Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
33 mindən çox adam nikah üçün tibbi müayinədən keçib
“Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə Qaydası” na uyğun olaraq 1 iyun 2015-ci il tarixindən bu günə kimi nikaha daxil olmaq istəyən 33412 nəfər tibbi müayinədən keçib.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata əsasən, ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkar olunub.
Qeyd edək ki, “Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktları təsdiq ilə əlaqədar, 1 iyun 2015-ci il tarixindən etibarən nigaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər.
Nazirlər Kabineti tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydaları təsdiqlənib, tibbi müayinə olunmalı xəstəliklərin siyahısı müəyyənləşdirilib. Bu məqsədlə səhiyyə müəssisələrində zəruri şərait yaradılıb.
Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.
www.oxu.az