20 
Apr
2018
01:18
124
24
2964
Virtual karabakh

Məmmədyarov: Həmin partiyadan sonra onunla birgə dondurma yedik

20 Apr, 2018
01:18
2964

Məmmədyarov: Həmin partiyadan sonra onunla birgə dondurma yedik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess” 2018 superturnirinin I turunda Şəhriyar Məmmədyarov (Azərbaycan) dünya çempionu Maqnus Karlsenlə (Norveç) heç-heçə oynayıb.

Oxu.Az xəbər verir ki, partiyadan sonra Məmmədyarov mətbuat konfransında oyun haqqında danışıb:  

“Üstünlüyüm yox idi. 3 il əvvəl Şəmkir turnirində də ilk turda Karlsenlə oynamışdım. O vaxt qara fiqurlarla məğlub oldum. Həmin turnirdə çox pis çıxış etmişdim. Səhv etmirəmsə, ümumilikdə 4 oyunu uduzmuşdum. Bu dəfə Maqnus hər zaman olduğu kimi diqqətli idi. Belə rəqiblə görüşdə heç-heçə normal nəticədir”. 

Mərhum şahmatçı Vüqar Həşimov haqqında xoş sözlər deyən Şəhriyar Məmmədyarov onunla bağlı xatirəsini bölüşüb: 

“Mənim 9 yaşım var idi. 8 yaşlı Vüqarla Şəkidə turnirdə qarşılaşırdıq. Mən şahmata təzə başlamışdım. Həşimov artıq yeniyetmələr arasında Avropa və dünya çempionatının mükafatçısı idi. Yəni məni asanlıqla məğlub edə bilərdi.

Oyundan əvvəl dedi ki, gəl heç-heçə oynayaq. Mən təəccübləndim. Axı bilərəkdən necə heç-heçə etmək olar? Vüqar qayıtdı ki, hansı gedişi oynasam, təkrarla. Başladıq, bütün gedişləri təkrarlayandan sonra gördüm ki, artıq uduzuram.

Bir gedişi də təkrar etsəm, məğlub oluram. Vüqarı kənara çəkərək soruşdum ki, uduzuram. Yəni həmin gedişdən sonra mat edə bilər. Vüqar məni inandırdı. Dedi gedişi təkrarla, səni udmayacağam. Nəticədə partiya heç-heçəylə başa çatdı.

Oyundan sonra atası Qasım müəllim oğlunun qalib gəlmədiyinə görə bərk əsəbləşmişdi. Həmin partiyadan sonra birgə dondurma yedik. Onun haqqında saatlarla danışa bilərəm. Vüqar gözəl dost, güclü şahmatçı idi. O həmişə qəlbimizdədir.”

Norveçli şahmatçı isə ilk turda məğlubiyyət barədə düşünmədiyini bildirib:

“Maraqlı, amma təhlükəli olmayan partiya izlədik. Səhvlərə imkan verilmədi. Məğlub olsaydım, çox məyus olardım. Rəqib ehtiyatlı və diqqətli oynayırdı. Fikrimcə, növbəti turlarda da diqqətli olmaq lazımdır.

Reytinq bizi aldatmalı deyil. Bütün rəqiblər xal qazanmaq istəyir. Ona görə sürpriz etməmək üçün diqqətli olmaq lazımdır”.

Dünya çempionu Azərbaycan şahmatçısı Vüqar Həşimov barədə suala cavabında 2008-ci ildə Bakıda keçirilən FİDE Qran-Pri turnirini xatırlayıb:

"Vüqarın yoxluğu barədə xəbər məni çox sarsıtdı. 2008-ci ildə Bakıda FİDE Qran-Pri turnirində rəqib olmuşuq. Həşimov çətin vəziyyətlərdən məharətlə çıxmağı bacarırdı. Həmin turnirdə Vüqara qarşı üstünlüyüm var idi, amma vəziyyəti ustalıqla dəyişdi. Nəticədə üstün olduğum oyunda heç-heçə qeydə alındı. Yekunda Qran-Pridə Vüqarla I-II yerləri bölüşdürdük. Çox güclü şahmatçı olub. Hətta məğlubiyyət qaçılmaz olduğu partiyalarda nəticəni dəyişirdi".

Səbuhi TOFİQOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri