Fev
2019
21:27
39
553
5693
Virtual karabakh

“Formula-1” Azərbaycana nə xeyir verdi? - Son üç ilə baxış

6 Fev, 2019
21:27
5693

“Formula-1” Azərbaycana nə xeyir verdi? - Son üç ilə baxış

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məlum olduğu kimi, dünən Bakıda Azərbaycan gənclər və idman naziri Azad Rəhimovla “Formula-1” Şirkətlər Qrupunun irlandiyalı baş icraçı direktoru və İdarə Heyətinin sədri Çeyz Keri arasında yeni müqavilə bağlandı.

Oxu.Az xəbər verir ki, bu müqavilə ilə Azərbaycanda “Formula-1” yarışlarının 2023-cü ilədək keçirilməsi rəsmiləşdi. Bəs “Formula-1” Azərbaycana nə verdi?

Yaxın keçmişə qısaca nəzər salmaq qərarına gəldik. İlk müqavilə 2015-ci ildə bağlandı. Həmin il “Formula-1” Şirkətlər Qrupunun başında britaniyalı Berni Eklstoun idi. Onunla bağlanan müqavilədə Bakı Qran Prisinin ilk yarışının 2016-cı ildə keçiriləcəyi və 5+5 il müddəti əhatə edəcəyi yazılmışdı. Yəni ilk müqavilədə yarışın 2020-ci ilədək keçirilməsi nəzərdə tutulmuş, sonrakı beş illik müddət isə tərəflərin qarşılıqlı razılığından asılı olaraq qüvvəyə minəcəkdi. Elə həmin il Bakı Qran Prisinin promouteri (təşkilatçısı) olan Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (Baku City Circuit) yaradıldı və şirkətə nazir Azad Rəhimovun oğlu Arif Rəhimov başçılıq etməyə başladı.

2016-cı ilin sentyabrında FIA-nın (Beynəlxalq Avtomobil Federasiyası) açıqladığı yarış təqvimindən bəlli oldu ki, Bakıdakı Qran Prinin adı dəyişdirilib. Belə ki, 2017-ci ildə Bakıda keçiriləcək ikinci yarışdan etibarən Qran Pri-yə Azərbaycan Qran Prisi adı verildi. Məqsəd ölkəni dünyaya daha çox tanıtmaq idi.

Məhz 2016-cı ildən etibarən ölkəmizə sırf “Formula-1”i izləmək üçün çoxlu sayda turist və xarici könüllülər gəlməyə başladı. Məsələn, 2018-ci ildə “Formula-1”in “Twitter” hesabında 2018-ci ilin aprelində baş tutmuş yarışı izləmək üçün Bakıya gələn turistlərin sayının bir il əvvəlki ilə müqayisədə 31 faiz artdığı açıqlandı. Belə ki, 2017-ci ildə bu yarışı izləmək üçün 71 451 tamaşaçı gəlmişdirsə, ötən il bu rəqəm 94 minə çatdı.

“Formula-1” yarışı ərəfəsində Bakıya üç gün ərzində dünya şöhrətli müğənnilər də dəvət olundu. Onlardan ən məşhuru kimi Enrike İqlesias, Kristina Aqilera, Tarkanı göstərmək olar. 

Təbii ki, “Formula-1” keçirildiyi müddətdə şəhərin mərkəzi hissəsi yarış trekinə çevrildiyindən paytaxt Bakıda tıxac problemlərinin olması da qaçılmazdır. Ancaq Bakı Şəhər Halqası Bakı şəhər Nəqliyyat Agentliyi və Dövlət Yol Polis İdarəsi ilə birgə fəaliyyəti nəticəsində bu məsələləri hər il yoluna qoymağa çalışır.

Azərbaycanın builki yarışa görə 60 milyon dollar xərclədiyinə (təbii ki, bu Bakı Şəhər Halqası tərəfindən təkzib olunur – S.M.) dair xarici mətbuatda məqalə yer alsa da, istənilən halda ölkəmizin qazancı yayım hüququ, bilet satışı və turist axınına görə daha çox olub. Məsələn, Arif Rəhimov dünən Bakıda keçirilmiş “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” adlı konfransdakı açıqlamasında 2016-2017-ci il aralığında Azərbaycanım “Formula-1”dən 280 milyon dollar qazanc götürdüyünü bildirib. Böyük ehtimalla, ilbəil turistlərin axınının çox olduğunu nəzərə alsaq, bu rəqəmin ildən ilə artdığını da demək mümkündür.

Qeyd edək ki, “Formula-1” yarışları 1950-ci ildən bəri keçirilir və bu yarışlar dünyanın ən prestijli avtoidman çempionatı olmaqla yanaşı, həm də ilboyu keçirilən ən məşhur idman seriya yarışlarıdır. 2019 FIA “Formula-1” dünya çempionatı mart ayından başlayaraq noyabradək davam edəcək. Çempionat dörd qitəni əhatə edir və hər ölkədə biri olmaqla, ümumilikdə 21 ölkədə yarış keçiriləcək.

“Formula-1” ABŞ-ın 5 milyard dollar gəlirə malik “Liberty Media” Korporasiyasının tərkibində fəaliyyət göstərən “Formula-1” Şirkətlər Qrupuna daxildir. 

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri