21 
Yan
2014
09:15
24
16
7339
Virtual karabakh

Mahir Şükürov: Başqa ölkənin oyunçuları milyonlar alır... – Foto

21 Yan, 2014
09:15
7339

Mahir Şükürov: Başqa ölkənin oyunçuları milyonlar alır... – Foto

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Əziyyətinin qarşılığını görməyəndə insan işindən soyuyur, həvəsi qalmır.”.

Oxu.Az-ın “Oyundan kənar” rubrikasının budəfəki qonağı “Neftçi” klubunun müdafiəçisi Mahir Şükürovdur.

- Şükürov, səni kimdən soruşursan eyni söz deyir. Emosional, əsəbi və özündənrazı? Nə üçün hər kəsin ağlında belə qalmısan? Həqiqətən beləsən, yoxsa hər kəs yanılır? Başlayaq harada böyüyüb yaşamağından.

- Belə deyim də Sumqayıt uşağıyam (gülür). Sumqayıtda böyümüşəm, iki qardaşım, bir bacım var. Böyük qardaşım futbolla məşğul idi, amma davam etdirmədi. Mən isə futbola 12-13 yaşında, Telman müəllimin yanında başlamışam. Ailədə tək futbolçu mənəm.

Düzdü, çoxu məni elə tanıyır, amma heç kəs göründüyü kimi olmur. İnsanı tanıyıb sonra qiymət vermək lazımdır.

- “Karvan”dan başlayan və “Neftçi”də davam edən karyera. Nələr dəyişdi?

- Deməli, ilk olaraq “Karvan”da başladım, öyrəndim və inkişaf elədim. Sonra Türkiyənin “Antalyaspor” komandası ilə müqavilə bağladım, amma qala bilmədim. 6 aydan sonra qayıtdım, çünki darıxırdım, başqa yerdə qala bilmirdim. Amma indiki ağlım olsaydı qayıtmazdım. Bəlkə də uşaq idim, 22 yaşım vardı deyə hələ hər şeyin dərinliyinə kimi düşünmürdüm. Daha sonra 2006-cı ildə “Neftçi”yə gəldim. Qurban Qurbanov baş məşqçi təyin olunmuşdu və sağ olsun, məni də çağırdı. Bu komanda inkişafımda böyük rol oynadı. Sonra “İnter”ə çağırıldım. Bura məni baş məşqçi Valentin Xodukin dəvət etmişdi. Bu komandada oynadım. Daha sonra 2008-ci il idi. “Xəzər-Lənkəran”ın məşqçisi Ağasəlim Mircavadov məni komandasında görmək istədiyini söylədi. Təbii ki, belə bir komandada oynamaq özü böyük uğur idi.

Sonra bir müddət AZAL-da oynadım. Sonra “Anji”yə dəvət aldım. 1 il yarım da orada oynadım. Həqiqətən də onlarla bizim fərqlərimiz çoxdur. Öz komandalarımız güclüdür təbii ki, amma onların adi qaçışları, templəri güclüdən güclüdür. Oradan qayıdandan sonra “Qəbələ”yə dəvət aldım və komandaya gələn kimi mənə kapitanlıq verildi. Çünki bu komanda məndən çox şey gözləyirdi. Başqa ölkənin komandasında oynayanda az da olsa nəsə öyrənirsən və burda tətbiq etməyə başlayırsan.

- Millinin oyunçusu daha məsuliyyətli olmalıdır, amma sən oyunların çoxunda əsəbini cilovlaya bilmirsən. Digər oyunçular çox soyuqqanlı şəkildə əsəblərini cilovlamağı bacarsalar da bu, səndə alınmır. Sən əsəbisən? Səbəb nədir?

- Əsəbiyəm, düzdü. Oyun zamanı çox çalışıram ki, əsəbimi cilovlayım, özümü sakit saxlayım, amma alınmır. Nə isə baş verir və sakit-səssiz qala bilmirəm. Amma səmimi deyim ki, oyundan sonra baxıram özümə və peşman oluram ki, niyə belə əsəbi görsənirəm və ya niyə belə əsəbiləşirəm. Çalışıram ki, gələn oyunda olmasın. Əslində oyun zamanı hər şey ola bilər, insan heç nədən sığortalanmayıb. Məndən oyunumu tələb etsinlər, oyunuma baxsınlar. Desinlər ki, daha yaxşı oyna və yaxud bunu belə et.

- Deyilənə görə, futbolçularımıza yaxşı maliyyə vəsaiti ayırırlar, amma oyunları bərbaddır?

- Başqa ölkənin oyunçuları milyonlar alır, həm də onlarla bizi müqayisə etmək bir az əsassızdı. Çünki onların strategiyası, proqramları tamam başqa cürdür. Onların 5-6 yaşında keçdikləri proqramı biz indi keçirik və təbii ki, biz indi-indi inkişaf edirik, öyrənirik. Oyun zamanı bilirsən ki, səndə nə çatmır, sənin oyununda nə yoxdu. Aramızda bəlli bir fərqlərimizin olmasına baxmayaraq onlarla oynamışıq. Sadəcə zaman lazımdır və onunla da birlikdə vaxtında məşqlərmizi etməliyik ki, normal olaraq da inkişaf edək.

- Futbolçularımızın ən çox qalmaqala səbəb olacaq görüntüləri siqaretlə, qəlyanla, içkilərlə olan görüntüləridir. Sən necə düşünürsən?

- Futbolçu robot deyil ki, o da insandı və o da nələrisə etmək istəyir. Düzdü, biz idmanla məşğul oluruq, daha ciddi yanaşmalıyıq, amma bir qəlyan, bir siqaretdən heçnə olmaz. Həm də ki, media əhli kiminsə əlində bir siqaret görürsə tez şişirdib yazır və yaxud da hansı jurnalistin futbolçuyla arası yoxdusa onun haqqında nə gəldi yazır. Mən qəlyanı sevirəm, amma çox çəkmirəm. Çoxları deyir ki, Mahir orda-burda istirahət edir. Təbii ki, mən də istirahət etmək istəyirəm, amma istirahətə çox vaxt olmur, hər gün məşqimiz olur. Mən bu yaşıma kimi diskotekalara, bara getməmişəm. Bizdə bu bir az normal deyil, normal baxılmır. Amma təbii ki, başqa ölkələrdə insanlar normal diskotekada istirahət edir, dincəlir. Kimsə məni yaxından tanımır, amma haqqımda elə şeylər danışırlar ki, özüm çaşıb qalıram. Mən səmimi və sadə biriyəm. Neçə ildir ki, içki də içmirəm, tövbəliyəm. Ətrafdan çoxları deyir ki, Mahir içdi belə dedi, elə dedi. Halbuki heç mən orda olmamışam.

- 2010-cu ildə millidə oynamaqdan imtina eləmişdin? Səbəb? Bəs niyə yenidən qayıtdın?

- Bilirsən, insan əziyyət çəkir və o əziyyətin də qarşılığını, bəhrəsini görmək istəyir, amma hərdən elə olur ki, ona qiymət verilmir. Bəli, Millidə oynamaqdan imtina elədim, çünki həmin il məni mükafatlandırmalı idilər. Bir çox futbolçular kimi mənim də əziyyətim az deyildi. Əziyyətinin qarşılığını görməyəndə insan işindən soyuyur, həvəsi qalmır. Amma yenidən qayıtmağıma səbəs isə AFFA-nın baş katibi Elxan müəllim və millinin baş məşqçisi Berti Foqtsun məni çağırmaları və yenidən Millidə oynamağımı istəmələri oldu. Mən təbii ki, onların sözünü yerə salmadım.

- Bir ara serialda, ilk epizodda çəkilmişdin. Futbolçularımızın çoxu şou-biznesə qatılmaq istəyir? Səndə də yəqin ki elədir?

- Bəli, kiçik epizodda idim. Futbola aid idi, mən də məmnuniyyətlə oynadım. Amma idmançının şouya qatılmasını istəmərəm, şou şoudu, idman idmandı. Hər kəs öz peşəsində tanınsa daha yaxşı olar.

- Səncə hansı komandamız güclüdür?

- “Neftçi” təbii ki.

- “Neftçi”də oynadığına görə deyirsən?

- Yox, “Neftçi” güclü komandadır və bir komanda ki transferlərə çox yer verirsə, o komanda özünə gələnə kimi vaxt, zaman gedir.

- Bəs “Qarabağ”, “Bakı”, “Xəzər-Lənkəran”?

- “Qarabağ” da güclüdür. Bu il inanıram ki, çempion ola biləcəklər.

O biri komandalar isə öz futbolçularımıza yer versələr, məncə daha yaxşı olar. Öz idmançılarımız inkişaf eləsinlər, transferə çox yer verilməsin.

- Özünü hər söhbətdə meydandakı kimi müdafiə edirsən, yoxsa başqa çıxış yolların da var?

- Özümü müdafiə edirəm, etməliyəm də. Oyunu meydanda müdafiə edirəm, özümü isə oyundankənar.

- Mahir Şükürov deyəndə ilk ağıla gələn nə olmalıdır?

- Yaxşı futbolçu, səmimi insan, sözə qulaq asan biri (gülür).

Nərmin Kazımova
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri