26 
Okt
2016
18:18
137
29
3235
Virtual karabakh

Gülhüseyn Abdullayev EuroFormula Open mərhələsində iştirak edəcək

26 Okt, 2016
18:18
3235

Gülhüseyn Abdullayev EuroFormula Open mərhələsində iştirak edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Campos Racing komandasından iştirak edən azərbaycanlı pilot Gülhüseyn Abdullayev İspaniyanın Xeres trekində keçiriləcək beynəlxalq seriyalı EuroFormula Open yarışlarının növbəti mərhələsində iştirak edəcək.

Oxu.Az Bakı Şəhər Halqasına istinadən xəbər verir ki, bu mərhələ, mövsüm üzrə çempionluq uğrunda mübarizəsinin yeddinci yarışı olacaq. 

Hal-hazırda Gülhüseyn çempionatda iştirak edən 28 pilot arasında 24-cü yerdə qərar tutub. 

Onun yarışlarda ən yaxşı göstəricisi Montsa trekində qazandığı 15-ci yerdir. 

Gülhüseyn Abdullayev Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin dəstəyi ilə Euroformula Open kimi beynəlxalq yarışlarının çempionatında yarışan yeganə və ilk azərbaycanlı pilotdur. Həmçinin o, 2016-ci il Bakıda keçirilmiş Formula 1 yarışının rəsmi səfiridir. 

Gülhüseyn Abdullayev ilə ötən yarışların nəticələri barədə danışdı: “Montsa yarışından ümumiyyətlə komanda olaraq razı qaldıq.  Montsada ilk dəfə olaraq yarış boyunca rəqiblərimlə mübarizə apara bildim və hətta bir neçə rəqibimi də ötdüm.

Bu səbəbdən komandam yarışımdan razı qaldı və qeyd etdilər ki, Montsa bu mövsümün ən yaxşı yarışı oldu və növbəti yarışlarda da yaxşı nəticələr gözləyirik. Növbəti yarışlarda daha da irəli getməyə çalışacağıq”. 

Yarış zamanı yaranmış bəzi texniki nasazlıqlar və təmaslar səbəbindən Gülhüseyn daha yüksək pillələr qazanmağa nail ola bilmədi. Pilotun sözlərinə görə, italyan mərhələsindən dərhal sonra, o, Heres yarışına hazırlaşmağa başlayıb: 

“Növbəti yarışa hazırlaşmaq üçün bir həftə Valensiyada idim. İlk iki gündə Valensiya trekində testlər etdik, lakin ilk dəfə olaraq Fomula 3 yox, GP3 avtomobilində test etdim və yürüşümdən komandam razı qaldı. Və bundan sonra daha çox GP3 avtomobilində test etməmi istədilər. Çünki bundan sonra həm Formula 3, həm də GP3 yarışlarına hazırlaşacağam. Hər iki avtomobilin yürüş stili bir-birinə bənzəmədiyinə görə, hər ikisinə hazırlamaşalı olacağam. Bundan əlavə Valensiyada komandamızın vörkşopunda (workshop) fiziki məşqlərlə də məşğul olurduq və simulyatorda Herez trasını test edirdik. İndidən deyə bilərəm ki, simulyator nəticələrinə görə komanda yoldaşlarımla aramızdakı fərq digər yarışlara görə daha azdır və inanırıq ki, bu yarışda daha yaxşı nəticələr əldə edə bilərik. Fiziki məşqlərə gəldikdə isə, bizim komandanın fiziki treyneri ilə hər gün bəzən tək, bəzən də komanda yoldaşlarımla birgə məşq edirik, xüsusən də Formula 3 yarışları üçün nəzərdə tutulmuş xüsusi məşqlər edirik. Bu fitnes məşqlərindən bir qədər fərqlənir.”

Növbəti mərhələdən öncə Gülhüseyn, Heres treki barədə fikirlərini bölüşdü: 

“Herez treki mənə yad bir trek deyil. Dekabrda mövsüm öncəsi testdə sürdüyüm treklərdən biridir. İlk sürüşümdə bu treki bəyənmişdim. Herez keçmiş F1 treklərindən biridir və mənə elə gəlir ki, Formula 1 təqvimindəki keçmiş treklər arasında, yəni müasir dövrdə istifadə olunmayan treklər arasında ən yaxşısıdır. Həm sürücü, həm də mühəndis və mexaniklər üçün vacib bir trekdir. Komandanın və sürücünün performanısını göstərəcək nadir texniki treklərdən biridir. Trekdə hələ ki, yarışmamışam, sadəcə simulyatorda test etmişəm. Lakin düşünürəm ki, yarışmaq daha maraqlı olacaq. Oktyabrın 29 və 30-da yarış olacaq. Böyük ehtimalla, yağış yağacaq və beləliklə, yarış daha maraqlı keçəcək. Ümid edirəm ki, daha yaxşı bir nəticə ilə qayıdacağıq”. 

Gülhüseyn yarışlara hazırlıqlarına və sıx qrafikinə baxmayaraq Formula 1 Çempionatını yaxından izləyir. Xatırladaq ki, çempionatın bitməsinə cəmi üç yarış qalıb və çempionluğa iki namizəd var. Gənc pilotun sözlərinə görə, mövsüm boyu Mercedes komandasının iki pilotunun Formula 1 azarkeşlərinə möhtəşəm yarış və mübarizə göstərməsinə çox şaddır. Gənc pilot Niko Rosberqə pərəstiş etdiyini və bu il çempion olaraq onu görmək istədiyini də gizlətmədi. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri