19 
Yan
2018
14:55
34
99
5755
Virtual karabakh

Renat Sultanov braziliyalı məşqçinin cavabını verdi: O, nağıl danışır

19 Yan, 2018
14:55
5755

Renat Sultanov braziliyalı məşqçinin cavabını verdi: O, nağıl danışır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futzal millimiz yanvarın 30-dan fevralın 10-dək Sloveniyanın paytaxtı Lyublyanada keçiriləcək Avropa çempionatının hazırlıqlarını Bakıda davam etdirir.

Oxu.Az xəbər verir ki, bu gün millimizin baş məşqçisi Joze Alesio da Silvanın iştirakı ilə brifinq təşkil olunub.

Braziliyalı mütəxəssis saytımızın əməkdaşının Azərbaycan çempionatının bombardiri Renat Sultanovun yığmanın düşərgəsinə dəvət edilməməsi ilə bağlı sualını belə cavablandırıb:

“Biz onu İrandakı turnirə aparmışdıq. Amma millinin sisteminə üç gün ərzində uyğunlaşması qeyri-mümkün olduğundan onu oynatmadıq. Bu dəfə də onu çağırmaq istəyirdim. Ancaq eşitdim ki, o, çimərlik futbolu yığması ilə İrana gedəcək. Ona görə onu milliyə çağırmadım”.

Oxu.Az Azərbaycan çempionatında II pillədə qərarlaşmış “Marafon” klubunun 16 qolla bombardiri olan Renat Sultanovun bu haqda fikirlərini öyrənib. Sultanov braziliyalı mütəxəssisi “yalançı” adlandırıb:

”Baş məşqçinin dediklərini saytdan oxudum. Deyir ki, sistemə uyğun gəlmədim. Mənimlə Seymur Məmmədovu İrandakı beynəlxalq turnirdə oyuna buraxdın ki, biləsən, sistemə uyğunlaşmışıq, ya yox? Samir Həmzəyev ki sistemə uyğun gəlirdi, onu niyə orada oynatmadın? O, nağıl, cəfəngiyyat danışır. Mənimlə heç kim maraqlanmayıb ki, çimərlik millimizdə varam, ya yox?! İkibaşlı danışır. Əsəbləşdiyim şey odur ki, çimərlik millimizin təlim-məşq toplanışı neçə vaxtdır başlayıb və mən orada yoxam. O isə deyir ki, çimərlik yığmasına görə onu futzala çağırmadım. Əgər Alesio çimərlik millimizə görə çağırmayıbsa, iki ay əvvəl bu yığmada adım gedəndə məni niyə futzalla İrana aparırdı?”

“Marafon”un kapitanı bildirib ki, onunla əlaqə saxlamayacaq. Həmçinin Soltanov Alesionun yığmada azərbaycanlıları sevmədiyinə dair ciddi ittiham irəli sürüb:

"O, məşqçi kimi özünə hörmət qoyur? Mənimlə maraqlanmayıbsa, mən də özümə hörmət qoyub ondan niyə belə açıqlama verməsinin səbəbini soruşmağa lüzum görmürəm. Sadəcə olaraq, yalan danışmasın. Hamısı boş söhbətlərdir. Mənimlə futzal federasiyası rəhbərliyindən heç kim əlaqə saxlamayıb. Düzdür, bu, millimizdir və onlara Avropa çempionatında uğurlar arzulayıram. Ancaq o, bizim yerli oyunçulardan yenilərə orada oynamaq şansı verməyəcək. Braziliyalıları oynadacaq. Yerliləri də ona görə aparır ki, bizdə azərbaycanlı oyunçuların olduğunu gözdən pərdə asmaq üçün göstərsin. O, azərbaycanlıları istəmir. Bunun dəfələrlə şahidi olmuşuq, olacağıq da. Nə qədər ki o, burdadır, futzalımız da bu qaydada olacaq. Mən bundan sonra onun baş məşqçiliyi dönəmində yığmaya çağırılmayacağımı anlasam da, həqiqətləri deməkdən çəkinmirəm”. 

Millimizin sabiq futbolçusu, “Sumqayıt” klubunun baş meneceri Ceyhun Sultanovun kiçik qardaşı Renat çimərlik millisinə çağırılmamasına da aydınlıq gətirib:

“Çimərlik futbolu meydançasında zədələnmək ehtimalı çoxdur. Üstəlik, həm futzalda, həm də çimərlik futbolunda oynamaq çətindir. Ona görə də çimərlik futbolu millimizin baş məşqçisi  İlham Əzizova məni çağırmamasını xahiş etmişəm. Sağ olsun, o da məni başa düşüb və futzala köklənməyim üçün şans yaradıb. Futzal çempionatında II dövrənin ortasına kimi çimərlik futbolu millisinə çağırılmayacağam. Mən bu millidəki karyeramı bitirməmişəm. Çünki orada əziyyətimiz çox olub. Bütün nailiyyətləri yerli oyunçularla qazanmışıq. Oradan ayrılsam belə, ürəyim bu yığmanın yanındadır”.   

Səbuhi TOFİQOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri