Dek
2018
18:51
74
211
2154
Virtual karabakh

Azərbaycan Qran-Prisi “2018-ci ilin ən yaxşı yarışı”dır - Britaniya KİV

5 Dek, 2018
18:51
2154

Azərbaycan Qran-Prisi “2018-ci ilin ən yaxşı yarışı”dır - Britaniya KİV

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu il Bakıda baş tutmuş “Formula-1” yarışı İngiltərənin məşhur “The Times” və “The Guardian” nəşrləri kimi dünyanın aparıcı kütləvi informasiya vasitələri tərəfindən “2018-ci ilin ən yaxşı yarışı” adlandırılıb. 

Oxu.Az xəbər verir ki, televiziya auditoriyasında da builki Azərbaycan Qran-Prisi bir çox yarışlardan üstün olub.

Azərbaycan Qran-Prisini dünya üzrə bütün həftəsonu yarışlar daxil olmaqla, 83 milyon insan izləyib.

“Formula-1” yarışlarının təşkilatçısı “Formula One Management” şirkətinin statistik rəqəmlərinə əsasən, izləyicilərin 76 faizi Bakı yarışından zövq alıb. Bu da mövsümün ümumi göstərici səviyyəsindən (70 faiz) yuxarı olmaqla, Bakı trasının reytinqdə V yeri tutduğunu göstərir. Bakı Şəhər Halqasından (BŞH) irəlidə yalnız Böyük Britaniya (90 faiz), Avstriya (85 faiz), Braziliya (81 faiz) və Meksikadır (79 faiz).

“Viasat” kommunikasiya şirkətinin Skandinaviya ölkələrinin tamaşaçıları arasında apardığı ictimai sorğuya əsasən, Azərbaycan Qran-Prisi ABŞ və Çin Qran-Prilərindən sonra III yeri tutub.

Rəqəmsal platformalarda ortalama göstərici 3,3 milyon unikal istifadəçi olduğu halda, Azərbaycan Qran-Prisini 4,1 milyon unikal istifadəçi izləyib. Bu isə Avstraliya Qran-Prisindən sonra mövsümün ikinci ən böyük göstəricisidir.

Məşhur nəşrlər öz məqalələrində builki Azərbaycan Qran-Prisini “Red Bull” komandasının hər iki pilotunun iştirakı ilə qəza, həlledici dairədə bolidin təkərinin deşilməsi və bununla da Valtteri Bottasın qalibiyyətini itirməsi və digər həyəcanlı anlarla təsvir ediblər.

“Çox şadıq ki, Azərbaycan Qran-Prisi artıq ardıcıl ikinci dəfə dünya mediasında dramatik hadisələr və gərginliklə dolu yarış kimi qeyd olunur. “The Times”, “The Guardian”, “Metro” kimi nəşrlər öz məqalələrində bizim yarışın ən yaxşı olduğunu qeyd ediblər. Bundan başqa, ötən yarışda həm yerli, həm də beynəlxalq tamaşaçıların yarışa göstərdiyi maraqda böyük artım qeydə alınıb və “Formula-1” Azərbaycan Qran-Pri yarışı baxış saylarında da əksər ölkələri qabaqlayıb.

Artıq belə bir müsbət tendensiyanın yaranması bizi çox sevindirir və bunu qoruyub-saxlamaq üçün indi bütünlüklə hazırlıq işlərinə  köklənmişik. Əminik ki, 2019 “Formula-1” Azərbaycan Qran-Prisi trekdə və trekdən kənardakı möhtəşəm məqamları ilə bütün avtoidman həvəskarlarına əvvəlkilərdən daha artıq həyəcanlı anlar bəxş edəcək”, - deyə BŞH-nın Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bildirib.

Bilet satışının statiskasına görə 2018 “Formula-1” Azərbaycan Qran-Prisində 94 min tamaşaçı iştirak edib. “Formul1in ən sürətli şəhər halqasında baş tutan ötən ilki yarışla müqayisədə bu il ümumi tamaşaçı iştirakında 31 faiz, bilet satışında isə 21 faiz artım qeydə alınıb.

Satılan biletlərin 77 faizi yerli azarkeşlərin payına düşür. Yarışı izləmək üçün Bakıya gələn əcnəbi azarkeşlərin sayı isə ötən illə müqayisədə 31 faiz artıb və ümumi bilet satışının təxminən 1/4-i əcnəbi tamaşaçıların payına düşür.

Qeyd edək ki, Bakıda növbəti “Formula-1” yarışı 26-28 aprel tarixlərində baş tutacaq. Hazırda dörd günlük biletlərdə məhdud sayda nəzərdə tutulmuş 20 faizlik endirim təklifi davam edir və yanvarın 1-dək qüvvədə qalacaq. Sırf yerli sakinlərə əlavə 25 faizlik endirim də tətbiq olunur. 

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri