11 
Okt
2018
10:03
128
29
3931
Virtual karabakh

Millimiz üçün vacib görüş: Heç bir bəhanə qəbul edilmir

11 Okt, 2018
10:03
3931

Millimiz üçün vacib görüş: Heç bir bəhanə qəbul edilmir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Azərbaycan millisi bu gün Danimarkanın ərazisi sayılan Farer Adalarında çox vacib görüşə çıxacaq.

Oxu.Az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Bakı vaxtı ilə saat 22:45-də UEFA Millətlər Liqasının qrup mərhələsinin III turu çərçivəsində 50 min əhalisi olan Farer Adaları millisi ilə qarşılaşacaq.

Komandamızın səfər oyununda qələbəsini vacib edən məqam millimizin ilk iki turda qələbə qazana bilməməsidir. Bundan əvvəl Bakı OLimpiya Stadionunda Kosovo ilə qolsuz heç-heçəyə razılaşmalı olmuşuqsa, Malta ilə 1:1 oynamışıq. 

Deməli, yığmamızın D divizionunun qalibi olması üçün bu qrupdan lider kimi çıxması lazımdır. Lakin hazırkı durumda millimiz iki xalla qrupda III sırada qərarlaşıb. Hətta indi qarşılaşacağımız Farer Adaları belə üç xalla millimizdən öndədir.

FIFA-nın açıqladığı dünya reytinqində də Farer Adaları millimizi qabaqlayır. Adalılar 92-ci yerdədirsə, Azərbaycan 108-ci yerdədir. Lakin bu, nisbi göstəricidir.

Rəqib komandanı 1992-ci ildə Danimarka millisi ilə sürpriz şəkildə Avropa çempionu olmuş Lars Olsen çalışdırır. Onun 2011-ci ildən çalışdırdığı bu millidə legionerlərin sayı da az deyil. Bu komandaya İslandiya, Danimarka, Norveç, Almaniyada çıxış edən 12 legioner dəvət olunub. Lakin bu amil də bizi qorxutmamalıdır. Çünki həmin klublar daha çox bu ölkələrin aşağı dəstə klublarıdır.

Keçək millimizə. Ukrayna, Rusiya və Almaniyadan dörd legionerimizin oynadığı millinin bundan sonrakı dörd görüşdə mütləq qələbə qazanması labüddür. Bu görüşdə xal itkisi artıq 2020-ci ildə dörd oyunu Bakıda keçiriləcək Avropa çempionatına birbaşa vəsiqə qazanmaq şanslarımızın üzərindən faktiki olaraq xətt çəkəcək.

Qurban Qurbanovun dünənki mətbuat konfransında dediyi kimi, nə Torshavndakı stadionun süni örtüklü olması, nə də stadionun standart ölçülərdən kiçik olması komandamız üçün bəhanə olmamalıdır. Nəzərə alaq ki, lider Kosovonun bugünkü görüşdə öz meydanında Maltaya qalib gələcəyi gözlənilir. Ona görə də liderlə aradakı xal fərqini artırmamaq lazımdır.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri