13 
May
2019
16:27
254
38
5622
Virtual karabakh

Çingiz Abdullayev Kloppa və ingilislərə: Centlmenlər, ədalətli danışmırsınız

13 May, 2019
16:27
5622

Çingiz Abdullayev Kloppa və ingilislərə: Centlmenlər, ədalətli danışmırsınız

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış azərbaycanlı yazıçı Çingiz Abdullayev öz sosial şəbəkə səhifəsində “Liverpul” klubunun çalışdırıcısı Yurgen Kloppun Bakıda keçiriləcək Avropa Liqası finalı ilə bağlı dediklərinə etiraz edib.

Ç.Abdullayev bununla bağlı “Facebook”da status paylaşıb:

“Liverpulun məşqçisi Yurgen Klopp mütləq peşəkardır, dahi mütəxəssisdir. Bu, həqiqətən, belədir. Ancaq onun (finalın keçirilməsi üçün) Bakının seçilməsi ilə bağlı dedikləri mənim heysiyyətimə toxunub. “Görəsən, final matçının keçirilməsi üçün Bakını seçən zaman səhər yeməyinə nə yeyiblər?”, - deyə Klopp soruşub.

İndi mən Cənab Kloppdan soruşmaq istəyirəm. Mənim ölkəmin ünvanına belə ədəbsiz ifadələr işlədən zaman o, özü səhər yeməyinə nə yemişdi? Alman əsilli Kloppa xatırlatmaq istəyirəm ki, millətçi-sosializm ideologiyasının kökündə elə millətlərin “ariyalılar”a və məhvə mübtəla olan ikinci dərəcəli millətlərə bölünməsi dururdu.

Bütün slavyanlar, yəhudilər və qaraçılar. Yox, əlbəttə ki, o, belə vəhşi bəyanatlarla çıxış etmir. Ancaq dediklərindən digər ölkə və ya xalqa qarşı güclü elementar etinadsızlıq qoxusu gəlir.

İndi isə Britaniya XİN-nin bəyanatı barədə. Böyük Britaniya sivilizasiyanın inkişafına xüsusi töhfə verib. Öz dili, tarixi, ədəbiyyatı, musiqisi və elmi ilə. Mənim bu ölkəyə bəslədiyim hörmət sonsuzdur.

Ancaq turistləri Bakıda gecə saatlarında üzləşə biləcəkləri hücumlarla bağlı xəbərdar etməsi, həddən artıq nəzakətsiz görünür. Mənə son illər xarici vətəndaşların soyulduğu bar və restoranların adlarını çəkin. Heç olmasa bir neçəsini... Yoxsa Bakının Londondan daha təhlükəsiz şəhər olduğunu sübut etməliyik? Londonun, həqiqətən, elə rayonları var ki, ora gecə saatlarında daxil olmaq məsləhət deyil. Ancaq Bakı bu gün MDB məkanının ən təhlükəsiz şəhərlərinəndir.

Son illər ərzində “n” qədər beynəlxalq tədbir keçirmişik, bu tədbirlər dünyanın dörd bucağında yayımlanıb. Haradasa xaricilərlə bağlı insident barədə heç nə eşitməmişəm. Bunun əksini eşitmişəm. Çılğın ingilis azarkeşlərindən ehtiyatlı olmaq lazımdır. Onların bəzilərini artıq Avropa ölkələrinə belə buraxmırlar. Yaxşı deyil, centlmenlər. Ədalətli danışmırsınız.

Mən nə populist vətənpərvər, nə də millətçiyəm. Ancaq kimsə mənim ölkəmi və ya xalqımı nümayişkaranə şəkildə təhqir edəndə, buna lal-dinməz qala bilmirəm”, - deyə yazar narazılığını ifadə edib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri