29 
Yan
2019
13:29
53
119
14671
Virtual karabakh

Barat Abdullayev: Əsl domino 200-ə qədər oynanılır

29 Yan, 2019
13:29
14671

Barat Abdullayev: Əsl domino 200-ə qədər oynanılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Domino Klubunun prezidenti Barat Abdullayevin Oxu.Az saytına müsahibəsi

– Yarışlarda iştirak edirsinizmi?

– Bizim klub 2005-ci ildə yaradılıb. O vaxtdan etibarən biz dünya çempionatları, dünya kubokları və bir sıra beynəlxalq turnirlərdə iştirak etmişik. Kubada, Meksikada, İspaniya və Rusiyadakı dünya çempionatlarında mübarizə aparmışıq. 2009-cu ildə Sankt-Peterburqda keçirilən dünya çempionatında Rəhman Ələkbərli və Mehman Məmmədli cütlüyü gümüş medal qazanıb.

Onlar İspaniyadan Hind Okeanınadək yeganə oyunçulardır ki, dünya çempionatında gümüş medala layiq görülüb. Bu, Azərbaycan dominoçuları üçün çox böyük nailiyyətdir. Hərçənd bizim KİV dominoya kifayət qədər yer ayırmırdı. Bunda bizim özümüzün də günahı var. Çünki biz də mətbuatla sıx əlaqədə olmamışıq.

Klub olaraq biz Bakı çempionatı, “Bahar”, “Qış” turnirləri keçiririk. Beynəlxalq turnirlər təşkil etməyə o qədər imkanımız yoxdur deyə, hələlik lokal xarakterli yarışlarla kifayətlənirik. Bakıdan başqa, Gəncə, Yevlax, Şamaxıdan dominoçular bizim yarışlara qatılır. Amma əksəriyyəti Bakıdandır. Yaxınlarda – 12 yanvarda cütlər arasında Bakı çempionatı keçirmişik. Qalib cütlüyə kubok, qol saatı hədiyyələri verdik.

– Əsl domino cütlük formasında oynanmalıdır, yoxsa tək-tək də oynamaq mümkündür?

– Fərdi şəkildə domino oynamaq dünyada yoxdur. Bazarda daşlar qalarsa, o, fala baxmaq kimi bir şey olur. Ona görə də dünya təcrübəsində domino iki yox, dörd nəfərlə oynanmalıdır. 28 daşın hamısı əldə olmalıdır. Həm də biz 101 oynamırıq. Beynəlxalq domino 200-ə qədər oynanılır.

– Başqa hansı qaydalar var ki, dünya təcrübəsində biz oynadığımız ənənəvi dominodan fərqlənir?

– Əldə yeddi qoşa gələrsə, oynamağa icazə verilir. Onda oyun qarışdırılmır. Ümumiyyətlə, yeddi qoşanın ələ gəlməsi çox nadir hallarda olur. Mənim özümdə cəmi bir dəfə belə hal baş verib (gülür). Daha çox altı dənə qoşa gəlir. Ağ qoşa əldə tək qalarsa, bu, on xal sayılmır. O sayıla bilməz, çünki üstündə xalı yoxdur. Ağ qoşanın sayılmaması taktiki olaraq oyunda başqa variantlardan istifadə etməyə imkan verir. Çünki onu qoymayıb, hücum edə bilirsən.

– Sizin keçirdiyiniz birincilik beynəlxalq qaydalara əsasən oynanılır, yoxsa bizim ənənəvi oynadığımız dominodan istifadə edilir?

– Xeyr, biz beynəlxalq qaydalarla oynayırıq. Çünki uşaqlar çempionata gedəndə hazırlıqlı olsunlar. Ümumiyyətlə, “bizimki” deyəndə, domino Azərbaycana məxsus oyun deyil. Ruslarda “kozyol” deyilən 101 oyunu var. Bizim oynadığımız məhz odur. O, rus sistemi sayılır. Mən özüm də onun üstündə dominonu öyrənmişəm. Amma beynəlxalq dominonun öz qaydaları var. Təbii ki, bu daha dəqiq, daha demokratik qaydalardır. Bu qaydalar dominoçunu inkişaf etdirir.

– Dünya üzrə domino federasiyası varmı?

– Bəli. Beynəlxalq Domino Federasiyası var. Bizim klub da orda təmsil olunur. Bu günədək iştirak edib-etməməyimizdən asılı olmayaraq, dünya çempionatlarında Azərbaycan bayrağı dalğalanır. Beynəlxalq Domino Federasiyasının baş qərargahı əvvəl İspaniyanın Barselona şəhərində idi, daha sonra Venesuelanın paytaxtı Karakasa köçürüldü.

Federasiya prezidenti dəyişdirildiyindən sentyabrda qərargah Floridaya dəyişdirildi. Sonuncu dünya çempionatı Dominikanda keçirildi. Təəssüf ki, biz maliyyə problemi ilə üzləşdiyimizdən və yolun uzaqlığından, ora gedə bilmədik. Ora getmək üçün bir neçə təyyarə dəyişməli idik. Yorğunluq, saat fərqi olacağından, adaptasiya problemi ilə üzləşəcəkdik və oynamaq çətin olacaqdı.

– Avropa Domino Federasiyası da mövcuddurmu?

– Var. Amma bu qurum istənilən səviyyədə və o qədər də aktiv deyil. Biz avtomatik olaraq ora da üzvük. Hətta bir neçə dəfə özümə o qurumun prezidentliyinə namizədliyim təklif olunub. Amma özümdə o haqqı görmədim. Üstəlik, yaxından bu işlə məşğul olmağa imkanım yoxdur. Onu da deyim ki, 2011-ci ilə qədər biz bədnam qonşularımız olan erməniləri Beynəlxalq Domino Federasiyasına üzv olmağa qoymadıq.

– Belə çıxır ki, sizin sözünüz orada keçir...

– Bəli. Çünki Azərbaycan dominoçuları bu regionda yeganədir ki, dünya çempionatında medal qazanıb. Rusiyadan illər boyu 5-10 cüt dominoçular dünya çempionatlarında iştirak edirlər. Ancaq indiyədək heç ilk “iyirmiliy”ə düşməyiblər. Amma biz üç il hazırlaşdıq və dünya çempionatında iştirak edib uğur qazandıq.

– Ən çox dünya çempionları hansı ölkələrdən olur?

– Venesuela, Meksika, Dominikan, İspaniya, Kubadan.

– Belə görünür ki, əsasən, Latın Amerikası ölkələri bu dominonu daha yaxşı oynayır...

– Elədir. Bundan başqa, İsveçrənin və Almaniyanın cənub hissələrindən olanlar, eləcə də, Portuqaliya dominoçuları çox yaxşı oynayırlar. Onlarda ustad dominoçular var. Dominonun özünün elmi-tədris kitabı var. Onu tərcümə edirəm. Yəqin ki, bir ilə Azərbaycan dilində çap etdirəcəyik.

– Nazirliyə müraciət edib klubu federasiyaya çevirmək fikriniz varmı?     

– Gələcəkdə var. Bir dəfə müraciət etmişdim. Nazirlik çox böyük həvəslə yanaşdı bu işə. Biz özümüz buna səhlənkar yanaşdıq. Amma fikrimiz var ki, bu ilin sentyabr-oktyabr aylarında federasiyanı yaradaq və builki dünya çempionatına federasiya adından gedək. Klub adından gedəndə bir az problem olur. Amma mənə və dünya çempionatındakı nailiyyətimizə görə güzəşt edib bizi federasiya kimi qəbul edirlər.

Nazirlik bizə hər zaman xoş münasibət bəsləyib, açığı. Federasiya yaratmaq üçün bir neçə şərtlər var ki, gərək onları yerinə yetirək. Açığı, sizin zənginizdən sonra mən də federasiyanı açmaq yönündə daha da həvəsləndim.

– Ola bilərmi ki, federasiyanı daha tez açasınız?

– Bəli. Bu, bizim özümüzdən asılıdır. Nazirlik bizə hər zaman dəstək olmağa hazırdır. Mənim başqa şəxsi işlərim çox olduğundan bunun arxasınca gedə bilmədim. İndi bu işin üstünə düşmüşük. Uşaqlarımız hazırlıq keçirlər, həftədə iki dəfə yığışıb məşq edirlər.

– Sizin kluba üzv olmaq üçün nə lazımdır?

– Bizdə heç bir pul ödəmək lazım deyil. Klubu şəxsi vəsaitim hesabına saxlayıram. Çempionat və turnirləri də özüm keçirirəm. Sadəcə olaraq, gəlib oynamaq lazımdır. Klubun üzvləri yaxşı oynayır. Təzə gələnlər gəlib onlara uduzduqdan sonra pis olurlar və davam etmirlər. Amma davam etsələr, onlar da güclü oynayarlar. Bizim klubun üzvləri artıq dominonun elminə yiyələniblər. Domino tək o deyil ki, səndə o daş varsa, mütləq onu qoymalısan.

– Turnirlərə də dəvət alırsınız?

– Bəli. Bir dəfə Abxaziyada bir turnir keçirilirdi. Bizə də dəvət göndərilmişdi. Təbii ki, biz ora getmədik. Çünki Abxaziya Azərbaycan tərəfindən tanınan respublika deyil. Hətta Gürcüstan səfirliyi də bizə ora getməməyimizi xahiş etmişdi. Biz də qeyd etdik ki, onsuz da özümüz ora getməyəcəyik.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri