İyl
2019
22:48
169
52
5249
Virtual karabakh

Belarusun Əməkdar idman ustası olan azərbaycanlı ilə – MÜSAHİBƏ

2 İyl, 2019
22:48
5249

Belarusun Əməkdar idman ustası olan azərbaycanlı ilə – MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cüdo üzrə iki dəfə dünya və Avropa çempionatının bürünc mükafatçısı, sambo üzrə ikiqat dünya, beşqat Avropa çempionu, Belarusun Əməkdar idman ustası, Belarus Azərbaycan İcmaları Konqresinin sədri, dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilmiş Natiq Bağırov Oxu.Az-a müsahibə verib.

Tanınmış idman xadimi Avropa Oyunları və 2017-ci ilin sonlarından başlayan Azərbaycandakı qısa məşqçilik karyerası barədə danışıb.

– II Avropa Oyunlarının təşkilatçılığı istədiyiniz formada keçdimi?

– Açılış mərasimi, yarışların təşkilatçılığı yüksək səviyyədə idi. Belarusda yaşayan azərbaycanlı kimi mənim üçün qürur hissidir ki, Azərbaycandan sonra Belarus da II Avropa Oyunlarını yüksək səviyyədə keçirə bildi. Mən şəxsən hər şeydən razı qaldım. İdmançılarımız da burada layiqincə iştirak etdi.

– Ötən il boyunca Azərbaycanın qadın cüdo millisini çalışdırmısınız. Həm kişi, həm də qadın cüdo millimizin çıxışını necə qiymətləndirirsiniz?

– Əfsuslar olsun ki, bu növdə qızıl medal qazana bilmədik. Cüdo komandamız çox güclüdür. Buna görə də hər bir idmançımızdan, əsasən də kişilərdə Rüstəm Orucov, Hidayət Heydərov, Elmar Qasımovdan, qadınlarda isə İrina Kindzerskayadan qızıl medal gözləyirdim. Onların qazandığı gümüş və bürünc medallar mənim üçün gözlənilməz oldu. Rüstəm bir az da hakimlərin səhvinə görə, qızıl medaldan məhrum edildi. Onun özünün də finalda taktiki səhvləri oldu.

– İrina Kindzerskaya finala çıxa bilərdi. Lakin o, yerli idmançı, sonradan Avropa Oyunlarının qalibi olan Marina Slutskaya ilə görüşün sonlarında vaza-ari fəndinə düşdü və uduzdu. Sabiq tələbənizin səhvi barədə nə deyə bilərsiniz?

– Ümumiyyətlə, onun rəqibi daha əvvəl də Avropa çempionu olmuşdu. Lakin İrina ondan bir baş üstündür, güclüdür. Mənim fikrimcə, İrina Marinaya taktiki səhvlərinə görə uduzdu. İrina onunla taktiki güləşməməli idi. O, ancaq hücumda olmalıydı, müdafiə barədə düşünməməliydi. Ondan bir baş üstün olduğu halda, rəqibi ilə taktiki cəhətdən güləşməsi düzgün deyildi. Hücumda olsaydı, ya xal qazanacaqdı, ya da rəqibi üç dəfə xəbərdarlıq alıb uduzacaqdı.

– Sizin millimizdən getməyinizdən mətbuat yalnız mayda Bakıda keçirilmiş “Böyük Dəbilqə” turnirində xəbər tutdu. Bu, necə baş verdi? Qarşılıqlı anlaşma olmadı?

– Belə qərara gəldik ki, yığmadakı işimi davam etdirməyim. Federasiya ilə müqaviləm başa çatmışdı, sadəcə yeniləmək lazım idi. Amma özüm davam etmək istəmədim. Fikrimcə, “Böyük Dəbilqə”yə qədər baş məşqçilik etdiyim dönəmdə qızlar millisində irəliləyiş oldu və yığmanı hansısa səviyyəyə qaldıra bildik.

– Elə isə federasiya sizinlə nə üçün yeni müqavilə bağlamaq niyyətində olmadı?

– Bu barədə danışmaq istəmirəm.

– Avropa Oyunları üçün boynunuzdan asdığınız akkreditasiya vəsiqəsində “Sambo Federasiyası” yazılıb…

– Bu yarışlarda Avropa Sambo Federasiyasının təşəbbüsü ilə iştirak etdim. Tək sambo yox, digər yarışlarda da oldum. Azərbaycan yığmalarına azarkeşlik edirəm.

– Bakıdan qayıtdıqdan sonra Belarus Cüdo Federasiyasında rolunuz varmı?

– Xeyr. Ancaq hərdən öz köməkliyimi göstərirəm. Rəsmi olaraq ora ilə əlaqəm yoxdur. Amma idman sahəsində işsiz də sayılmıram. Həyatım təyyarələrdə keçir. Hazırda Monqolustana gedirəm. Cüdo və samboya dair konsultasiyalarda iştirak edirəm.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri