26 
Fev
2018
10:36
521
22
5887
Virtual karabakh

Firdovsi Umudov: Ermənilərə uduzmağa haqqımız yox idi

26 Fev, 2018
10:36
5887

Firdovsi Umudov: Ermənilərə uduzmağa haqqımız yox idi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Həftəsonu Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş sərbəst, yunan-Roma və qadın güləşi üzrə XXII beynəlxalq turnir keçirilib.

Oxu.Az xəbər verir ki, 37 ölkədən 500-ə yaxın idmançının iştirak etdiyi turnirdə sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamızın 31 üzvü iştirak edib. 

Apreldə Kaspiyskdə baş tutacaq Avropa çempionatı öncəsi yığma üzvlərinin sınaqdan keçirilməsi baxımından turnirin əhəmiyyəti böyük idi. Bu məqsədlə federasiya rəhbərliyi və yığma komandaların məşqçilər korpusu bütün əsas güləşçilərin turnirdə iştirakını məqsədəuyğun sayıb.

Yarışın yekununu dəyərləndirən Firdovsi Umudov güləşçilərimizin çıxışından razı qaldığını bildirsə də, bəzi səhvlərin olduğunu və qarşıdakı təlim-məşq toplanışlarında onları aradan qaldırmaq üçün çalışacaqlarını deyib:

“İlin əvvəlindən əsas məqsədimiz hazırlıqları maksimum keyfiyyətlə başa vurub qarşıdan gələn yarışlarda uğurla çıxış etməkdir. Bu turnirdə iştirak da hazırlığımızın tərkib hissəsidir. Turnirə qədər isə Qazaxıstan və Türkmənistan yığmaları ilə birgə iki təlim-məşq toplanışı keçmişik.

Komandalarımız Avropa çempionatına qədər daha bir neçə təlim-məşq toplanışına qatılacaq. Sərbəst güləş yığmamız aprelin əvvəlində Dünya Kubokunda mübarizə aparacaq. Bu turnirin yekunlarına görə həm Dünya Kuboku, həm də bütün komandalar üzrə Avropa çempionatına yollanacaq heyəti müəyyənləşdirəcəyik.

Turnirin bizim üçün əhəmiyyəti həm də ondan ibarətdir ki, çatışmazlıqları görürük. Burada müəyyən fərdi səhvlər oldu. Düşünürəm ki, növbəti yarışlara qədər bu çatışmazlıqları aradan qaldırmaq üçün vaxtımız var. Ancaq ümumi nəticə onu deməyə əsas verir ki, biz düzgün yoldayıq”.

Güləşçilərimizdən Qalib Əliyev, Taleh Məmmədov, Elvin Mürsəliyev, Həsən Əliyev, Orxan Nuriyev və İslam Abbasov turnirdə Ermənistan təmsilçiləri ilə qarşılaşıb. İdmançılarımız bu görüşlərin beşini qələbə ilə başa vurub. Bu görüşlər zamanı pəhləvanlarımız əzmkarlığı, qətiyyətli mübarizəsi ilə yadda qalıb. Onların bu əzmkarlığı arenaya toplaşmış azarkeşlər tərəfindən də alqışlarla qarşılanıb.

Güləşçilərimizin özləri isə “Xalçada ancaq rəqib var, qırmızı və ya göy geyimdə. İdmanda rəqibə qarşı qərəz yolverilməzdir. Ancaq düşmən ölkənin idmançıları ilə mübarizədə biz ikiqat artıq motivasiya olur, bəzən lazımından artıq güc sərf edirik ki, qalib gələk. Bu turnirdə belə görüşlərin beşində qalib gəldik. Bu kiçik qələbəmizi Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edirik”, – deyiblər. 

Firdovsi Umudov işğalçı ölkənin idmançıları ilə mübarizədə idmançılarımızın əzmkarlığının hər bir azərbaycanlıda qürur hissi yaşatdığını bildirib:

“İdmanı siyasətdən uzaq tutmaq istəsək də, bəzən milli məsələlərdə buna göz yummaq lazım gəlir. Hansı idman növü olursa-olsun, idmançılarımızın erməni rəqibləri ilə qarşılaşmada meydanı başı uca tərk etmələri hər bir Azərbaycan vətəndaşını sevindirir, qürurlandırır.

Bu gün bu idmançılarımız öz əzmkarlıqları ilə rəqiblərinə qalib gəlib. Bu turnir artıq başa çatdı. Yarışda udmaq da var, uduzmaq da. Bu qələbə də artıq geridə qaldı. Bir məsələ var ki, Xocalı soyqırımının ildönümü ərəfəsində bizim erməni rəqiblərimizə uduzmağa mənəvi haqqımız yox idi.

Qalibiyyət üçün güləşçilərimizə təşəkkür edirəm. Bu gün işğalçı Ermənistan müvəqqəti olaraq bizim torpaqlarımıza sahiblənir. Əminik ki, cənab Ali Baş Komandanın başçılığı altında tezliklə haqq-ədalət öz yerini tapacaq və biz əzəli torpaqlarımıza əbədi sahib olacağıq”.

Qeyd edək ki, Taleh Məmmədov yarımfinalda Slavik Qalstyana (7:0), Elvin Mürsəliyev bürünc medal uğrunda Eduard Sarqsyana (3:3), Orxan Nuriyev 1/8 finalda Vaqinak Minasyana (5:3), Qalib Əliyev təsəlliverici görüşdə Qarik Barseqyana (10:0) və İslam Abbasov yarımfinalda Maksim Manukyana (9:6) qalib gəlib.

S.T.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri