15 
Fev
2019
12:01
62
17
1709
Virtual karabakh

Bakıdakı Dünya Kubokunda Azərbaycanı təmsil edəcək idmançılar bilindi

15 Fev, 2019
12:01
1709

Bakıdakı Dünya Kubokunda Azərbaycanı təmsil edəcək idmançılar bilindi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Gimnastika Federasiyası 2019-cu ilin 16-17 fevral tarixlərində batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kubokuna hazırlaşır.

Oxu.Az xəbər verir ki, yarışlara qeydiyyat siyahısına əsasən, kubokda otuz ölkənin 200-ə yaxın gimnastının mübarizə aparacağı gözlənilir. 

Qeyd edək ki, 2019 və 2020-ci illərdə Tokio Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli səkkiz Dünya Kuboku keçiriləcək. Paytaxtımız isə bu kuboklardan ikisinə (2019, 2020) ev sahibliyi edəcək.

Xatırladaq ki, ötən il Bakıda 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə Avropa çempionatı, daha öncəki illərdə isə Dünya Kubokları (2016-cı il 17 ölkə, 2017-ci il 15 ölkə) keçirilib. Bu il baş tutacaq yarışa marağın səbəbinin isə kubokun təsnifat xarakterli olmasından irəli gəldiyini demək olar.

Bu kubokda iştirak edəcək gimnastların adları da artıq açıqlanıb. Belə ki, Tokio Olimpiadasına təsnifat xarakteri daşıyan və batutçular üçün ilin ən vacib startlarından biri olan bu Dünya Kubokunda belaruslu Vladislav Qonçarov, kanadalılar – Rozana Maklenan, Ceyson Börnet, çinlilər – Dun Dun, Ley Qao, rusiyalı Dmitri Uşakov və böyük britaniyalı Brioni Peyc kimi Olimpiya ulduzları mübarizə aparacaq.

Bakı tamaşaçısı isə ilk dəfə olaraq, Milli Gimnastika Arenasında bu qədər sayda olimpiya mükafatçılarının möhtəşəm çıxışlarını canlı izləyə biləcək.  

Ölkəmizi isə batut yarışlarında qadınlar arasında sinxron proqramda son Avropa çempionatının gümüş medalçısı Veronika Zemlyanaya, kişilər arasında sinxron və fərdi proqramlarda Ruslan Ağamirov, İlya Qrişunin, Oleq Piunov və tamblinq cığırında Avropa çempionumuz (2018-ci il) Mixail Malkin təmsil edəcək.

İki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri baş tutacaq.

Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Biletləri Arenanın kassasından, həmçinin, onlayn (https://ticketing.mga.az/) əldə etmək mümkündür. Təsnifat günü üçün biletlərin qiyməti 10 manat, final günü üçün isə 15 manat təşkil edir.

Qeyd edək ki, sabah yarışlar saat 10:00-da başlayacaq açılış mərasimindən sonra start götürəcək. Final mərhələsi isə fevralın 17-də saat 12:00-dan sonra olacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri