18 
Yan
2019
14:15
45
19
5790
Virtual karabakh

Qəddafi və ya bir uğursuz futbolçunun həyat hekayəsi - FOTO/VİDEO

18 Yan, 2019
14:15
5790

Qəddafi və ya bir uğursuz futbolçunun həyat hekayəsi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

16 yanvarda İtaliya superkuboku onuncu dəfə ölkə xaricində və ilk dəfə olaraq Səudiyyə Ərəbistanında keçirilib. Ölkə xaricində “İtaliya debütü” 1993-cü ildə ABŞ-da baş tutub. Ardınca Çin, Qətər və Liviya kimi ölkələr yer alıb.  

Oxu.Az xəbər verir ki, bu barədə “Sports.ru”da geniş məqalə dərc olunub.

2002-ci ilin İtaliya kuboku finalında “Yuventus” klubu” “Parma” ilə qarşılaşıb. Bunun üçün Liviyalı diktator Qəddafinin oğlu Saadi öz əlaqələrindən istifadə edib.

Saadi “Yuventus”a azarkeşlik edib və Turinə fəxri qonaq kimi səfər verib. Komandanın məşqlərində iştirak edib və səhmlərinin 5 faizinə yiyələnib. “Yuventus”un iştirakı ilə Tripolidə matçın keçirilməsi perspektivi yaranan kimi, bu arzusunun baş tutmasına külli miqdarda pullar xərcləyib. 

“Qoca sinyora”nın oyunçuları tək-tük ot çıxan “qum stadionda” top qovduğu bir vaxtda Saadi Qəddafi tribunada İtaliyanın nüfuzlu şəxsləri ilə qucaqlaşıb-söhbətləşirdi. A seriyasında çıxış etmək ideyası da elə onda doğmuşdu.

Həmin vaxt Saadinin 29 yaşı var idi və peşəkar səviyyədə Liviya çempionatında çıxış edirdi, üstəlik, kapitan sarğısı ilə meydana çıxırdı. Oyunlarda özünü stadionun kralı hesab edirdi,  əvəz olunan zaman komanda yoldaşlarının əlini bir-bir sıxıb, dəqiqələrlə vaxt uzadırdı və heç kimin ona irad bildirməyə cürəti çatmırdı.

Ancaq əsla Avropa futbolu səviyyəsində oyunçu olmayıb. Qəddafinin bəxti gətirir, onun haqqında danışmağa hazır olan insana rast gəlir.

“Peruca” klubunun prezidenti Luçano Qauçi reklamın çox vacib olduğunu hesab edirdi.  Qəddafinin transferi əla “piar” (PR) ola bilərdi. Artıq “Peruca” yerli qəzetlərin və telekanalların gündəmindən düşmürdü.

Klub rəhbərliyinin bu elə ürəyincə oldu. Üstəlik, dostu Silviyo Berluskoni də bu ideyanı dəstəkləmişdi: “O dedi ki, bu İtaliyanın Liviya ilə münasibətlər qurmasına kömək edəcək. Pis oyunçudur? Olsun da”, - deyə Qauçi bildirib.

Saadinin təqdimatı Qauçiyə aid olan orta əsrə aid qəsrdə baş tutdu. “Peruca”nın məşqlərində az qala hər gün “Al Jazeera” çəkiliş qrupu iştirak edirdi. O, artıq bir realiti şouya çevrilmişdi.

Rusiyalı məşqçi Lev İvanov da Liviyada Qəddafi ilə işləyib:

“O, özünü çox “dartırdı”, daima ətrafında cangüdənlər olurdu, məşqlərdə 6-7 avtomatlılar tərəfindən mühafizə edilirdi. Maşının yanında mühafizəçilərə aid iki “cip” dayanırdı. Ona görə də təkəbbürü bir qədər normanı aşırdı. Ancaq o qədər də yaxşı futbolçu deyildi. Çox ləng oynayırdı. Ancaq tərəddüdsüz şəkildə bütün cərimə və penalti zərbələrini ona həvalə edirdilər.  Onu əvəzləməyə heç kim cürət edə bilmirdi.Əgər oynamağa taqəti vardısa və xəstə deyildisə, fitdən fitə kimi meydanda olurdu.

İtaliyaya gəldikdən sonra Qəddafi, sadəcə, futbol oynamaq istədiyini, komanda yoldaşlarından seçilmək istəmədiyini bildirmişdi. Ancaq bu, əməldə o qədər də özünü büruzə vermirdi. Çünki Saadi İtaliyada da özünü evdəki kimi aparırdı. Şəhərin ən prestijli beş ulduzlu hotelinin (“Brufani Palace Hotel”) bütövlükdə beşinci mərtəbəsini kirayələmişdi. Məşqlərə açıq-sarı “Lamborghini”də gəlirdi.

Şəhərdə cangüdənsiz harasa yollanmazdı. “Peruca”nın məşq bazası yüksək səviyyədə mühafizə olunurdu və hər bir oyunun keçirildiyi matçda stadion hərtərəfli şəkildə təhlükəsizlik yoxlanılışından keçirdi.

“Bir gün onun qulağı ağrımağa başladı. Saadi İtaliyanın ən yaxşı həkiminə zəng vurdu. Helikopterə əyləşib, Milana uçdu (bazadan 400 km uzaqda). Günün ikinci yarısına qədər artıq geri dönmüşdü”, - deyə keçmiş italiyalı hücumçu Emanuele Berretoni bildirib

Qəddafinin dəvəti ilə bütün komanda Liviyanın 2010-cu il dünya çempionatına ev sahibliyi üçün namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirə, Monte Karloya uçmuşdu. Deyilənə görə, tədbirə başlıca olaraq Hollivud ulduzu Nikol Kidmanla tanış olmaq üçün getmişdi. Aktrisa tədbirə qatılmaqdan imtina etdi, Qəddafi özü də məyus olub iştirak etmədi. Bununla belə, “Peruca” klubunun futbolçuları xoş vaxt keçirdilər.

Qəddafi oynamağı sevirdi. O, 100 metr məsafəni qaçış üzrə Olimpiya çempionu Ben Consonu və hətta Dieqo Maradonanı fərdi hazırlığı prosesinə cəlb etmişdi. Ancaq nə faydası?!.

“Təsəvvür edin ki, 13 yaşlı uşaq böyüklərlə oynamaq istəyir. Əlindən gələni edir, ancaq bu, sadəcə, onda alınmır”, - deyə Saadinin yaxın dostu, “Peruca” klubunun keçmiş müdafiəçisi Salvatore Frezi bildirib.

Maksimum nailiyyəti ehtiyat oyunçular üçün ayrılmış yerdə əyləşməsi olub. Noyabr ayında isə dopinq testindən keçə bilməyərək, üç ay müddətinə diskvalifikasiya olunub. Geri döndükdən sonra yenidən ehtiyat heyətində qalıb. Ancaq aprel ayında “Yuventus” klubuna qarşı matçda məşqçi Serse Kosmi Qəddafinin arzusunu gerçəkləşdirərək, meydana çıxarır.

Deyilənə görə, onun oyunda iştirakı vacib şərt olaraq müqavilədə təsbit olunubmuş. “Peruca” həmin oyunda “Qoca sinyoranı” minimal hesabla (1:0) məğlub edib. Qəddafi meydanda cəmi 15 dəqiqə keçirib.

“Qrifonlar” B seriyasına düşür, ancaq Saadi orada da bir dəqiqə belə oynaya bilməyib. Hər necəsə “Udineze”nin heyətinə keçə bildi. “Udineze” klubunun məşqçisi Covanni Qaleone  Qəddafinin mövsümün sonunda oynamasına icazə verəcəyini bildirmişdi. Onun sözlərinə görə, onsuz da onun nəticələri heç bir şeyi dəyişməyəcəkdi.

Saadi “Kalyari” klubuna qarşı matçda 10 dəqiqə meydanda olur və az qala qola imza atır. Ancaq rəqib qapıçı Antonio Kimeni onun zərbəsini dəf edir. Sonradan Qəddafi bir dəfə olsun, meydana çıxmır. Halbuki 2007-ci ildə başqa bir italyan klubu “Sampdoriya” ilə müqavilə bağlayır və yarım mövsüm onun futbolçusu olub.

2011-ci ildə Liviyada vətəndaş müharibəsi başlayır. Hadisələrin inkişafı rejimin devrilməsinə və atası Müəmmər Qəddafinin vəhşicəsinə öldürülməsinə gətirib çıxarır. Saadi həmin vaxt yüksək hərbi vəzifə tuturdu və döyüşlərdə iştirak edirdi. Hakimiyyətin devrilməsinin labüd olduğunu anlayıb Nigeriyaya qaçır. İnterpol onun barəsində beynəlxalq həbs orderi verir. 2014-cü ildə Nigeriya hökuməti Qəddafini yeni Liviya hakimiyyətinə təhvil verir. Qəddafi həmin vaxtdan bəri həbsxanada cəza çəkir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri