İyn
2019
15:41
394
92
11789
Virtual karabakh

“Dəmir qız”: Evlənəcəyim şəxs fəxr etməlidir ki, bara yox, zala gedirəm - FOTO/VİDEO

7 İyn, 2019
15:41
11789

“Dəmir qız”: Evlənəcəyim şəxs fəxr etməlidir ki, bara yox, zala gedirəm - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir müddət Niderlandda məşq etdikdən sonra Bakıya qayıtmış, Azərbaycanı peşəkar MMA-da təmsil etmiş “Dəmir qız” (“Iron Girl”) Suad Səlimovanın Oxu.Az-a müsahibəsi:

– Əvvəlcə oradan başlayaq ki, adınızı kim qoyub, mənası nədir?

– Suad ərəb ismidir, “xoşbəxtlik” deməkdir. Anamın bu addan xoşu gəlirmiş, mənə o qoyub.

– İdmana nə vaxt başlamısınız?

– 16 yaşım olanda. Uşu-sanda ilə məşğul olmağa başladım. İlk məşqçim Ramin Allahverdiyev olub.

– Amma bildiyimizə görə, əvvəllər gimnastika və karate ilə də məşğul olmusunuz...

– Bəli, kiçik olanda anam mənim gimnastika ilə məşğul olmağımı istəmişdi. Amma sonra gördüm ki, bu, çox incə bir idman növüdür və mənlik deyil. Məktəbdə qızlar mənə qarşı sərt idi. Onda başa düşdüm ki, mən çox incə qızam və bir qədər kobud olmalıyam. Ondan sonra karateyə keçdim. Həm də bu, mənim genimdən irəli gəlirdi. Çünki atam gənc ikən karate üzrə qara kəmər sahibi olub.

Karateyə keçəndə isə mənə qarşı pis reaksiya oldu. Qardaşım deyirdi ki, bu idman növü qızlar üçün deyil. Amma sonra gördü ki, bu, məni çox xoşbəxt edir və bundan sonra mənə mane olmadı. İndi mənə inanır və dəstəkləyir.

– Niyə karateni davam etdirmədiniz?

– Çünki xoşum gəlmədi. Cəmi iki ay məşq etdim. Ancaq ayaqlarla döyüşməyi sevmirəm. Əl-ayaq zərbələri olduğu üçün uşu-sandaya, daha sonra isə kikboksinqə keçdim. Beşqat Azərbaycan çempionuyam. İndi isə MMA-dayam.

– Bir il Hollandiyada – Amsterdamda yaşamısınız. Necə oldu ki, Hollandiyaya getdiniz?

– Birinci dəfə ora üç aylıq təlim-məşq toplanışına tək getmişdim. Eşitmişdim ki, orada kikboksinq yaxşı inkişaf edib. “Mike Gym”də məşq edirdim. Orada olanda müəllimim Mayk mənə Belçikada kikboksinqdə ikinci peşəkar döyüş keçirməyimə şərait yaratdı. Elə oldu ki, onların zalını, məşq sistemini bəyəndim. Bakıya qayıtsam da, sonra ailə vəziyyətinə görə anamla ora köçdük. Amma orada müvəqqəti yaşayırdıq. İlk dəfə Azərbaycandan bir idmançı onların zalında məşq edirdi. Oradakılar da məni çox sevirdi. Çox şad oldular ki, Azərbaycandan da bir qız orada məşq keçir.

– Bu, həm də bir neçə dəfə Zabit Səmədovla döyüşmüş Badr Harinin məşq keçdiyi zaldır?

– Bəli. Onu orada görüb şəkil də çəkdirmişəm. Məşhur idmançı olmasına baxmayaraq, çox sadə insandır. Mənim Azərbaycandan olduğumu biləndə Zabit Səmədovu xatırladı.

– Peşəkar kikboksinqdə ən yüksək turnirlərdən biri “Glory” sayılır. Orada iştirak etmək şansınız necədir?

– Şans həmişə var. Əsas odur ki, irəli gedəsən və bunu istəyəsən. Buna inanmaqla bərabər, çox məşq etməlisən. Maykın “Glory” ilə çox yaxşı əlaqələri var. Ancaq mənim əsas fikrim MMA-dır. UFC və ya “Bellator”da öz gücümü sınamaq istəyirəm.

– Ötən ilin dekabrın 22-də İtaliyanın paytaxtı Romada ilk peşəkar MMA döyüşünüzü keçirdiniz. Bu barədə danışardınız...

– Rəqibim yerli idmançı Maria Vittoria Kolonna idi. Onun, məndən fərqli olaraq, təcrübəsi vardı. Bu, onun peşəkar MMA-da altıncı döyüşü idi. Onun təcrübəsinə baxmayaraq, istəyirdim ki, peşəkar MMA-da necə vuruşduğumu görüm. İlk dəfə qəfəsdə – oktaqonda döyüşdüm. Əslində, yaxşı çıxış etdim. Üç raund – 15 dəqiqə vuruşdum. O qız iki dəfə məni nokdaun etdi. Bunun nəticəsində hakimlər xalı ona verdilər. Amma mən o döyüşdən sonra özümü yaxşı hiss etdim və başa düşdüm ki, MMA mənim üçündür.

– Bundan sonra sizə MMA-da hansısa döyüşdə iştirak etmək təklifi gəlibmi?

– May ayında Bolqarıstanda döyüşmək təklifi olmuşdu. Amma dedim ki, mənə bir az vaxt lazımdır. MMA-da ancaq zərbə vurmaqla alınmır. Mənə qrapplinqi (güləşə oxşar idman növü – S.M.) də öyrənmək lazımdır. Yaxşı güləşməliyəm ki, qalib gələ bilim. İndi Bakıdayam, bura qrapplinq, güləş şəhəridir. Hazırda öz güləşimi inkişaf etdirirəm. Bakıya yeni gəlmişəm. Bəlkə, Pankration, Qrapplinq və MMA Federasiyasının prezidenti Azad Əsgərovla da görüşdüm. 

– Sponsorlarınız varmı?

– İki sponsorum var. Onlar məni geyim və idman içkiləri ilə təmin edirlər. Ümid edirəm ki, kimsə mənə yenə sponsorluq edəcək. Çünki pulsuz mümkün deyil. Bununla belə, özüm də işləyirəm.

– İdmandan kənar nə işlə məşğulsunuz?

– İngilis və fransız dillərindən dərs deyirəm. Həm Bakıda, həm də Amsterdamda olanda şagirdlərim olur. Hollandiyada rus dilini öyrənmək istəyənlər də müraciət edir. Aya təxminən üç tələbəm olur. Bakı Slavyan Universitetinin “Regionşünaslıq” fakültəsini bitirdiyimdən, bu dilləri bilirəm. Fransız dili ən sevimli dilimdir. Bunu kurslarda öyrənmişəm. Məncə, dünyanın ən yaxşı dili fransız dilidir.

– Bizdə kikboksinq millimizdə türkiyəli Fatma Nehir Rəcəbzadə çıxış edir. Əvvəl onunla rinqdə üz-üzə gəlmisiniz?

– 2016-cı ildə onunla Respublika çempionatında üz-üzə gəlmişik. 52 kq çəki dərəcəsində finalda onu məğlub etmişəm.

– Peşəkar MMA-da yeganə döyüşçümüzsünüz. Bu, hansısa məsuliyyət yaratmır?

– Çox böyük məsuliyyətdir. Həmişə Azərbaycan bayrağı üçün döyüşəcəyəm. Hansı ölkədə olsam da, vətəndaşlığımı dəyişmək istəmirəm və ancaq Azərbaycan adından döyüşmək istəyirəm. Göstərə bilirəm ki, qadın da döyüşə bilər. Çox adam deyir ki, MMA qızlar üçün deyil. Amma mən böyük bir nümunə olmaq istəyirəm ki, qadın gözəl də ola bilər, çox güclü də.

– Sonda şablon suallardan birini verim. Özünüzə bəy seçmək imkanınız olsa, sonra idmanınıza mane olmayan birinə üstünlük verəcəksiniz?

–  Gələcəkdə mənə problem yaradacaq kişini heç vaxt seçməyəcəyəm (gülür). Gələcək həyat yoldaşım idmançı da, pilot da ola bilər. Ancaq məni qəbul edən biri olmaldır. Qısqanc kişi mənə lazım deyil. Əksinə, o, mənimlə fəxr etməlidir ki, hər gün barlara, klublara yox, idman zallarına gedirəm. O qısqancdırsa, bizdə alınmayacaq.

– “Instagram”da üç minə yaxın izləyiciniz var. Oğlanlar sizə yazanda nə cavab verirsiniz?

– Çoxlu kompliment, neqativ şeylər yazan da olur. Amma mənfi şeylərə cavab vermirəm. Çünki əsəblərimi qoruyub-saxlamalıyam (gülür).

Səbuhi MUSAYEV
FOTO/VİDEO: Hüseyn Həsənov

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri