Noy
2018
10:18
190
24
11844
Virtual karabakh

Çunayevin anası mən çempion olanda ağladı - MÜSAHİBƏ

Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş dünya çempionatında yeganə çempionumuz 55 kq çəki dərəcəsində yarışan yunan-Roma güləşçisi Eldəniz Əzizli oldu. Eldəniz Əzizli bu ilin may ayında Dağıstanda keçirilən Avropa çempionatında da hamıdan güclü olub. 

Əslində Dağıstanda olarkən ondan müsahibə götürdüyümdən, bu dəfə çempionla fərqli formatda söhbət etmək qərarına gəldim.

Beləliklə, Oxu.Az olaraq Eldənizin evinə baş çəkdik. 

Eldəniz bizi atası Yamən və qız övladları – ƏsmaDənizlə qarşıladı.

Atası ilə tanışlıqdan sonra birbaşa mətləbə keçdik. Yamən dayının sözlərinə görə, oğlunu Olimpiya çempionu kimi görür:

“Bundan gözəl sevinc ola bilməz. Elə bilirəm ki, Olimpiadada çempion olub. Bütün görüşləri canlı izləyirdim. İnternetlə baxırdıq. Anası televizorla baxmağa qoymurdu ki, düşər-düşməməzliyi olar. Həyat yoldaşım onun döyüşlərinə baxanda çox həyəcanlı olur. Mən isə artıq öyrəşmişəm. Açığı, dünya çempionu olacağına inanmırdım. Çünki əlindən zədələnmişdi. Yarımfinaldakı gürcü idmançının müəllimi onun qolunun gipsdə olduğunu görmüşdü deyə, güləşəndə zədəsindən yapışırdı. Amma istənilən halda, Eldənizin təcrübəsinə görə qalib gələcəyinə inanırdım”.

Eldəniz isə həmin zədəsinə görə Belarusda xəstəxanaya düşdüyünü deyir. Minskdəki turnirin yarımfinal görüşündə güləşçimiz yarışı yarımçıq tərk etməli olub:

“Görüşün ilk hissəsində artıq qolumdan zədə aldım və xəstəxanaya getməli oldum. Qoluma gips qoydular. 1-2 həftə qolum gipsdə qaldı. Daha sonra qolum düzəlmişdi ki, məşqdə dizimdə zədə yarandı. Dünya çempionatında da zədəmə görə komanda ilə yox, fərdi məşq keçirdim. Hələ də tam reabilitasiyadan keçə bilməmişəm. Almaniya klubu ilə müqaviləm var deyə, dekabradək güləşməliyəm. İnşallah, dekabrdan sonra tam müalicə alacağam”.

Eldəniz isə zədəsinə baxmayaraq, qalib gələcəyinə inandığını deyir. Buna səbəb onun rəqiblərindən daha təcrübəli olmasıdır:

“Bizdə 55 kq-da həmişə güclü idmançılar mübarizə aparıb. Məndən başqa, Rövşən Bayramov, Elçin Əliyev, Orxan Əhmədov olub. Hətta 2011-ci ildə Respublika çempionatında Elçin və Rövşəni udub, gənclərin Avropa çempionatında üçüncü oldum. O vaxtın 55-lərindən indi güclüsü qalmayıb. Bir mənəm, bir də yapon idmançı. Onu da 1/4 finalda uddum. Onların çoxu ya karyerasını bitirib, ya da 60 kq-a keçib.

Bir görüş istisna olmaqla bütün rəqiblərimi 9:0 hesabı ilə yendim. Yarımfinaldakı gürcü idmançını isə Avropa çempionatında 9:0, başqa iki görüşdə isə 10:0 udmuşdum. Ona görə məni düzgün analiz etmişdi. Həmçinin yapona 9:0 qalib gəlməyimə baxmayaraq, o da məni düz incələmişdi. Növbəti dünya çempionatında artıq rəqiblər yaxşı tanıdığından, mənə çətin olacaq”.

Ata Əzizli 57 saniyəyə çempionluğun çox olduğunu, ancaq dünya çempionatının finalında nadir hallarda qeyd alındığını deyir. Maraqlısı bundadır ki, ata övladının bütün görüşlərindən əvvəl rəqiblərinin keçirdiyi qarşılaşmalara da baxır:

“Finaldakı qırğız idmançısını incələmişdim. O da 9:0 uda-uda gəlmişdi. Amma gördüm ki, yox, oğlumun qarşısında o zəifdir. Elə vaxt olur ki, özünə də zəng edib rəqibinin cəhətləri haqda deyirəm. Bir də onun yarışa nə qədər hazır olub-olmamasını bədəninə toxunanda bilirəm. Özünə də demişdim ki, sən dünya çempionatına hazır deyilsən, amma təcrübən var. Dedi, bəli, Avropa çempionatına hazır idim, amma zədəyə görə dünya çempionatına yox”.

Yarış təəssüratlarından bir qədər aralanıb Eldənizin necə güləşə gəlməsindən danışırıq. Yamən dayı güləşə özünün çox həvəsi olduğunu, buna görə də oğlunu Beyləqanda güləşə yazdırdığını söyləyir:

“Anası onun təhsil almasını istəyirdi. Dərslərini yaxşı oxuyurdu. Amma mən güləş həvəskarı idim. Bir dəfə onun güləşməsinə tamaşaçı qismində baxdım. Gördüm ki, qabında var. Ondan sonra bunun üstünə düşdüm. Beyləqanda oğlumdan da güclü güləşçilər vardı. Amma Eldənizə deyirdim ki, sən narahat olma, onların heç biri qabağa gedə bilməyəcək. Çünki valideynləri onlarla maraqlanmırdı. Ancaq mən həmişə ona dəstək olmuşam, məsləhətlər vermişəm.

Özüm əvvəldən Bakıda bənna, dülgər işlərinə gedirdim. 2007-ci ildə ailəliklə Beyləqandan Bakıya gəlmişik. Eldəniz əvvəllər udduğu rəqibinə Azərbaycan çempionatında uduzanda anladım ki, səhvi mən etmişəm. Rayonda məşq keçmək üçün istənilən şərait olmur. Onu Bakıya gətirəsi oldum. Qaydalara uyğun olaraq ona məşq keçirdim. Qarda birlikdə qaçırdıq.

Onun iki gündəliyi olurdu. Yaxşı qiymətləri olan gündəliyini anasına göstərirdi. Pis olanları məktəbdə qoyurdu. Özüm də deyirdim ki, güləşlə dərslərin ikisini eyni vaxtda yaxşı edə bilməzsən... Bakıda güləşə isə dayısı Şahin Diniyev qoyub. Federasiyanın vitse-prezidenti Elçin Cəfərovun yanına apardı. O da məşqçi Vaqif Feyzullayevin yanına onu qoydu. Əslində elə mən də həmin məşqçiyə uşağı yazdırmaq istəyirdim”.

Əzizli deyir ki, uşaq vaxtı çox dəcəl olub. Atası Bakıda işlədiyindən, onun dəcəlliyinin fəsadlarını anası çəkib. Daha bir maraqlı məqam odur ki, biz bu idmançını güləşin klassik yox, sərbəst növündə görə bilərdik:

“Güləşdən əvvəl məni bibimoğlu karateyə aparıb. O gedirdi deyə, mən də ona qoşulub gedirdim. Amma 8-9 yaşımda artıq güləşə başladım. Məktəbin yanında güləş zalı açılmışdı. Amma orda sərbəst güləş idi. Dərsdən qaçıb ora gedirdim. Sonra valideynlərim bildi ki, sonuncu dərslərə girmirəm. Anam etiraz etsə də, atam bunu bildikdən sonra rəsmi şəkildə ora məni yazdırdı. Orda cəmi 15 gün məşq etdim. Çünki 1999-cu ildə atamın xalasıoğlu ayrı zal açdı və o vaxtdan həmin zalda yunan-Roma güləşi ilə məşğul olmağa başladım”.

Səkkiz il bundan qabaq Budapeştdəki eyni zalda Eldəniz Əzizli gənclər arasında dünya çempionu, onun yaxın dostu Rəsul Çunayev dünya üçüncüsü olub. İndi isə hər iki idmançı eyni göstəricini eyni zalda böyüklər arasındakı dünya çempionatında təkrarladı. 

Dünya çempionu olduğu üçün qazandığı bu kəmər artıq üçüncüdür. On Avropa çempionatı, dörd dünya çempionatından qazandığı medallarını zaldan asıb. Amma medallar həddindən artıq çox olduğundan, yalnız bir hissəsi zala gətirilib. Eldəniz deyir ki, sonuncu qızıl medalını hələ zalda asmayıb. Çünki hələ qohum-əqrəba gəlib əlini vurub şəkil çəkdirmək istəyir.

Danışığında, açıqlamalarında dindar olduğu hiss olunur. Bu barədə sual verirəm:

“Dinin rolu idmanımda çoxdur. Şaban hocaya (millinin baş məşqçisi Şaban Donat – red.) sual verilmişdi ki, dünya çempionu olduqdan sonra ulduz xəstəliyinə yoluxa bilərmi? O da cavabında bildirmişdi ki, heç vaxt Eldənizdə bu ola bilməz. Doğrudan da məni tanıyanlar bilir ki, mən heç vaxt dostlarla çox oturmuram, vaxtımı boş keçirmirəm, əyləncəyə maraq göstərmirəm. Çempion olduqdan sonra hələ evdən bayıra çıxmamışam. 4-5 il medal qazanmayanda təslim olmamışdım, əksinə, daha da motivasiya yığmışdım. Dinin mənə belə köməyi də dəyib.

Ümumiyyətlə, mən qəlyan çəkməyi, “play station” oynamağı sevmirəm. Qapalı mühit mənlik deyil. Amma bildiyiniz kimi Şahin Diniyev dayım olduğundan, bizim qanımızda futbol oynamaq var. Futbol oynadığım adamlar da öz yaşıdlarım olmur. Heç Şahin müəllimin futbolçu oğlanları – KərimCoşqunla belə futbol oynamıram. Halbuki onlardan daha yaxşı oynayıram (gülür). Dostum Rafiq Hüseynov OİK-in zabitidir, Coşqun da orda əsgərlik keçir. Rafiq deyir ki, bibinoğlu sizdən yaxşı oynayır. Mən futbol oynadığım adamlar ya məndən böyüklər, ya da ibadət əhli olur.

Amma boş vaxtlarımı futboldan da çox, ailəmə həsr edirəm. Çünki dində ailənin haqqını vermək məsələsi var. Xaricdə çox olduğumdan, medal qazandıqdan sonra ailəmi bacımın yaşadığı Türkiyəyə və ya Dubaya aparıram”.

Ailəvi dostları Rəsul Çunayevdən başqa, millinin digər güləşçisi Rafiq Hüseynov və yığmanın məşqçisi Turac Hüseynlidir. Hətta Rəsulla birgə əsgərlikdə olub, birgə institutda oxuyublar. Toplanışlar və ya yarışlar zamanı Rafiqlə bir otaqda qalsalar da, əvvəllər Rəsulla bir otağı bölüşüblər. Hətta bu ailəvi yaxınlıq o dərəcədə böyükdür ki, Eldəniz dünya çempionu olanda Çunayevin anası ağlayıb:

“Anası mənim xətrimi çox istəyir. Rəsuldan soruşsanız ki, millidə ən çox kimin xətrini istəyirsən, mənim adımı çəkəcək. O, fərqli dünyanın adamıdır. Onun öz dünyası var. Rəsulla qonşuyuq. Bir dəfə evə gəlmişəm ki, qızım Əsma yoxdur. Deyirlər ki, Rəsul aparıb. Rəsul bura da bizə görə köçüb. Prezident ona Olimpiadadakı medalına görə Yasamalda ev vermişdi. Xahiş edib, bura dəyişdirdi evini”.

Evdə bazarlıq atanın üzərinə düşür. Ata ilə oğul arasında əvvəldən belə bir şərt kəsilib ki, Eldəniz ancaq güləşi ilə məşğul olacaq. Çörək almaq o halda ata evdə olmayanda Eldənizin üzərinə düşür. Məhəllədə çempionun atası kimi tanındığını bildirən Yamən dayı daha sonra bunları deyir:

“O qədər təmiz insandır ki, qazandığı pulu gətirib stolun üstünə qoyur. Pul lazım olanda gəlir məndən alır. Deyirəm ki, pulun yerini bilirsən də, get özün götür. Deyir ki, sən ver. Yarışdan qazandığı puldan əlli avro az olanda soruşuram ki, hanı? Xərcləmişəm deyəndə, daha ikinci sualı vermirəm. Bilirəm ki, pis yerə pul xərcləməz. Bu evi də oğlumun qazandığı pulla almışıq”.

Avropa çempionatında Eldəniz qələbəsini yeni doğulmuş qızına həsr etmişdi. Bu dəfə isə o, iyunda dünyasını dəyişmiş jurnalist, publisist, qayınatası Akif Şahverdiyevə ithaf etdi. Bu barədə də soruşmaya bilməzdik:

“Bu adam Qərb Universitetində çox jurnalist yetişdirib. Həftədə bir dəfə onlara gedirdim. Adam psixoloq idi. Onunla söhbət etməkdən doymurdum. O, Avropa çempionu olanda çox sevinmişdi və məni dünya çempionu kimi görmək istədiyini bildirmişdi. Amma qəfil dünyasını dəyişdi və bu hamıya təsir etdi. Dərdləşəsi, məsləhət alınası adam idi. Dünyasını dəyişdikdən sonra çempion olsam, bunu ona həsr edəcəyimi artıq qərara almışdım. Bizdə qayınata-kürəkən münasibəti olmayıb. Adam onunla danışanda böyük enerji alırdı.

Mənə kitab oxutdurmağı da çox sevdirmişdi. Mənim hobbim əslində kitab oxumaqdır. Ərəb dilini öyrənmişəm. Dini kitablardan əlavə, tarixə aid kitabları oxuyuram. Evimdə Osmanlının 6-7 cildlik kitabı var. Uşaq vaxtı tarix və coğrafiya sevdiyim fənlər olub. Həmişə rəhmətlik mənə deyirdi ki, bir məsələni bilmirsənsə, ondan danışma. Danışsan, cılızlığın ortaya çıxar”.

Böyük qızı Əsmanın adını anası qoyub. Kiçik qızının adını özü Safiyə qoymaq istəyirmiş. Ancaq Akif Şahverdiyevin Nəbi Xəzridən oxuduğu şeiri fikri daşındırıb:

“Dəniz hədiyyə verirəm sənə,
Mən gələn sahilə gələrsən bir də
Mən olmayanda, o mənəm deyə, 
Danışıb güləsən deyə.

Qayınatam da şeirdən götürüb qızımın adının Əzizli Dəniz Eldəniz qızı olmasını istəyirdi. Yoldaşıma demişdi ki, uşağın adını bəlkə Dəniz qoyasınız. Mən də o vaxt demişdim ki, yox, Safiyə olacaq. Uşaq dünyaya gələndə Türkiyədə idim. Zəng edib adını nə qoyduğumu soruşanda dedim ki, adını Dəniz qoyuram. Qaynanam, yoldaşım ağladı ki, nə yaxşı ki rəhmətliyin son istəyini yerinə yetirdin”.

Ata deyir ki, növbəti hədəf Olimpiadadır. Amma onu narahat edən çəki məsələsidir:

“İndi 59 kq-dır. 55 kq-da güləşmək üçün çəkini salmaq olur. Olimpiadada ən aşağı çəki 60 kq-dır. Çəki artırmaq Eldənizdə bir qədər problemdir. Gərək 2-3 kq artırsın ki, sonra yarış qabağı 60-a sala bilsin. Orda özündən yuxarı çəkili güləşçilərlə mübarizə aparacaq. Amma yenə də Olimpiadada yer qazanacağına inanıram”.

Almaniyanın “Nakkenhaym” klubunun üzvü olan Eldəniz də rəqiblərini analiz etdiyini bildirib:

“Bu dünya çempionatında 55 və 60 kq-da mübarizələrin ayrı-ayrı olması yaxşı oldu. Beləliklə, Olimpiadadakı rəqiblərimi görmək, onları analiz etmək imkanı əldə etdim. Mən bir şeyi başa düşdüm ki, burda adlar önəm daşımır. Udduğum yapon idmançı vaxtı ilə Rövşən Bayramovu məğlub etmişdi. Rıza Yerlikaya kimi güclü idmançı ilk turda uduzdu. Əvvəl serb, macarla güləşəndə sevinirdin ki, udacaqsan. İndi serb də, macar da, italyan da, fransız da güləşə bilir”.

Elə biz də atası Yamən Əsədov kimi Eldəniz Əzizlinin Olimpiadada yer tutacağına inanırıq. Bu ümidlə də onlardan ayrılıb mənzili tərk edirik...

Səbuhi MUSAYEV
Foto: Ramil ZEYNALOV

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri