yaylaqda olub. Həmin gün İbadət qısa müddətə icazə alıb ailəsinin yanına gəlib:

“Xeyli vaxt idi üzünü görmürdüm, ona görə də bir az çox qalmasını istəyirdim. İbadət isə döyüşə tələsirdi, deyirdi ki, yoldaşlarım məni gözləyir, ləngiyə, onları tək qoya bilmərəm. Gördüm razılaşmır, məcbur oldum hərbi geyimini gizlətdim. Ancaq paltarını axtardı və tapdı. Sonradan balaca qızım deyirdi ki, İbadət paltarını soruşdu, yerini mən göstərdim. İbadət yorğan-döşəyi aşırdı yerə, paltarını geyindi və getdi.

Sonuncu dəfə biz Murovdağda olanda gəlmişdi yanımıza. İki gün qaldı və həmin gediş son gedişi oldu...”.

“Axşamçağı bir zəng gəldi...”

O qeyd edir ki, İbadət 1992-ci il sentyabrın 17-də itkin düşüb, amma ailəsi bundan 4 gün sonra - sentyabrın 21-də xəbər tutub:

“Həmin səhər bir həmkəndlimiz atı ilə qonşumuzun yanına gəldi. Mənim də heç ağlıma gəlmirdi ki, bizə xəbər verməyə gəlib. Baldızımın oğlu da o zaman cəbhədə idi. Elə bildim onun üçün gəlib, sən demə, bizim üçün gəlibmiş. O dedi ki, İbadət yaralanıb. Mən onda vəziyyətin nə yerdə olduğunu başa düşdüm. Uşaqlardan biri balaca idi, onu da kürəyimə bağlayıb yoldaşımla birgə yol evinə endik. Qohumlarımızın hərəsi də bir yerə dağılmışdı. Almaz adlı bir qohumumuz vardı, onun oğlu Rafiq də yaralanmışdı, uzun illər yataq xəstəsi oldu, bir neçə il əvvəl dünyasını dəyişdi. Onda Almaz mənə dedi ki, qorxma İbadət yaralanıb, harasa yerləşdiriblər yəqin, nigaran qalma, tapılacaq. Almaz elə deyəndə Nəcəf başa düşmədi, amma mən bilirdim ki, vəziyyət hansı yerdədir. Onda heç nə demədim. Oradan ayrılıb maşın yoluna düşəndə Nəcəfə dedim ki, Almazın dediyini başa düşdünmü? Yox, cavabı verdi. Dedim, İbadəti erməni aparıb, oğlumuzu əsir götürüblər”.

Şükufə Nəcəfova deyir ki, bu gün də gözü yollarda, qulağı səsdədir. 31 il ötməsinə baxmayaraq, oğlundan bir xəbər almaq ümidini itirmir:

“Bir dəfə axşamçağı qapını süpürürdüm. Onda bir zəng gəldi. Dəstəyin arxasındakı adam dedi ki, İbadətin anasısınız? Dedim, bəli. Mənə elə gəldi ki, oğlumu tapıblar. Bir anlıq özümü itirdim. Sonra tez özümü toparladım. Dedilər ki, gəlib DNT nümunəsi götürəcəyik”.

İbadətin sonuncu döyüşünün olduğu yerə getmək arzusu...

Anası deyir ki, daim oğlunun yolunu gözləyir:

“Nə vaxtsa İbadətimdən bir xəbər çıxacaq”.

İtkin hərbçinin anası qeyd edir ki, torpaqlarımızın azad olunması oğlu ilə bağlı xəbər almaq ümidini də artırıb:

“İşğalçıları qovduq. Bu da bir itkin anası kimi ürəyimə sərinlik gətirdi və oğlumla bağlı xəbər almaq ümidini də diriltdi”.

İndi İbadətin valideynlərinin bir arzusu var, övladlarının düşmənlə sonuncu döyüşə girdiyi əraziyə getmək, oranı ziyarət etmək və onun nişanələrini axtarmaq.

“Oğlumun hərbçi yoldaşları var, onlar İbadətlə sonuncu döyüşdə bir yerdə olublar, harada yaralandığını görüblər. İstəyirik ora gedək. Bəlkə övladımızın bir nişanəsini tapdıq. Ona görə də müvafiq qurumlardan buna icazə vermələrini xahiş edirik”, - deyə N.Nəcəfov söyləyib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri