10 
İyl
2019
19:02
66
49
1721
Virtual karabakh

Aftandil Hacıyev: Komanda hələlik tam istədiyimiz səviyyədə deyil

İnanırıq ki, debüt mövsümümüzdə layiqli şəkildə mübarizə aparacağıq. Bizim üçün böyük təcrübə olacaq.

Oxu.Az xəbər verir ki, bunu “Səbail”in baş məşqçisi Aftandil Hacıyev UEFA Avropa Liqasının I təsnifat mərhələsində Bakıda Rumıniyanın “Universitatya” komandasına qarşı keçirəcəkləri ilk matç haqda danışarkən söyləyib.

38 yaşlı mütəxəssis “ASCO Arena”da baş tutan mətbuat konfransında rəqibin güclü olduğunu bildirib: “Rəqib haqda müsbət sözlər deməyə məcburam. Püşk zamanı potensial rəqiblərimizdən ən güclüsü düşdü. Amma ruhdan düşmürük. Az səhv etsək, istədiyimiz oyunu nümayiş etdirə bilərik. Mövsüm bitəndən sonra 11 futbolçu ilə yollarımızı ayırdıq. Bəziləri biz istəməsək də, getdilər. Onların yerinə 6-7 futbolçu cəlb etdik. Hələlik istədiyim rəqabəti komandamda görə bilmirəm. Amma təcrübəli oyunçularımıza güvənirik. Onların təcrübəsindən faydalanacağımza inanırıq. Rəqibin baş məşqçisi yeni olsa da, altı ildir bu klubdadır. İnanmıram ki, sistemi dəyişələr. Yüksək pressinq tətbiq edən futbolçulara malikdirlər. Bunların qarşısını alıb, rəqibi təəccübləndirməyi düşünürük. 11 futbolçumuz getdiyi üçün komplektləşmə gec alındı. Uyğunlaşmaq üçün zaman lazımdır. Hələlik tam istədiyimiz səviyyədə deyil”.

Hacıyev deyib ki, avrokubokda debüt etmək onların üzərinə təzyiq yox, məsuliyyət qoyur: “Səbail” üç ildir yaranıb və avrokuboka düşməyin özü klub üçün uğurdur. Mövsüm başlamazdan öncə rəhbərlikdə danışdıq. Strategiyamızı legionerləri azaldıb yerli oyunçuların sayını artırmaq üzərində qurmağa qərar verdik. Mirabdulla Abbasovun da özünü göstərməsini istərdik. İstədiyimiz nəticə ən azından məğlub olmamaqdır. Bundan sonra səfər matçı haqda düşünəcəyik. Arxa xətdə səhv etməmək üçün müəyyən planlarımız var. Ən böyük problemimiz qapıdır. Aleksandr Rıbka və Kamal Bayramov zədəlidir. Daniel Bojinovski və ya Elxan Əhmədova şans verəcəyik”.

Qeyd edək ki, sabah “ASCO Arena”da keçiriləcək “Səbail” - “Universitatya” (Krayova) oyunu saat 20:00-da başlayacaq. Bu komandalar arasında cavab matçı iyulun 18-də Krayovada olacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri