18 
Yan
2019
16:07
97
21
7113
Virtual karabakh

Millimizə çağırılmış futbolçu İngiltərə klubunun tarixinə düşüb - VİDEO

18 Yan, 2019
16:07
7113

Millimizə çağırılmış futbolçu İngiltərə klubunun tarixinə düşüb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa çempionatının elit-raund mərhələsinə hazırlıq məqsədilə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası sabahdan yanvarın 31-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq. 

Oxu.Az xəbər verir ki, baş məşqçi Vüqar Məmməd toplanışa 24 futbolçu dəvət edib.

Bunlardan beşi Rusiya, Litva və İngiltərədə legioner həyatı yaşayan futbolçulardır. Bunlar Rusiyanın “Stroqino” klubundan Rüstəm Samuqullin, “Spartak-2”dən Elnur İbrahimov, Saratov “Sokol”undan Ruslan Qəribov, Litva “Yonava”sından Kamran Quliyev və İngiltərənin “Fayld” klubundan Sərhat Taşdəmirdir.

Təbii ki, bunlardan diqqəti cəlb edən İngiltərənin IV divizionunda çıxış edən “Fayld”ın futbolçusu Taşdəmirdir. Əvvəlcə onu qeyd edək ki, İngiltərənin sayca beşinci çempionatı olan Milli Liqanın iştirakçısı hazırda 29 turdan sonra əlli xal toplayıb və beşinci sıradadır.

Türk əsilli futbolçuya gəlincə, o, əvvəl İngiltərənin məşhur klublarından olan “Bləkbörn Rovers”də futbolun sirlərinə yiyələnib. Daha sonra Sərhat indiki klubu olan “sahilçilər”in akademiyasına qoşulub.

O, bu klubla peşəkar müqaviləsini 2017-ci ilin sentyabrında bağlayıb. İki illik müddətə bağlanan müqavilədə tərəflərin üçüncü il üçün də razılaşması nəzərdə tutulub. Həmin ilin sentyabrın 9-da “Bromli” ilə 2:2 hesabı ilə başa çatan matçın 53-cü dəqiqəsində meydana çıxan Sərhat 14 dəqiqə sonra qol vurub. O həmin vaxt 16 yaş 110 günün içində olub. Bununla da o, komandasının tarixində qol vuran ən gənc futbolçu kimi statistikaya düşüb.

Ümumiyyətlə, 18 yaşlı cinah yarımmüdafiəçisi iki mövsümə səkkiz qol vurub. Komanda yoldaşları tərəfindən “Tuqay” deyə çağırılan Sərhat Taşdəmir ötən mövsüm komandanın baş məşqçisi Deyv Çalinor tərəfindən ilin ən yaxşı gənc futbolçusu adlandırılıb. Klubunda iyirmi nömrəli formanı geyinən Taşdəmir komandasının son iki matçında ehtiyatda qalıb. Onun Böyük Britaniya vətəndaşlığı var.

Qeyd edək ki, U-19 millimiz Antalyada dörd yoxlama oyunu keçirəcək. Yığmamız yanvarın 21-də, 24-də, 27-də və 30-da müvafiq olaraq “Krasnodar-3” (Rusiya), Küveyt U-19, “Tromsö” (Norveç) və “Dinamo-2” (Rusiya) komandaları ilə qarşılaşacaq. 

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri