14 
Noy
2018
12:19
138
31
7715
Virtual karabakh

Federasiya prezidenti: Bizdə qızlar samboya yazılmır - MÜSAHİBƏ

14 Noy, 2018
12:19
7715

Federasiya prezidenti: Bizdə qızlar samboya yazılmır - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədovun Oxu.Az-a müsahibəsi:

– Millimiz Rumıniyanın paytaxtı Buxarestdə keçirilən dünya çempionatında yalnız bir gümüş medalla kifayətləndi. Gürcüstan dörd qızıl medalla dünyada ikinci oldu. Zəif çıxışı nə ilə əlaqələndirirsiniz?

– Əslində, bu suala baş məşqçimiz Bəxtiyar Hacıyev daha dəqiq cavab verə bilər. Mən daha çox millinin maliyyələşdirilməsi, səfərə yollanması, təlim-məşq toplanışının təşkil olunması məsələlərinə cavabdehəm.

Açığı, mayda Afinada keçirilmiş Avropa çempionatında dörd bürünc medal qazanmışdıq. Ona görə də bu dünya çempionatında çox medal qazanacağımızı gözləyirdim. Amma alınmadı. Emil Həsənov dünya çempionu ola bilərdi. Hesab da 1:1 bitdi. Sadəcə, güləşmədiyi üçün verilən xəbərdarlığa görə qələbə rəqibə verildi.

– Bu nəticədən sonra baş məşqçi postunda dəyişiklik etmək fikriniz yoxdur?

– Əslində, bu, Bəxtiyar Hacıyevin Avropa çempionatından sonra ikinci mötəbər turniri idi. Belə götürdükdə, ötən dünya çempionatında da bir gümüş medal qazanmışdıq.

– Siz Avropa Sambo Federasiyasında vitse-prezidentsiniz. 1997-ci ildə bir dəfə Bakıda Avropa çempionatı keçirilib. Sizin əlaqəniz vasitəsilə yenidən Bakıda belə bir mötəbər turnir keçirmək mümkündür?

– Açığı, mən də bunun olmasını çox istərdim. Ancaq orada şərtlər var. Təhlükəsizlik məsələləri həll edilməlidir. O şərtlərə əməl etmək lazımdır. Dövlət səviyyəsində razılıq verilsə, bunu keçirmək olar.

– Qarşıda millini hansısa turnir gözləyir?

– Dekabrda İspaniyada beynəlxalq turnir var. O da Minskdə keçiriləcək II Avropa Oyunlarına lisenziya balı verir. Artıq demək olar ki, dörd idmançımızın orada iştirak etməsi dəqiqləşib. Amma istəyirəm ki, beş idmançı olsun.

– Niyə bizdə samboda qız millimiz mübarizə aparmır? Zülfiyyə Hüseynova sambo üzrə beşqat dünya, ikiqat Avropa çempionu olub. Amma ondan sonra qız yığmamızdan kimsə yoxdur...

– Belə deyək, sambo qeyri-olimpiya idman növüdür, cüdo isə olimpiya. Bununla belə, Zülfiyyədən başqa, Azərbaycanı beynəlxalq səviyyədə sambo və cüdoda uğurla təmsil edən olmayıb. İndi cüdoda qadın millimizin əksər üzvləri əcnəbilərdir. Yəni, cüdo hələ olimpiya idman növü olduğu halda, orda qadın idmançı tapmaq çətindir.

Bizdə qızlar samboya yazılmır. Heç ona görə də qızlar arasında Azərbaycan çempionatı da keçirmirik. Yeri gəlmişkən, çalışıram ki, Avropa Oyunlarında qız idmançımız da olsun.

– Yeri gəlmişkən, sonda bir şeyə də aydınlıq gətirək. Sizin yeddi dəfə dünya, altı dəfə Avropa çempionu olduğunuzu bilirəm. Amma Amil Qasımovdan başqa, bizdə dünya çempionu olmayıb? Məsələn, Bəxtiyar Hacıyev builki müsahibələrindən birində deyib ki, son illərdə yeganə dünya çempionumuz Amildir. Bəs Bəxtiyar Abbasov?

– Amildən başqa da dünya çempionumuz olub. Mən 2003-cü ildə bu federasiyaya prezident gəldikdən sonra 3-4 idmançımız bu uğura yiyələnib. Məsələn, Elçin Mayılov 2010-cu ildə Daşkənddə dünya çempionu olmuşdu. Cüdoda Olimpiya mükafatçımız Mövlud Mirəliyev, cüdoçu Elmar Qasımovun əmisi oğlu İslam Qasımov, Hakim Nəzərəliyev və Şahmurad Qasımov kimi samboda dünya çempionlarımız var. Amma Bəxtiyar Abbasov dünya çempionu olmayıb.

“Wikipedia”da yazılan informasiyalar səhvdir. Ola bilsin ki, əlbəyaxa döyüş üzrə dünya çempionu olsun, amma samboda onun dünya çempionluğu yoxdur.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri