Fev
2019
14:04
103
38
3095
Virtual karabakh

Premyer Liqa başlayır: Gözlər “Qarabağ” - “Neftçi” matçına doğru - VİDEO

2 Fev, 2019
14:04
3095

Premyer Liqa başlayır: Gözlər “Qarabağ” - “Neftçi” matçına doğru - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına – üçüncü dövrəyə start veriləcək. 

Oxu.Az xəbər verir ki, çempionatdakı 54 günlük fasilə Zirədə başa çatacaq. 

İlin ilk matçında “Zirə” meydana çıxacaq. Mövsümdə ilk dəfə ev oyununu doğma arenada keçirəcək qəsəbə təmsilçisi “Sabah”ı qəbul edəcək.

Günün ikinci oyununda da iki paytaxt təmsilçisi qarşılaşacaq. Sürpriz şəkildə üçüncü sırada qərarlaşmış “Səbail” “Keşlə”nin qonağı olacaq.

Fevralın 2-də isə “Qəbələ” qonşu pillədə olduğu “Sumqayıt”la qarşılaşacaq. İranlı və israilli futbolçuları heyətinə qatmış qonaqlar qalib gələcəyi halda, Qəbələ təmsilçisini keçəcək.

Təbii ki, bütün gözlər sabah saat 18:30-da Tofiq Bəhramov adına Respublika Stadionuna yönələcək. Çünki çempionluğa ən yaxın iki namizəd – “Qarabağ” və “Neftçi” üz-üzə gələcək.

Hər iki komanda qış fasiləsində legionerlərlə gücləndirib (gücləndirməkdə də davam edir – red). Bu komandaların çempionluq üçün sonadək gərgin rəqabətdə olacağı anlamına gəlir.

Tərəflər artıq cari çempionatda iki dəfə üz-üzə gəlib. III turun avqustun 26-da keçirilmiş görüşü “Qarabağ”a məxsus “Azərsun Arena”da baş tutub.

Hazırda BƏƏ-nin I divizion klubu “Əl Oruba”da olan qanalı hücumçu Kvame Karikari “Neftçi”də vurduğu iki qoldan birini məhz “Qarabağ”a vurub. Lakin ikinci hissədə “Qarabağ”ın İsveçrə doğumlu forvardı İnosent Emeqara oyunda tarazlığı bərpa edib - 1:1.

Komandalar ikinci dəfə IX turun oktyabrın 28-də “Bakcell Arena”da keçirilmiş görüşündə üz-üzə gəlib. Bu görüşdə “Neftçi” 3:1 qalib gələrək “Qarabağ”a ardıcıl ikinci məğlubiyyətini yaşadıb (bundan əvvəl Qurban Qurbanovun yetirmələri uşaq səhvi ilə “Səbail”dən texniki məğlubiyyət alıb – red.).

Həmin vaxt Abbas Hüseynov öz qapısına qol vurub, “Neftçi”nin hücumçuları – Mirabdulla Abbasov və fransalı Baqaliy Dabo fərqi artırıb. “Qarabağ”ın təsəlli qoluna isə Mahir Mədətov imza atıb.

Göründüyü kimi, bütün matçlarda qolları hücumçular vurur. Yeri gəlmişkən, bu matç çempionatda bombardirlər yarışında lider olan Baqaliy Dabo ilə Mahir Mədətov üçün də bir növ kimin ən sərrast olmasını göstərən matçdır.

“Qarabağ” bu matçda yeni-köhnə braziliyalı hücumçusu Reynaldo və ispaniyalı mərkəz yarımmüdafiəçisi Miçelin xidmətindən zədə səbəbindən istifadə edə bilməyəcək. Onu da bildirək ki, tərəflər üçüncü dövrədə üçüncü stadionda qarşı-qarşıya gələcəklər. Tofiq Bəhramov adına Respublika Stadionu tərəflərin cari mövsüm ilk mübarizə yeri olacaq. 

Ağdam klubu qalib gələcəyi təqdirdə, xal fərqini bərabərləşdirəcək. Əks halda, lider “Neftçi” xal fərqini altıya yüksəldəcək. Bərabərlik halında xal fərqi üç olaraq qalacaq.

2 fevral

16:30 “Zirə” – “Sabah”
Zirə İdman Kompleksinin stadionu. Baş hakim: Rauf Cabbarov

19:00 “Keşlə” – “Səbail”
“ASK Arena”. Baş hakim: Rəhim Həsənov

3 fevral

14:00 “Qəbələ” – “Sumqayıt”
Qəbələ şəhər stadionu. Baş hakim: Əliyar Ağayev

18:30 “Qarabağ” – “Neftçi”
Tofiq Bəhramov adına Respublika Stadionu. Baş hakim: Rəvan Həmzəzadə

Turnir cədvəli

1

Neftçi

14

33

2

Qarabağ

14

30

3

Səbail

14

21

4

Sabah

14

17

5

Qəbələ

14

17

6

Sumqayıt

14

15

7

Keşlə

14

12

8

Zirə

14

10

Bombardirlər: Baqaliy Dabo (“Neftçi”), Mahir Mədətov (“Qarabağ”) – hər ikisi 7 qol.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri