14 
Dek
2018
11:59
49
89
2035
Virtual karabakh

Karate millimizə türkiyəli baş məşqçi təyin olundu

14 Dek, 2018
11:59
2035

Karate millimizə türkiyəli baş məşqçi təyin olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kişilərdən ibarət karate (kumite) üzrə milli komandaya yeni baş məşqçi təyin olunub. 

Oxu.Az xəbər verir ki, bundan sonra karateçilərimizi türk mütəxəssis Bahəttin Kandaz çalışdıracaq.

Yeni baş məşqçini heyətə təqdim edən Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov qarşıya qoyulan məqsədlərə nail olmaq üçün ona uğurlar arzulayıb. Azərbaycan karateçiləri kimi dünyada tanınan milli komanda ilə çalışmağa dəvət olunduğundan şərəf duyduğunu ifadə edən B.Kandaz Azərbaycan karatesinin dünyadakı imicini qorumağa və ona həvalə olunan bu məsuliyyətli işdə böyük həvəslə çalışacağını, eləcə də, hədəflərə çatmaq üçün qazandığı təcrübəni əsirgəməyəcəyini bildirib.

O, qarşıdakı fəaliyyət planı barədə qısa məlumat verib və nəzərdə tutulan işlərin müsbət nəticələrə səbəb olacağına inandığını söyləyib.

25 iyun 1968-ci ildə Türkiyənin Girəsun şəhərində doğulan Bahəttin Kandaz İstanbulda Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. 1982-ci ildən karate ilə məşğul olan mütəxəssis iyirmi illik idmançı karyerasında dünya və Avropa çempionatlarının dəfələrlə mükafatçısı, həmçinin klublararası dünya və Avropa çempionu olub.

Əlli yaşlı mütəxəssis 2006-cı ildən məşqçi kimi fəaliyyətə başlayıb və 2014-cü ildə İsveçrənin Bazel şəhərinə klub məşqçisi kimi işləməyə dəvət olunub. Məşqçilik dövründə bir neçə yetirməsi dünya və Avropa çempionatlarının qalib və mükafatçısı olub.

B.Kandaz üç ay əvvəl Böyük Britaniyaya məşqçi kimi dəvət alsa da, bu yaxınlarda Azərbaycan milli komandasını çalışdırmaq təklifinə üstünlük verib. Böyük Britaniyada isə məsləhətçi kimi işləmək razılığına gəlib.

Bahəttin Kandazın Azərbaycan milli komandası ilə ilk rəsmi yarışı yanvarın ikinci yarısında Fransada ilin ən nüfuzlu Karate1 Premyer Liqa turniri olacaq.

Səbuhi MUSAYEV
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri