21 
İyn
2018
16:51
75
17
3036
Virtual karabakh

Famil Ələsgərov: Finalda həlledici qolu vurmaq istərdim

21 İyn, 2018
16:51
3036

Famil Ələsgərov: Finalda həlledici qolu vurmaq istərdim

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Alfa Liqanın iştirakçıları ilə daha yaxından tanışlığa davam edirik.

Oxu.Az xəbər verir ki, növbəti qonağımız A qrupunda doqquz mümkün xalı aktivinə yazaraq 1/8 finala vəsiqə qazanan İOSC komandasıdır.

Şirkətin rəhbəri Famil Ələsgərov görüşdə bizdə əsl futbol həvəskarı təəsüratı oyatdı. Görünür, məhz bu maraq və həvəs ona rəhbəri olduğu şirkəti təmsil edən komandanın Alfa Liqada iştirakını təmin etməsinə səbəb olub.

– İOSC şirkəti haqqında məlumat verməyinizi istərdik...

– İOSC “International Oil Suply Company” 36 illik iş təcrübəsi olan İngiltərənin təchizat şirkətidir. 11 ildir ki, ölkəmizdə fəaliyyət göstərir. Azərbaycanda daha çox neft sektorunda çalışan şirkətlərlə əməkdaşlıq edirik, onlara yüksək səviyyədə xidmət göstəririk.

Şirkətlərin bizə maraq göstərməsi üçün Avropa və dünya təcrübəsinin ölkəmizdə tətbiqinə çalışırıq. İOSC-un əsas məqsədi Azərbaycan gənclərinin dünya təcrübəsinə yiyələnməsinə və daha çox biliyə sahib olaraq dünya neft sektorunda ölkəmizin rolunu möhkəmlətmək yolunda öz töhfələrini verə bilmələrinə kömək göstərməkdir.

Sırf şirkətimizin tərkibində olan Türkiyə, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Rusiyadakı filiallarının açılması bu illər ərzində şirkətimizin inkişafının göstəricisidir.

– Alfa Liqa haqqında necə xəbər tutdunuz? Necə oldu ki, çempionata şirkətinizi təmsil edəcək komanda buraxmaq qərarına gəldiniz?

– Ölkəmizdə futbola böyük sevgi, həvəs var. Eləcə də, biz bu idman növünə maraq göstəririk. Həm fərdi, həm də şirkət olaraq tez-tez yığışıb futbol oynayırıq. Bundan öncə fərqli ad altında başqa bir turnirdə iştirak etmişik.

Sonra xəbər tutduq ki, Alfa Liqa adında yeni, fərqli və maraqlı turnir təşkil olunacaq. Qərara gəldik ki, yeni turnirdə şirkət adından komanda ilə təmsil olunaq.

– Komandanın qarşısına hansı məqsəd qoyulub?

– Hər bir iştirakçının arzusudur ki, çempion olsun. Biz də qarşımıza çempion olub Sloveniyaya vəsiqə qazanmaq məqsədi qoymuşuq. Məqsədimizə çatacağımıza inanırıq və bunun üçün hər oyunda final fitinə qədər sonacan mübarizə aparacağıq.

– Komandanız qrup mərhələsini maksimum xalla ilk pillədə başa vurdu. Buna görə oyunçulara mükafat vermisinizmi?

– Komandamızda ürəyi futbolla döyünən, futbolu sevən uşaqlar cəmləşib. Onlar heç də pula görə mübarizə aparmırlar. Təbii ki, göstərdikləri nəticələrə görə biz də onları mükafatlandırırıq, daha da həvəsləndiririk.

– Komandada hansı oyunçuları fərqləndirə bilərsiniz? Misal üçün, İOSC-un üzvü Emil Əliyev hazırda çempionatın ən məhsuldar oyunçusudur...

– Komandamızın üzvünün ən məhsuldar oyunçular siyahısına başçılıq etməsi bizim üçün sevindirici və müsbət məqamdır. Lakin bu, ona əsas vermir ki, biz digərlərindən fərqlənək. 

Futbol komanda oyunudur və qazanılan uğurda komandamızın hər bir üzvünün əməyi var. Ad çəkməli olsam, gərək hamısının adını sadalayım.

– Növbəti mərhələdəki rəqibinizin heyətində rusiyalı legionerlər var. Hətta onlardan biri Rusiya mini futbol yığmasının üzvüdür. İşiniz asan olmayacaq...

– Bu, futboldur və rəqibin heyətində kimlərin olmasından asılı olmayaraq, biz meydana öz oyunumuzu oynamaq üçün çıxırıq. Daha açıq desəm, öz oyunumuzu rəqibə diktə etməyə çalışırıq.

Hər bir rəqibi məğlub etməyə qadir komandamız var və ümid edirəm ki, 1/4 finala vəsiqə qazanan komanda İOSC olacaq!

– İştirak ərizəsinə sizin də adınız daxil edilib. Lakin hələlik meydana çıxmamısınız. Özünüzü finala saxlayırsınız?

– İlk iki oyunda səfərdə idim deyə oynaya bilmədim. Üçüncü oyunda isə Bakıya yenicə döndüyümdən yorğun idim və adımın oyun protokoluna salınmasına razı olmadım.

Təbii ki, növbəti oyunlarda qismət olarsa, meydana çıxıb komandaya yardım etmək istəyərəm. Lakin hazırda digər komanda yoldaşlarım fiziki cəhətdən məndən daha hazırlıqlı olduğu üçün üstünlüyü onlara veririk. Amma istərdim ki, finala vəsiqə qazanaq və həmin oyunda həlledici qolu mən vurum (gülür).

– Çempionatda azarkeş dəstəyinə malik iki komandadan biri də İSOC-dur. Hər oyununuzda əlində baraban və bayraqlar olan uşaqlar müxtəlif şüarlarla komandanızı dəstəkləyir. Görünür, sizin təşəbbüsünüzdür...

– Komandanın təşkilində, uğurlarında mənimlə bərabər əziyyəti olan və hətta deyərdim, məndən daha çox vaxt və əmək sərf edən Sərxan və Özala təşəkkürümü bildirirəm. Özal Mehrəliyev həm də komandamızın üzvüdür.

Sərxan isə başqa bir turnirdə zədələndiyi üçün Alfa Liqada oyunçu kimi çıxış edə bilmədi. Azarkeş dəstəyi də məhz onların kreativ, fərqli təkliflərindən biri idi. Komandanın uğurunda azarkeş dəstəyinin xüsusi rolu var.

– Alfa Liqada hansı məqamları bəyənmisiniz, narazı qaldığınız məqamlar varmı?

– Qısa zaman kəsiyində bu qədər iş görərək belə bir çempionat təşkil etdiklərinə görə təşkilatçılara öz adımdam və komandamın adından dərin təşəkkürümü bildirirəm. Az bir vaxtda bu cür yarış təşkil etmək böyük güc sərf etmək tələb olunur ki, təşkilatçılar da bunun öhdəsindən gələ bilib.

Hətta dünya çempionatı kimi mötəbər yarışda belə nələrsə çatışmır. Lakin bu ilk çempionat olduğu üçün biz yalnız müsbət məqamları qabartmalıyıq. Belə bir qısa vaxtda düşünmürəm ki, bundan daha yaxşı, daha gözəl bir çempionat təşkil etmək mümkün olsun. Hər halda öz tövsiyələrimizi sonda təşkilatçılara bildirə bilərik. 

– AMF-in mini futbolu bir idman növü kimi inkişaf etdirmək perspektivini necə görürsünüz? Bu məsələdə İOSC şirkəti olaraq mini futbolçulara və mini futbola öz dəstəyinizi göstərməyə hazırsınızmı?

– Futbola daha çox marağı və sevgisi olan şirkət kimi Azərbaycanda keçirilən istənilən idman tədbirlərinə dəstək verməyə hazırıq. Xüsusilə də futbol yarışlarına. Gələcəkdə də ölkə idmanının inkişafı yönündə təşkil olunan hər bir yarışda iştirak etmək niyyətindəyik.

– Payızda start götürəcək Alfa Liqanın yeni mövsümündə İOSC-u iştirakçılar sırasında görə biləcəyikmi?

– Heç bir ciddi hal yaşanmasa, böyük ehtimal, payızda start götürəcək yeni mövsümdə də İOSC iştirakçılar sırasında olacaq.

S.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri