14 
Avq
2015
15:50
156
37
37410
Virtual karabakh

Azərbaycan təbiətinin mirvarisi Göygöldən reportaj – QİYMƏTLƏR + TƏLİMAT

14 Avq, 2015
15:50
37410

Azərbaycan təbiətinin mirvarisi Göygöldən reportaj – QİYMƏTLƏR + TƏLİMAT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bəzi vətəndaşlar deyirlər ki, bu gözəllik bizlik deyil”.

Azərbaycanın gözəl məkanlarından biri olan Göygöl Milli Parkı artıq üç gündür qapılarını turistlərin üzünə açıb. Bu gözəlliyi görmək istəyən vətəndaşların sayı gündən-günə artır.

Göygöl Milli Parkına ezam olunmuş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin rəhbəri Vaqif Cavadov Oxu.Az-a bildirib ki, təkcə avqustun 12-si milli parka 2000 turist üz tutub, əraziyə 500 avtomobil daxil olub.

Nazirlər Kabinetinin qərarına əsasən Göygöl Milli Parkının ərazisinə daxil olmaq istəyən vətəndaş iki manat ödəməlidir. Kompleks səhər saat 9-dan axşam saat 20.00-a qədər işləyir. Milli Park məhdud marşrut üzrə açıqdır. İki manat ödəyən vətəndaşa bilet verilir, həmin biletlə o, müəyyən marşrut üzrə sərbəst hərəkət edə bilər. Qarabağ müharibəsi əlillərinə, müharibə veteranlarına 25 faiz güzəşt nəzərdə tutulub. 6 yaşa qədər uşaqlar üçün giriş pulsuzdur.

Göygölə 7 yaşından 77 yaşa qədər insanlar üz tutur.

Gölə baxan zaman suyun dibi görsənir.

Göygölə xüsusi gözəllik verən Qu Quşları.


Kompleks işçiləri bildiriblər ki, insan axını çox olduğundan park bəzi hallarda saat 22.00-a qədər işləyir.

Yığılan pullar Milli Parkın mühafizə xidməti üçün, ərazidə məişət tullantılarının yığılması, onların daşınması, müxtəlif nişanların, göstəricilərin quraşdırılması və bərpası, müxtəlif marşrutların qurulması, ətraf mühitin qorunması üçün istifadə olunur.

Milli Parkın girişindən gölə qədər təxminən 7 km yol qət etmək lazım gəlir. Ona görə əraziyə üz tutan vətəndaşlar bura əsasən avtomobil ilə daxil olurlar.

Əraziyə daxil olan avtomobillərin qeydiyyat nömrə nişanı yazılır, əlavə olaraq avtomobildə sərnişinlərin sayı da qeyd olunur.

Bununla əlaqədar kompleksdə avtomobil üçün parkinq təşkil olunub. Parkinqə daxil olan avtomobilin sürücüsünə bilet verilir. Giriş-çıxış vaxtı qeyd olunur. Hər bir saat üçün 0.50 qəpik hesablanır.


Vətəndaşların istirahəti üçün Göygöl Milli Parkının ərazisində müxtəlif pullu xidmətlər təşkil olunub.

İlk olaraq burada özünə xidmət məntəqələri var. Bu məntəqələr icarəyə verilir, vətəndaş müəyyən məbləğdə pul ödədikdən sonra bu xidmətdən yararlana bilər. Bu tipli köşklərin sayı 16-dır. Bir köşkdə 8-16 adam otura bilər. Özünə xidmət məntəqələrinin ətrafında hər cür şərait yaradılıb. Sanitar qovşağından tutmuş, zibil qabına qədər var.


İcarə qiymətinə manqal və şiş daxildir, bir dəfəlik istifadə olunan stəkan və qablar satılır.

Qeyd edək ki, göstərilən qiymətlər dəyişilə bilər, artıq özünə xidmət məntəqələrinin icarə haqqı 50 AZN-dən 40 AZN-ə düşüb.

Parkın ərazisində müəyyən qaydalar tətbiq olunur. Belə ki, Göygöl Milli Parkının ərazisində müəyyən olunmuş davranış qaydaları tətbiq olunur, əraziyə it, pişik gətirmək, müəyyən olunmuş marşrutdan kənara çıxmaq, ərazini zibilləmək və s. məsələlər qadağandır. 


Vətəndaşlar üçün bununla bağlı tablolarda məlumatlandırıcı yazılar yazılıb.

Kompleksin ərazisində 5 restoran fəaliyyət göstərir. Restoranlarda müxtəlif çeşiddə olan menyu təklif olunur.


Özəl müştərilər üçün xüsusi yerlər ayrılıb. 

Hər yerdə populyar olan tikə kababın qiyməti 4 AZN, kartofun 2 AZN, sac yeməkləri 15-20 AZN arası təşkil edir.

Hazırda 5 otel tikilib, lakin onlar hələ ki, istifadəyə verilməyib. Ərazidə koteclərin tikintisi də nəzərdə tutulub. Milli Park yüksək sürətli internet şəbəkəsi və WiFi ilə təchiz olunacaq.

Parkın ərazisində nəzarətçilər xüsusi forma ilə seçilirlər. Onların sözlərinə görə, kompleksə üz tutan vətəndaşlar ilk növbədə gölə üz tuturlar, onlar şəkil çəkdirməyə üstünlük verirlər. Elə bir vətəndaşlar var ki, göldə çimmək istəyirlər, lakin onlara izah olunur ki, bu göl içməli su kimi Gəncə şəhərinə verilir, buna görə onlara burada çimməyə icazə verilmir.


Bəzi vətəndaşlar tanışlıq verib gölün yanına maşınla getmək istəyirlər, lakin bu, qeyri-mümkündür.

Turistlərin Milli Park ərazisində gəzintisi zamanı bəzi neqativ hallara da yol verilir. Kompleksin ərazisində hər 10-15 metrdən bir zibil qutularının olmasına baxmayaraq, bəzi vətəndaşlar məişət tullantılarını yerə atırlar... 
Təmizliyə riayət edilməsinə dair nişanlar parkın ərazisində çox yerdə var.

Hətta Vaqif Cavadovla söhbətimiz zamanı, vətəndaşlardan yerə zibil atanların olduğunun şahidi olduq. Müsahibim özü məişət tullantısını zibil qutusuna ataraq heyfsilənib bildirdi ki, bəzi vətəndaşlar belə halları gördükdən sonra ona deyirlər ki, bu gözəllik bizim üçün deyil.

“Bununla bağlı artıq operativ qrup yaradılıb, ərazini çirkləndirən vətəndaşlar İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimə ediləcək” - departamentin rəhbəri dedi.

Qeyd edək ki, Göygöl Milli Park ərazisinə xüsusi hərəkət edən marşrut yoxdur. Göygöl Avtovağzalında milli park ərazisinə taksilər orta hesabla 10 manata gedir.

Paytaxtdan Milli Parka yollanmaq istəyən vətəndaşlar 12-30 manata bilet alıb qatarla Gəncəyə, ordan 20 qəpik ödəməklə Göygöl Avtovağzalından taksi ilə Milli Park ərazisinə üz tuta bilərlər. 

Elvin Əhmədov

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri