19 
İyl
2018
11:49
74
113
10368
Virtual karabakh

Vaqner: Mən Portuqaliyada Kamran Ağayevi sıxışdırmış qapıçıyam

19 İyl, 2018
11:49
10368

Vaqner: Mən Portuqaliyada Kamran Ağayevi sıxışdırmış qapıçıyam

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çempionlar Liqasının I təsnifat mərhələsində Sloveniyanın “Olimpiya” klubu ilə Bakıdakı oyundan (0:0) sonra “Qarabağ”ın braziliyalı qapıçısı Vaqner da Silva jurnalistlərin suallarını cavablandırıb.

Oxu.Az xəbər verir ki, Ağdam klubunun yeni transferi öncə oyun haqda fikirlərini bildirib.

– Oyundan öncə baş məşqçimiz matçın çətin olacağını bildirmişdi. Biz də bunun şahidi olduq. Əlbəttə ki, hər qarşılaşmaya qələbə üçün çıxırıq. Bəzən növbəti mərhələyə yüksəlmək üçün nəticəyə oynamağı da bacarmalısan. Çətin matç olsa da, sonda istəyimizə çatdıq.

– Meydanda rahat olmağınız adaptasiyanı asanlıqla keçməyinizlə bağlıdır?

– Uyğunlaşma prosesini tam arxada qoyduğumu deməzdim. Rahat oynamağım isə təcrübə ilə bağlıdır. Braziliyada istirahətdə idim. Cəmi dörd məşqdən sonra ilk matça çıxdım. Bundan sonra daha bir həftə komanda ilə hazırlıq keçmişəm. Psixoloji cəhətdən həmişə özümü hazırlıqlı saymışam.

– “Olimpiya” ilə qarşılaşmalarda ciddi işiniz olmadı. Bu matçlar sizin nəyə qadir olduğunuzu tam göstərmədi...

– Sizinlə razıyam. Bu tip oyunlarda qapıya zərbələr az gəlir. Amma belə qarşılaşmalar da çətindir. Çünki bəzən oyundan qopmalar, yayınmalar olur və gözlənilməz zərbə ilə rastlaşırsan. Bu səbəbdən 90 dəqiqə diqqətini itirməməməlisən. Zərbələr daha çox olduqda qapıçıya nisbətən asan olur.

– Adaptasiya ilə bağlı çətinlik çəkmədiniz. Bunda “Boavişta”dakı sabiq komanda yoldaşınız Kamran Ağayevin rolu oldumu? Onu Portuqaliyadan xatırlayırsınızmı?

– Ağayevi? Bəli, bəli, xatırlayıram (gülür). Ümumiyyətlə, kiçik ölkələrin çempionatlarını izləməyi xoşlayıram. Kamran da, Emin Mahmudov da “Boavişta”da olanda onlarla Azərbaycan futbolu barədə söhbətimiz olmuşdu.

Ötən il “Qarabağ”ı Çempionlar Liqasında da izləmişdim. Bu komandanın məşq və oyun sistemini də çox bəyənirəm. Buna görə mənə adaptasiya ilə bağlı çətin olmayacaq.

– “Qarabağ” İslandiya yığmasının qapıçısı Hanes Haldorsonu da heyətinə qatıb. Necə düşünürsünüz, əsas heyətə düşməklə bağlı çətinliklə üzləşməyəcəksiniz?

– Bu, məni heç narahat etmir. Çünki Belçikanın “Muskron” klubunda İsrail yığmasının qapıçısı əsas heyət üzvü idi, sonra onu sıxışdırıb əsas qapıçı özüm oldum. Daha sonra Portuqaliyada Azərbaycan millisinin qapıçısını əsas heyətdən sıxışdıra bildim (gülür).

– Yeri gəlmişkən, Kamranın “Boavişta”dan ayrılmağı nə ilə bağlı idi?

– Mənə aid olmayan məsələləri bilmirəm. Komandaya gəldiyimdən bir müddət sonra Ağayev klubdan ayrıldı.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri