14 
May
2019
12:20
70
46
1918
Virtual karabakh

AFFA rəsmisi: Klublara on min bilet verilsə, stadionda boş yerlər qala bilər

AFFA-nın baş katibi Elxan Məmmədov bəzi xarici media orqanlarında Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə bağlı dərc olunan etirazları şərh edib. 

O, fikirlərini  İTV-nin canlı efirində bölüşüb. 

İlk olaraq, baş katib biletlərin sayı məsələsinə aydınlıq gətirib:

“Biletlərin sayı ilə bağlı biz UEFA-ya tövsiyələrimizi verdik və bununla bağlı müzakirələrdə obyektiv cavab aldıq. Çünki klublar da bu məsələni qaldırmışdı. Təşkil olunmuş görüşdə klublar yaxşı mənada təzyiq göstərirdilər.

Tələb edirdilər ki, onlara daha çox bilet versinlər. Biz də klubların tərəfini saxlayırdıq. UEFA-nın çox obyektiv səbəbləri var. Klubların hər birinə altı min bilet verilir, çünki həmin klub sübut etməlidir ki, bu sayda azarkeş gələcək. İkinci məsələ isə “qara bazar”ın qarşısını almaqdır. 

Çünki UEFA on min bilet təqdim eləsə, sonda səkkiz min azarkeş gəlsə, onda iki min bilet “qara bazar”da olacaq və yaxud stadionda iki min yer boş qalacaq. Bu, o deməkdir ki, yerli azarkeşlər stadiondan kənarda qaldığı halda stadionun daxilində boş yerlər olacaq. Bu, çox obyektiv fikirdir və əslində, UEFA-nın bununla bağlı çox zəngin təcrübəsi var”. 

E.Məmmədovun sözlərinə görə, təcrübə göstərir ki, əsl azarkeş üçün məsafə önəmli deyil:

“Dünya çempionatı Rusiyada keçirildi, 2022-ci ildə bu yarış Qətərdə keçiriləcək, bir vaxtlar Yaponiya və Braziliyada təşkil edilib. Azarkeşlər bu məsafəni rahat qət edirdilər. Bakı da Avropanın bir hissəsidir. Bu gün vacib məsələ futbolu Qərbi Avropanın sərhədlərindən çıxarmaq, başqa Avropa ölkələrinə, Şərq ölkələrinə imkan yaratmaqdır”.

AFFA-nın baş katibi futbolun müxtəlif imkanlar yaratdığını bildirib:

“Fikrimcə, bu futbol oyunundan sonra daha çox uşaq sağlam həyat tərzi seçəcək. Futbolda gender balansını qorumaq imkanı yaranacaq. Qızlar da futbol oynayacaq və bu idman növünə maraq göstərəcəklər. Yaşlı insanlar da sağlam həyat tərzini seçəcəklər. Təbii ki, biznes həyatı üçün böyük imkanlar yaranacaq” . 

O əlavə edib ki, bu cür futbol oyunlarının Azərbaycan kimi ölkələrdə keçirilməsi müsbət haldır. 

“Biz bu gün Avropaya futbolçu da, idman menecerləri də verə bilərik. Təcrübə göstərir ki, Bakı şəhəri bu cür kütləvi tədbirlərə ev sahibliyi etməyi bacarır. Biz bu tədbirdən də lazımi təcrübə qazanacağıq.

Onu da qeyd edim ki, bizim təşkilat komitəsində yalnız yerli mütəxəssislər işləyir. Əməliyyat komitəsində əcnəbilər yoxdur. Çünki biz artıq 2012-ci ildən bugünədək kifayət qədər təcrübə toplamışıq. 17 yaşadək qadınlararası dünya çempionatı, Avropa oyunları, İslam Həmrəyliyi oyunları, “Formula-1” kimi yarışlar keçirmişik”, - baş katib qeyd edib. 

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri